Ömrümüzdən, günümüzdən pay verdiyimiz daha bir il də ötdü, keçdi, beləcə… XXI əsrin Böyük Zəfər tarixinin ikinci bütöv ili – 2021-ci ilində qələbə sevincinin bəhrələrini yaşadıq. Bu sevinci xalqımıza, bütün dünya azərbaycanlılarına yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitlərinə minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara rəhmət diləyirik. Dövlət başçısı cənab İlham Əliyevin doğum günündə işğaldan azad edilmiş ərazilərimizə – Hadrut qəsəbəsinə, Qarabağın tacı, Azərbaycanın ürəyi, mədəniyyət paytaxtımız Şuşaya səfəri də özündə bütün çağırışları ehtiva edir. Şuşanın Cıdır düzündən xalqa həm təbriklərinə, həm də göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən cənab İlham Əliyev bir daha böyük qürur hissi ilə dedi ki, bu gün azad Qarabağda, Zəngəzurdayıq. Bu torpaqların sahibləri öz əzəli dədə-baba yurdlarına qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında bir amal, müqəddəs ideya uğrunda sıx birləşərək bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Azərbaycan yalnız hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də üstünlüyünü bütün dünyaya nümayiş etdirdi.
Dövlətin qətiyyəti, xalqın iradəsi, qüdrətli iqtisadiyyat, güclü ordunun mövcudluğu və xalqla birliyi, bir amal uğrunda həmrəylik, mübarizlik əhvali-ruhiyyəsi istənilən qələbənin qazanılmasında başlıca şərtdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı burada hərbi hissənin açılışındakı nitqində də həmin məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Bu müharibə Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsinin ifadəsidir, Azərbaycan Ordusu müzəffər Ordudur!
Artıq bölgəmizdə yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Ermənistan və 30 ilə yaxın dövrdə ona dəstək verib münaqişənin həllini bilərəkdən uzadan dövlətlər, beynəlxalq təşkilatlar da artıq bu reallıqlarla barışmaq məcburiyyətindədirlər. Barışmaya bilməzlər! 2021-ci ilin yanvarında Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü son bir ildə tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin aydın mənzərəsini təqdim etdi. İşğalçı Ermənistanın ölkəmizin təklif etdiyi sülh müqaviləsini imzalamaqda maraqlı olması bu gün Azərbaycanın rolunu diktə edən tərəf kimi ortaya qoyur. Eyni zamanda iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması, bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini vacib amil kimi öndə saxlamağı tələb edir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını məhz Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlara uyğun atdığı addımlar və qazanılan uğurlar fonunda qeyd edirik. Bunun üçün qürurluyuq.
Son bir ildə bu istiqamətdə görülən işlərə diqqət yetirsək, onların miqyasının ölçüyəgəlməz dərəcədə geniş olduğunu görərik. Bir məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Hansı ərazilər minalardan təmizlənibsə, orada bərpa və quruculuq işləri sürətlə aparılır. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu artıq istifadəyə verilib. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı sevincimizin üstünə daha bir sevinc gətirib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə tikilməsi nəzərdə tutulan üç hava limanının digər ikisinin inşası davam edir. Üç hava limanının inşası, dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Yüz kilometrlərlə avtomobil yolunun reallaşdırılması da quruculuq tədbirləri sırasındadır. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana binaları, idman kompleksləri və mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli quruculuq tədbirləri Böyük Qayıdış çərçivəsində insanların bir daha sevincinə səbəb olacaq. Dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Nəzərdə tutulan dövr ərzində beş milli prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan və olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq həyata keçirilməkdədir. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə əsasında quruculuq işlərinə başlanılıb. Yaxın vaxtlarda isə layihənin tam başa çatacağı gözlənilir. Belə müasir layihələr bütün digər ərazilərdə icra olunacaq. Bu ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası istiqamətində mühüm addımlar atılır. İşlərin kompleks həyata keçirilməsində yeni idarəçilik sistemi əsas rol oynayır.
Bu bir həqiqətdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan davamlı islahatlar yeni mərhələyə qədəm qoymuşdur. Uğurla həyata keçirilən bu islahatlar ən çətin anlarda belə, dövlətin vətəndaşını unutmadığını təsdiqləməklə, ölkəmizdə dövlət-xalq birliyinin daha bir təcəssümü oldu . Həssas sosial qruplara yönələn siyasətdə davamlı və əhatəli münasibət qəbul edilən qərarlarda özünü göstərir. Ölkə başçımızın imzaladığı müvafiq fərman və sərəncamlar bu kateqoriyadan olan 732 min ölkə vətəndaşını əhatə edəcək. Ümumilikdə isə ilin sonunda imzalanan qanunvericilik aktları 2022-ci ildən, təqribən, 2 milyon vətəndaşın sosial rifahına və ailə büdcəsinə müsbət təsir edəcək. Bu rəqəmlər bir daha sübut edir ki, fərman və sərəncamlar kifayət qədər maliyyə tutumludur və həmin qrupdan olan əhalinin sosial rifahını daha da gücləndirəcək.
Son 3 ildə artırılan sosial ödənişlərə diqqət etsək, görərik ki, bu artımların böyük əksəriyyətində nisbət hər hansı faizlə deyil, dəfələrlə olub. Məsələn, əlilliyi olan şəxslərin müavinətini 2019-cu illə müqayisə etsək yeni fərmanla bu fərq 2,2- 2,5 dəfə artırılıb. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində sağlamlıq imkanları məhdudluğa görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. 2022-ci ildən övladlığa götürülən hər uşağa görə 200 manat, sağlamlığı məhdud hər uşağa görə isə 600 manat müavinət ödəniləcək. Yeni sosial baxışdan danışarkən 2019-cu il aprelin 1-də təsis edilən 1-ci dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə, Prezident təqaüdünü xüsusi qeyd etmək lazımdır. Bu kateqoriya üzrə də 60 faiz artım nəzərdə tutulmuş və növbəti ilə bu təqaüdün həcmi 80 manata çatdırılıb. Sosial siyasətin ana xəttində duran torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar sağlamlıq imkanları məhdud olan şəxslər durur. Bu şəxslərin təqaüdləri də cari ilin əvvəlində növbəti dəfə olmaqla, orta hesabla 50 faiz artırılıb. Bu faktlar dövlətin sosial siyasətini əks etdirməklə bərabər, bu siyasətin davamlı inkişafa mühüm töhfəsini göstərir.
Görülən işlər 2022-ci ilə daha böyük inamla, xoş əhvali-ruhiyyə ilə qədəm qoymağa stimul verir. Birliyimiz, həmrəyliyimiz sayəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini də yüksək səviyyədə başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı təmin olunacaq. Bu ərazilərimizin iqtisadi potensialı, ümumilikdə, ölkə iqtisadiyyatına yönəldilməklə dayanıqlı inkişafa böyük töhfələr verəcək. Uğurlarımızın fonunda gələcəyə böyük nikbinliklə baxmalıyıq. 44 gündə 30 ilin işğalına son qoyan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda böyük uğurlar gözləyir. Tam səmimiyyətlə, demək olar ki, görülmüş bu işlər qazandığımız Böyük Qələbəyə bərabərdir və yeni ildə yolumuza işıq saçacaq.
Gülcamal TAHİROVA