Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb.
Proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənclər bu müddət ərzində “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” milli intellektual oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıblar. Həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, fotomüsabiqə keçirilib, hər günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Eyni zamanda gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunub.
“Yay məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin fəal gənclərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim olunub.
60 gəncin iştirak etdiyi “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, istirahət mərkəzinin növbəti qonaqları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri olublar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti