Naxçıvan Muxtar Respublika Stadionunda uşaq futbol məşqçiləri üçün seminar keçirilib.
Muxtar respublikanın Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarda diyarımızın şəhər və rayonlarında çalışan məşqçi-müəllimlər iştirak ediblər.
Əsas məqsəd uşaq futbolunun inkişafında güc məşqlərinin rolu və yeri, eləcə də digər mövzularda müzakirələrin aparılması olub. Seminarda çıxış edən Futbol Federasiyasının uşaq futbolu üzrə kuratoru, məşqçi Sakit Rzayev tədbir iştirakçılarına bu barədə geniş məlumat verib. O, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq onlar arasından istedadlıların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırıb. Kursda məşqçi bacarığından, onun vəzifələrindən, məşqin istiqamətləndirilməsindən, oyun situasiyalarından və müasir futbolda mövcud qaydalardan danışılıb.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti