29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında cari mövsümdə Azərbaycan Region Liqasında bürünc medal qazanan “Araz-Naxçıvan” futbol komandasını mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə komandanın idarə, məşqçi və futbolçu heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov bildirib ki, bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturunun yaradılması yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını gündən-günə artırmaqdadır. Məlum olduğu kimi, Futbol Federasiyasının strukturunda dəyişiklik edilib, Ali Məclisin Sədri tərəfindən muxtar respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən federasiya mütəmadi olaraq məşqçilərin yığıncaq və seminarlarını təşkil edir. Qarşıdakı mövsümdən etibarən isə uşaq futbol liqalarının yarışlarına start veriləcək.

“Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublikada bir sıra beynəlxalq və ölkə miqyaslı yarışların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda Bakı şəhərində keçirilən Azərbaycan Region Liqasında muxtar respublikanı “Araz-Naxçıvan” komandası təmsil edib və böyük uğura imza ataraq liqanın bürünc medalını qazanıb”, – deyən Məcid Seyidov qeyd edib ki, növbəti mövsümlərdə əsas hədəf qalib olmaqdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə isə çıxışında vurğulayıb ki, bu gün ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun ifadəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi ad qazanıb. Təbii ki, bunun səbəbi yaradılan infrastrukturdur. Naxçıvan Mutar Respublikasında da idman sahəsində qazanılan uğurlar qürurvericidir. Bu qədim diyarın tarixi futbol ənənələri var və bu ənənə yaşadılır. Uzun illər naxçıvanlı futbolçular keçmiş SSRİ yığmalarının heyətində mübarizə aparıblar. Həmçinin “Araz-Naxçıvan” komandası müstəqillik illərində ölkə çempionatında çıxış edib, futbol üzrə Birinci Divizionun qalibi olub. Bu, onu göstərir ki, Naxçıvan hər zaman Azərbaycan futbolu üçün istedadlı futbolçular yetişdirib.
Yaşar Vahabzadə gələcəkdə naxçıvanlı futbolçuların müəyyən yaş qruplarında millimizin heyətinə dəvət olunacağına, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklərinə əminliyini bildirib. O, Azərbaycan Region Liqasında da mübarizə aparan “Araz-Naxçıvan” komandasını qazanılan uğur münasibətilə təbrik edib, gələcək oyunlarda uğurlar arzulayıb.
Çıxışlardan sonra Azərbaycan Region Liqasında uğur qazanan komandanın üzvlərinə diplom və medallar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR