29 Aprel 2024, Bazar ertəsi

Son illər idmanın inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvanda idmançılar öz bacarıqları, əldə etdikləri nailiyyətləri ilə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya idman kompleksləri, digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib.
Bu gün muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda, eləcə də dünya miqyasında böyük titul və uğurlar qazanan Naxçıvan idman məktəbinin yetirməsi, eyni zamanda muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərovla həmsöhbət olduq.
– Pouerliftinq Bench-Press idman növü ilə nə vaxtdan məşğulsunuz və bu sahəyə maraq sizdə necə yaranıb?
– İdmana uşaqlıqdan çox böyük həvəsim var idi. Əvvəlcə güləşlə, daha sonra sambo və cüdo ilə məşğul olmağa başladım. Bununla yanaşı, paralel olaraq fiziki gücü artırmaq üçün məşqlər də edirdim. Məşqçim Səməd Bağırov mənim fiziki gücümün Pouerliftinq Bench-Press idman növü üçün uyğun olduğunu gördü və mən onun məsləhəti ilə bu sahəyə yönəldim. İlk vaxtlarda çətinliklərimin olmasına baxmayaraq, ciddi hazırlaşdım, 2002-ci ildə muxtar respublikada keçirilən yarışa qatıldım və fəxri pillənin ən yüksək zirvəsinə layiq görüldüm. Bu da gələcəkdə öz üzərimdə daha əzmlə çalışmağım üçün stimul oldu.

– Əli, sizi peşəkar bir idmançı kimi tanıyırıq. Eyni zamanda siz muxtar respublikamızda əcnəbilərin hüquq və azadlıqlarının qarantına çevrilən Dövlət Miqrasiya Xidmətinin əməkdaşısınız. Bu sahəyə gəlişiniz barədə məlumat vermənizi istərdim.
– Kiçik yaşlarımdan insanların hüquq və azadlıqlarının qorunmasına xidmət etmək mənim ən böyük arzum və istəyim idi. Məşğul olduğum idman növündə uğurlar qazandıqca məndə olan bu istək daha da artdı, Dövlət Miqrasiya Xidmətində əmək fəaliyyətinə başladım. Burada çalışdığım illərdə idmana göstərilən qayğını görəndə ikiqat sevindim. Çünki artıq istədiyim işlə, həm də idmanla eyni zamanda məşğul ola biləcəkdim.
– Əlbəttə ki, sizin kimi idman sahəsində böyük uğurlara imza atan əməkdaşın olması Dövlət Miqrasiya Xidmətinin bütün kollektivi üçün qürur hissidir.
– Xidmətin kollektivinin mənə göstərdiyi diqqəti xüsusi vurğulamalıyam. Çünki hər bir idmançını yeni nailiyyətlərə aparan yol ona göstərilən diqqət və inamdan keçir. Kollektivimizin mənə inamını daim hiss edirəm. Hər dəfə yarışa gedəndə əməkdaşlar mənə inandıqlarını, böyük ümidlər bəslədiklərini deyirlər. Bu səbəbdən də məsuliyyətim daha da artır. Yarışlarda uğur qazananda ilk olaraq onlara xəbər edirəm. Hər uğur qazandığımda xidmətin şəxsi heyəti qarşısında təşəkkür elan edilərək qiymətli hədiyyələrlə mükafatlandırılıram. Mənə göstərilən bu diqqət yeni uğurlara imza atmaq üçün stimuldur.
– İdmanla uzun müddətdir ki, məşğulsunuz. Bu illər ərzində, yəqin ki, uğurlarınız da az ­olmayıb...
– Bəli, hər bir idmançının arzusudur ki, yüksək nailiyyətlər və titullar qazansın. Artıq qarşıma qoyduğum məqsədin bir hissəsini həyata keçirməyi bacarmışam. Əvvəldə də qeyd etdiyim kimi, 2002-ci ildə muxtar respublikada ilk çempionluğumu qazandım. Bu uğur karyeramın başlanğıcı oldu. 2010-cu ildə Bakı şəhərində keçirilən Dünya Kubokunda III yerə layiq görüldüm. 2013-cü il isə mənim üçün daha da uğurlu oldu. Belə ki, ilk dəfə paytaxt şəhərimizdə keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi oldum. 2012-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən mənə “İdman ustası” adı verilib. Artıq 8 qat Azərbaycan çempionuyam.
Uğurlardan söz düşmüşkən, bir yarışımı xüsusi vurğulamaq istəyirəm. 2005-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən yarışda dünya ikincisi oldum və bu yarış idman həyatımda silinməz iz buraxdı. Çünki həmin dünya çempionu olan rəqibimlə eyni çəkini qaldırmağımıza baxmayaraq, öz çəkimə görə ikinci yerə layiq görüldüm. Mən yalnız çəki fərqim rəqibimdən nisbətən ağır olduğuna görə dünya ikincisi oldum. 29 may-1 iyun 2019-cu il tarixlərdə isə Xırdalan şəhərində yerləşən “Zirvə” İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq turnirdə iştirak etdim. Azərbaycan, Türkiyə, İran və Gürcüstan komandalarının iştirak etdiyi turnir çox gərgin və çətin keçdi. Lakin buna baxmayaraq, əzmkarlıq göstərib həmin yarışın qalibi kimi qızıl medalın sahibi oldum.
– Bəs bundan sonra istər ölkə daxilində, istərsə də beynəlxalq arenada hansı yarışlarda iştirakınız gözlənilir?
– Bu ilin sentyabr ayında Bakı şəhərində ölkə birinciliyi keçiriləcək. Noyabr ayında isə Finlandiyada dünya çempionatı olacaq. İstər ölkə daxilində, istərsə də beynəlxalq arenada keçirilən yarışlara məsuliyyətlə çalışıram. Düzdür, beynəlxalq yarışın nüfuzu daha çoxdur. Ancaq düşünürəm ki, hər bir idmançı qarşıda gözlənilən yarışlara eyni ciddiyyətlə hazır­laşmalıdır. Hədəflərim böyük olsa da, düşünürəm ki, əlçatmaz deyil. Hazırda məni dünya çempionluğundan bir addım ayırır. Əminliklə deyə bilərəm ki, bu gün dünya çempionu adını qazanmaq üçün həm fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidməti, həm də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bütün imkanlar yaradılıb. Ən böyük arzum Azərbaycanımızın bayrağını beynəlxalq arenada qaldırmaq, Dövlət Himnimizi orada səsləndirməkdir!
– Biz də bundan sonra həm iş fəaliyyətinizdə, həm də idman həyatınızda sizə uğurlar diləyirik.

 Pərviz HACILI

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR