29 Mart 2024, Cümə

Müəllim… İlk baxışda sadə bir peşəni xatırlatsa da bu söz, dərin bir məna kəsb edir, əslində. Elə bir məna ki onu Platon “Tanrının şah əsəri” olaraq dəyərləndirib, Henri Bruks Adams isə “əbədiyyətə hökm edən insan”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb, Həzrəti Əli isə “mənə bir hərf öyrədənin qulu olmağa hazıram”, – deyib. Nizami Gəncəvi müəllimi Günəşə bənzədib, Viktor Hüqo isə insanları aydınlığa çıxaran işığa… Daha kimlər, kimlər müəllimlə bağlı dahiyanə fikirlər səsləndirib. İnsan həyatında, mənəviyyatında, insani keyfiyyətlərin formalaşmasında müəllimin əvəzolunmaz əməyi, zəhməti var. Çünki əsl müəllim təkcə bilik verən deyil, məşhur rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun da dediyi kimi, ruhu tərbiyə edəndir...

Bəli, müəllimlik elə bir peşədir ki, bu peşə sahiblərinin ömrü yanar şama bənzəyir. O şam yandıqca ətrafa işıq saçır, nur paylayır. Elə bir nur ki neçə-neçə insanın həyat yolunu işıqlandırır. Elə ömrünün 36 ilini şagirdlərinin yolunda şam kimi əridən Elmira Səfərova kimi. Onun 36 illik müəllimlik həyatında yolun enişləri də olub, zirvədən soraq verən anları da. Elmira müəllim üçün ən böyük zirvə isə şagirdlərinin adının yüksəkliyidir. Enişlərdə büdrəməyib, zirvələrdəki sorağından ürəyi daha da təpərlənib, onun müəllimlik peşəsinə olan məhəbbətini daha da artırıb...
Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elmira Səfərovaya ünvanladığım: “Necə oldu ki, bu peşəyə maraq göstərib, bu peşəni sevib, seçdiniz?” – sualını o, belə cavablandırır: “Hələ uşaqkən, heç oxumağı, yazmağı da bilməyən vaxtlarımda qonşu uşaqları ilə bir araya toplaşar, “müəllim-şagird” oynayardıq. Bizim uşaqlıq çağlarımızın klassik oyunları idi belə oyunlar. Bir jurnal düzəltmişdi anam mənim üçün. Qələmlə xətləyib, qonşu uşaqlarının adını yazmışdı həmin jurnala. Demişdi ki, bax, bu sənin jurnalındı. Uşaqlardan dərs soruşanda kim yaxşı cavab versə buraya “5”, kim pis cavab versə “2” yazarsan. Oxumağı, yazmağı bacarmasam da, anam mənə 1-dən 10-a qədər rəqəmləri öyrətmişdi deyə, kimin adı hansı sıradadır, əzbərləmişdim. Onlardan şeirlər, nağıllar soruşar, adının qarşısına qiymətlər yazardım. Elə həmin “jurnal”dan başladı mənim müəllimlik peşəsinə məhəbbətim.
Məktəbi fərqlənmə ilə bitirən Elmira Səfərova ozamankı Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. Oxuduğu müddətdə o, bir çox nailiyyətlər qazanır. Ən böyük nailiyyəti isə Lenin təqaüdünə layiq görülməsi olur. Elmira Səfərova deyir ki, o zaman Lenin təqaüdçüsü adını daşımaq hər bir tələbənin arzusu idi. Nüfuzuna görə bu təqaüd yüksək ad sayılırdı və bu ada ancaq əla qiymətlərlə oxuyan, ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edən, erkən elmi işlərlə məşğul olan tələbələr layiq görülürdü.
