22 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi ilə keçilən videodərslər davam edir.
COVİD-19 pandemiyası səbəbilə onlayn şəkildə keçilən dərslərdə federasiyanın bütün şagirdləri iştirak edirlər. İnternet resurslarından yararlanan zəka sahiblərinə dərslər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi, qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Talıb Babayev tərəfindən tədris olunur. Videodərslərin təşkilində məqsəd şahmatçıların evdə asudə vaxtlarının səmərəli təşkilinə və məşğələlərdən geri qalmamasına nail olmaqdır.

Onlayn şahmat dərslərində ikiqat dünya çempionu, qrossmeyster İlahə Qədimova da bilik və bacarıqlarını gənc zəka sahiblərinə aşılayıb. Beynəlxalq usta Talıb Babayevin “Cinahdan oyun” adlı videodərsində isə şahmatçılara “cinahdan necə oyun qurulmalıdır?” sualına aydınlıq gətirilib. Urfan Sevdimalıyev tərəfindən hazırlanan “Sonluq taktikası” mövzusunda videodərs keçilib. Növbəti videodərsdə Aleksandr Alyoxin və Raul Kabablanka oyununun analizi təqdim edilib.
Həftənin bütün günləri keçilən videodərslərlə yanaşı, Şahmat Federasiyası tərəfindən mütəmadi olaraq onlayn şəkildə blits, bullet (sürətli şahmat) turnirləri və yoldaşlıq görüşləri də təşkil edilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Mersinin Modern, Grand Master və Şah Şahmat klublarının şahmatçıları arasında rapid turnir də keçirilib. Şahmat Federasiyasının şahmatçıları ilə Ankara Dövlət Su İşləri Şahmat Klubunun zəka sahibləri arasında internet üzərindən canlı dostluq görüşü də təşkil olunub.
Ötən gün isə Şahmat Federasiyasının, Modern, Grand Master və Olbia Şahmat klublarının, Ankara DSİ Gənclik və İdman dərnəyinin və Şah Şahmat Klubunun şahmatçıları arasında blits turniri təşkil olunub. 3+2 dəqiqəlik yarışın iştirakçıları chess.nax.az saytına daxil olaraq qeydiyyatdan keçib və oyunda iştirak ediblər. Qeyd edək ki, bu, klub şahmatçılarının artıq ikinci qarşılaşmaları olub.
Federasiyanın zəka sahibləri arasında ötən gün rapid, blits və bullet turniri olub. Turnirdə iştirak etmək istəyən şahmatçılar elektron şəkildə qeydiyyatdan keçməklə mübarizəyə qoşulublar.
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı ilə internet üzərindən şahmat yarışı təşkil edilib. Yarışda Azərbaycan komandası ilə Türkiyədə yaşayan azərbaycanlı şahmatçılarımız qarşı-qarşıya gəliblər. Urfan Sevdimalıyev də Azərbaycan komandasının heyətində mübarizə aparıb.
Azərbaycanda şahmatın təbliği və inkişafı, pandemiya şəraitində şahmatçıların oyun praktikasının saxlanması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə internet üzərindən şahmat üzrə bullet birinciliyi keçirilib. Turnirdə FİDE əmsalı 2200-dən yuxarı, qadınlardan isə 1900-dən yuxarı olan şahmatçılar iştirak edib. Həmçinin 2016-cı ildə 16 yaşa qədər yeniyetmələr arasında keçirilən Ümumdünya şahmat olimpiadasının qalibləri, son üç ildə keçirilmiş yaş qrupları üzrə Dünya və Avropa birinciliklərinin qalibləri və mükafatçıları, oğlan və qızlar arasında 2019-cu il Azərbaycan çempionatının (8-18 yaş) qalib və mükafatçıları mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 5 zəka sahibi də birincilikdə zəka gücünü sınayıb. Onlar arasında ən uğurlu nəticə göstərən 1-ci Azərbaycan çempionatının iştirakçısı şahmatçımız Urfan Sevdimalıyev olub.
Qeyd edək ki, Şahmat Federasiyası tərəfindən dərs və turnirlər mütəmadi olaraq təşkil edilir. Dərslər və yarışlar federasiyanın rəsmi youtube kanalına yerləşdirilir.

Ceyhun Məmmədov

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR