22 Oktyabr 2024, Çərşənbə axşamı

Gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir.

İdmanın insana təsiri çox böyükdür. Belə ki, 2000-ci illərin əvvəllərində baş vermiş bir hadisə bunu çox bariz şəkildə göstərmişdir. Hindistanın ucqar bir kəndində cinayətkarlıq səviyyəsi çox yüksək olsa da, son dövrlərdə bu səviyyə kəskin düşmüşdü. Dövlət rəsmiləri bu irəliləmənin səbəbini bilmək üçün kəndə heyət göndərmişdir. Nəticədə məlum olmuşdur ki, həmin kənddən olan bir tələbə kənd camaatına şahmat oyununu öyrətmiş, məhz bundan sonra oyuna maraq o dərəcə artmışdır ki, kənddə olan hər kəs şahmat oynamağa və aralarında yarış keçirməyə başlamışdır. Nəticə etibari ilə idmanın insan psixologiyasına müsbət təsiri özünü göstərmiş və kənddə zorakılıq, quldurluq halları maksimal səviyyədə aşağı düşmüşdür. Bu fakt idmanın möcüzələr yaratmağa qadir olduğunun ən yaxşı nümunələrindən biridir.

İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.Tibb sahəsində yazılmış “Sinirlərin məşqi” kitabında nevrozların müalicəsində idmanın istifadəsi haqda geniş məlumat verilmişdir.

Təsadüfi deyil ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün “yaşıl işıq” rolunu oynayır. Uşağın sağlamlığına göstərilən diqqət çox erkən – uşaq bağçasından başlanır. Uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə onların gələcək həyata hazırlanmalarında uşaq bağçalarının rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti  bu müəssisələrə xüsusi qayğı ilə yanaşır,  uşaqların fiziki və mənəvi tərbiyəsi üçün orada hər cür şərait yaradır.  Bu sahədə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına başlanılır. Bu iş müntəzəm davam etdirilir və nəhayət, uşaqlara fərdi yanaşılır. Bağçalarda fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, meydançalar var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlıq səviyyəsini öyrənmək məqsədi ilə müayinələr aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, sağlamlığına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və sair fikir verilir. Bu cür müayinələrin aparılmasında məqsəd bağçaya qəbuledilən uşaqların problemlərini öyrənməkdir.

Bu gün Azərbaycan ailəsində fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır.Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər

Ailədə tərbiyə funksiyasını yerinə yetirən zaman valideynlər bədən tərbiyəsi və idmanın təbliğatçılarına çevrilirlər. Bu funksiya valideynlərin fiziki tərbiyə və idmana böyük maraq bəsləyən uşaqların mənəvi və hətta, maddi baxımdan həvəsləndirmələrini nəzərdə tutur. Hər bir uşaq idmanın bu və ya digər növünə yararlı olub-olmaması baxımından, özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də valideyn bədən tərbiyəsi müəllimi və məşqçinin köməyi ilə övladının bu və ya digər idman növündə qabiliyyətini müəyyən etməlidir. Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada

əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür. Müasir dövr bədən tərbiyəsi və idmanın yeniyetmələrin gündəlik məişətinə geniş daxil edilməsini, bu işdə ailənin oynadığı rolu nəzərə almağı tələb edir. Bunların uğurlu həlli bir sıra şərtlərin və vasitələrin həyata keçirilməsini tələb edir, həm də ailənin pedaqoji imkanları ilə sıx bağlıdır. Bura ailənin güzəranı, ailə üzvlərinin idmana münasibəti, ailənin idman təşkilatları ilə əlaqəsi, bu əlaqənin xarakteri və sistemi; valideynlərin peşə təcrübəsi xüsusiyyətləri və sair daxildir. Ata-anaların pedaqoji mədəniyyətinin səviyyəsi pedaqoji maariflənmənin istiqamətindən, onun düzgün aparılmasından da çox asılıdır. Pedaqoji maariflənmə sahəsində aparılan məqsədyönlü iş nəticəsində ölkədə valideynlərə fiziki tərbiyə məsələlərinə dair elmi-pedaqoji biliklər, bədən tərbiyəsi və idmana dair müəyyən bacarıq və vərdişlərin aşılanması yolları öyrənilir və tətbiq edilir. Pedaqoji mədəniyyətin səviyyəsini bu və ya digər dərəcədə ata-ananın fərdi xüsusiyyətləri, həyat təcrübəsinin zənginliyi müəyyən edir. Ailə şəraitində fiziki tərbiyənin təşkili sahəsində müvafiq səriştəyə malik olmaq, övladlarının fiziki tərbiyəsinə dair zəruri biliklərə yiyələnmək ailədə idmana marağı artırır.Ailə şəraitində fiziki tərbiyənin təşkili üzrə iş pedaqoji hazırlıq məsələsi ilə qırılmaz surətdə bağlıdır. Ata-anaların pedaqoji hazırlığı isə onların nəzərdən keçirdiyimiz məsələyə münasibətləri və bu istiqamətdə praktik fəaliyyətləri ilə sıx əlaqədardır. Öz övladının sağlamlığını düşünən hər bir valideyn övladında fiziki hərəkətlərin yerinə yetirilməsinə maraq yaratmalıdır. Mütəxəssislər hesab edirlər ki, ata-analar övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana olan ilkin maraqları sönməsin. Bəzən uşaq bu və ya digər fiziki hərəkətləri düzgün yerinə yetirməyən zaman lağa qoyulur, nəticədə, həvəsdən düşür. Bu, ailə şəraitində fiziki tərbiyənin inkişafını əngəlləyən amillərdən biridir. Ailədə valideynlər oğul və qızlarının fiziki tərbiyəsi ilə məşğul olarkən, eləcə də bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən onun pedaqoji ustalığı, səriştəsi daha da təkmilləşir, nəticədə yeni bacarıq və vərdişlər qazanırlar. Əlbəttə, bunun başlıca səbəbi odur ki, ata-anaların əksəriyyəti bədən tərbiyəsi və idmandan sağlamlıq vasitəsi kimi istifadə etməyi bacarmır. Validenylərə kömək göstərmək, bədən tərbiyəsi və idmana dair bilik və məlumat vermək vacibdir. Bu məsələnin müsbət həlli ata-anaların bədən tərbiyəsi və idman haqqında düzgün maarifləndirilməsidir.

Əlbəttə idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil.Müasir dövrümüzdə idman yaşlı əhali arasındada güclü mövqe tutub. İdman klubları, fitness klubları və s. açılır.Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsinə çevrilir. İdman üçün müxtəlif avadanlıqların bolluğuda bu sahəyə marağı günü-gündən artırır. Çox sevindirici haldır ki, bu gün istəyimizə və imkanlarımıza uyğun idman seçə bilirik. Hərəkət həyatdır!Əslində, bütün həyatımız bir hərəkətdir və idman haqqında danışırıqsa, bu hərəkət aktivdir və buna görə sağlam bir həyatdır. Ancaq ən başlıcası, idman yük deyil, bir zövq olmalıdır, ən yaxşı sevdiyiniz idman növünü seçməlisiniz. Məsələn, kimsə roller və ya konkisürmə, bəziləri tennis və ya üzgüçülüyə üstünlük verir, kimsə velosiped sürmək istəyir.

İdman bizi nəinki sağlamlaşdırır, həm də özünə inam hissi verir. Ümumiyyətlə biz aktiv bir həyat tərzi ilə daha enerjili oluruq ki, bu da hüceyrələrin cavanlaşmasına və metabolizmaya təsir göstərir. Bəzi insanlar idmanı sağlamlıqlarını qorumaq üçün vəzifə, bir borc hesab edirsə, idmanın bir əyləncə növü olduğuna inanan insanlar da var, çünki çox böyük fiziki səy tələb etməyən xeyli idman növü var. Həqiqətən sağlamlığından narahat olan bir insan üçün idman etmək  üçün heç bir maneə yoxdur.     

İdmanın insan həyatında rolu hər zaman yüksək qiymətləndirilmişdir. Dahi yazıçımız Yusif Vəzir Çəmənzəminli “Qızlar bulağı” romanında idmanın xalq məişətinə daxil olub geniş kütlə arasında yayılması haqqında çox geniş məlumat vermişdir. Və yaxud böyük rus alimi Pavlov deyirdi:“Təbiətin ən ali məhsulu olan insan ən mürəkkəb və ən zərif sistemdir. Lakin təbiətin sərvətindən istifadə etmək üçün insan sağlam, qüvvətli və ağıllı  olmalıdır. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmalıdır”.

Sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında idmanın hərtəfəli inkişaf etdirilməsinə dövlət səviyyəsində yüksək qayğı var. Son illərdə muxtar respublikamızın bütün bölgələrində yeni idman infrastrukturu yaradılıb, mövcud olanlar əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. İndi qədim diyarımızda idmanın müxtəlif növlərini özündə birləşdirən federasiyalar fəaliyyət göstərir. Hazırda yüzlərlə uşaq, yeniyetmə və gənclər bu federasiyaların tərkibindəki bölmələrdə idmanla məşğul olurlar. Təsadüfi deyil ki, idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində muxtar respublikada yeni idmançılar nəsli yetişir və hər il bu idmançılar müxtəlif yarışlarda Naxçıvanımızı yüksək səviyyədə təmsil edərək çoxsaylı medallar qazanırlar. İnanırıq ki, idmana olan bu sevgi tezliklə onun daha da kütləviləşməsinə şərait yaradacaq.

Xatın AĞAYEVA

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR