Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın dəri əlcək sahibi mübarizə aparır. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən turnirdə muxtar respublikanın şəhər və rayonlarının dəri əlcək sahibləri iştirak edirlər.
Turnirdə 2000, 2001, 2002-ci illər təvəllüdlü yeniyetmələr, gənclər və böyüklər 10 çəki dərəcəsində rinqə çıxıblar. Qaliblər 40, 45, 50, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqram çəki dərəcələrində müəyyənləşəcək.
Turnirin ilk günündə hər çəki dərəcəsində mübarizə aparan boksçular final yolunda rinqə çıxacaqlar. Həlledici qarşılaşmalar isə bu gün keçiriləcək.
Qeyd edək ki, dünən keçirilən döyüşlərdən sonra iştirakçılar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Xəbərlər şöbəsi