Gələcəyin qurucularının Vətənə məhəbbət, dövlətə sədaqət, elə, obaya qayğıkeş, əməksevər övlad kimi yetişdirilməsi üçün ömrünü şam kimi əridən Elmira Səfərova deyir ki, universiteti bitirdikdən sonra Naxçıvan Komsomol Təşkilatında uçot bölmə müdiri vəzifəsində çalışıb. Daha sonra Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq işə başlayıb. Elmira müəllim deyir ki, hələ uşaqlıqdan müəllim olmaq arzumu ürəyimdə qoymadım. Vəzifəmdən imtina edib, məktəbdə yeni açılan ibtidai sinif üzrə 16 uşaqla ibtidai sinif müəllimi olaraq dərsə başladım. İlk dəfə dərsə başladığım günü heç unutmaram. Sinfə daxil olduğum o gün, sanki həyata atdığım ilk addım oldu. Bütün qəlbimlə sevdim işimi, şagirdlərimi. Sevgiylə öyrətdim qələm tutmağı, oxumağı, yazmağı. Könül bağçamda əkdiyim fidanlar böyüdükcə güllük-gülüstana döndü.
Elmira müəllim deyir ki, bir müəllim üçün ən vacib olan səbir və vicdandır. Səbirsiz insan müəllim ola bilməz. Bəzən gecə yastığa baş qoyduqda keçdiyim dərsdə hansısa cümləni demədiyim ağlıma gəlir, cəld yerimdən qalxıb, onu bir kağıza qeyd edirəm ki, sabah mütləq uşaqlara həmin fikri çatdırım. Hər zaman öz-özümə sual verirəm: “Məktəb mənə nə verdi?” Məktəb mənə sayı-hesabı olmayan övladlar verdi. Elə övladlar ki mən hər zaman onlara baxanda qürur hissi keçirdim, fərəhləndim. Onların uğurunu, nailiyyətini görəndə elə bildim ki, bütün dünya mənimdir.
36 illik müəllimlik dövründə heç unutmadığı bir xatirəni bizimlə paylaşan Elmira müəllim deyir ki, hələ dərs keçməyə yeni başlayan zamanlarda Rəvanə adlı bir şagirdim vardı. Tapşırıq vermişdim uşaqlara, baxdım ki, Rəvanə yazmır. Hirsləndim ki, sən niyə yazmırsan? Yaz. Uşaq dəftərini büküb, qəzəbli bir şəkildə kənara atdı. O andan anladım ki, uşaqlara dərsi sevgiylə aşılamaq lazımdır. Onlara sevgi vermədən, təhsil vermək olmaz. Yaxşı müəllim olmaq üçün uşaqları sevməyi, onlara qayğı göstərməyi bacarmaq lazımdır. Əgər müəllim şagirdini sevsə, mütləq özü də seviləcək, onun tədris etdiyi fənn də. Əsəbiləşməklə, acılamaqla şagirdə heç nə öyrətmək mümkün deyil. Həmin gündən Rəvanəyə o qədər sevgi aşıladım ki, məktəbi fərqlənmə ilə bitirdi. Yüksək balla universitetə qəbul oldu, İngilis dili ixtisası üzrə oxudu. Hazırda tərcüməçi olaraq çalışır, tez-tez zəng vurur, kefimdən xəbər tutur. 30 il əvvəl dərs dediyim uşaqların hələ də məni arayıb-axtar­ması mənim ən böyük xoşbəxtliyimdir.
Elmira müəllimin qəlbini riqqətə gətirən digər bir xatirə isə Vətən müharibəsində iştirak edən şagirdinin müharibədən qayıdarkən evlərinə getməmiş müəlliminin görüşünə gəlməsi olub. Bu xatirəni bizimlə paylaşarkən belə, sevincdənmi, yoxsa fərəhdənmi gözləri dolan müəllim deyir ki, bir gün dərsdə idim. Bir müəllim yoldaşım gəldi ki, Elmira müəllim, sizi bir nəfər soruşur. Foye tərəfə keçdim, baxdım ki, əsgər formasında bir nəfər məni görən kimi əsgər salamı verdi. Başından əsgər papağını çıxardıqda illər öncə dərs dediyim şagirdimi – Vüsalı qarşımda gördükdə oğlu əsgərlikdən gələn ana kimi kövrəldim, sevinc göz yaşlarımı saxlaya bilmədim.
...Bəli, ana necə ki övladının yoluna işıqsaçan mayak olub onu aydınlığa çıxarır, müəllim də ömrünü şagirdləri üçün onların yolunda şam kimi əridir. Əriyə-əriyə elin, obanın gözündə ucalır, əbədiləşir. Burada yadıma şair İbrahim Yusifoğlunun “Müəllim ömrü” şeiri düşür:
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.
Ömürlərə payladığınız ömrünüz uzun olsun, əziz müəllimlər! Ömrünüz də o tükənməz sevginiz kimi paylaşdıqca çoxalsın! Beynəlxalq Müəllimlər Gününüz mübarək olsun!

 Gülcamal TAHİROVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR