27 sentyabr, 2020-ci il… Bu tarixə aparan yol çox keşməkeşli oldu xalqımız üçün. Ötən 30 ildə neçə-neçə günahsız oğul-uşaq, qoca-cavan mənfur düşmənin hiyləgər oyunlarının qurbanı oldu. Bu 30 ildə kədərləndik, qüssələndik, qəmləndik, köks ötürdük, gözümüz həsrət dolu baxışlarla boylandıqca yollara. Dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalışan mərkli, acgöz düşmən illərboyu ayrı saldı vətəni müqəddəs torpaqlarından. İllər ötdükcə vətən həsrətilə yanan bağrımız alovlandı, zaman keçdikcə haqqımız nazilərkən… Ancaq nazilsə də üzülmədi haqqımız, tükənmədi səbrimiz, qırılmadı ümidimiz. Nə vaxtsa bir gün vüsala çatacağımıza şübhə etmədik, çünki, dövlətimizin qüdrətinə, ordumuzun gücünə hər zaman inandıq. Yanılmadıq, məyus olmadıq, əksinə qürurlandıq verilən hər qərarla, fəxr etdik düşünülərək atılan hər addımla, fərəhləndik yenilməz ordumuzla, tək yumruq olduq mübariz xalqımızla, öyündük mərd, cəsur, qorxmaz, igid oğullarımızla…
27 sentyabr, 2020-ci il… Bu tarix xalqımızı şanlı zəfərə aparan yolun başlanğıcı oldu. Vətən uğrunda haqq savaşımız başladı bu tarixdə… Öz haqqımız - düz 30 il qara bağlayan Qarabağımız uğrunda bir an belə düşünmədən döyüşə atıldı onmillərlə hünərli, qeyrətli oğullarımız. Yazdığı qəhrəmanlıq salnaməsi ilə bütün dünyaya göstərdi Azərbaycanın qüdrətini, gücünü, birliyini. Müstəqilliyimiz, torpaqlarımızın toxunulmazlığı uğrunda gözünü qırpmadan özünü odlu-alovlu cəbhəyə atan igidlərimizi müqəddəs bir amal birləşdirirdi bu tarixdə: “biz gəldi-gedərik, təki Vətən yaşasın!”. Bu amalla yaşayan təkcə igirlərimiz deyil, onlara bu cəsarəti, bu gücü verən, sıralarını möhkəm edən xalq-ordu birliyi idi həm də.
Namərd, hiyləgər düşmənin ölkəmizə qarşı silahlı hücumları, mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar cənab Prezidentin fərmanı ilə 28 sentyabr ölkəmizdə hərbi vəziyyət elan edildi. Həmin tarixdə imzalanmış sərəncama görə respublikada qismən səfərbərlik bəyan olundu. Bu qərardan sonra xalqımız vahid bir yumruq altında birləşib, “Dəmir yumruq” oldu. Elə bir yumruq ki xalqın gücünü, vəhdətini, mübarizliyini bütün dünyaya göstərdi. Xalq dəmir yumruq ətrafında birləşdi, bu yumruqla daha da qüvvətləndi, mübarizləndi. Bu yumruqla irəlilədi qələbəyə doğru. Zəfər yolunda Azərbaycanın bütün mərd oğulları kimi naxçıvanlı igidlər də şücaət, qorxmazlıq göstərdilər. Haqq savaşımızda, vətən, bayraq, torpaq uğrunda kimisi şəhid oldu, kimisi qazi.
…Uşaqdan-böyüyə bütün naxçıvanlıların yaddaşına həkk olundu 1 oktyabr tarixi. ilk dəfə bu tarixdə aldıq naxçıvanlı şəhidlərin öz doğma yurdlarına qayıtma xəbərini, ama bu dəfə uğrunda canlarını fəda etdikləri üç rəngli bayrağa bükülərək döndülər dədə-baba ocaqlarına. Müharibə başladıqda ön cəbhəyə yola düşən ərənlər Raqib Hüseynov, Aqil İsmayılov, Məmməd Zamanlı, Həsən Quliyev, Kamal Əbilov, Fərmin Əliyev və Zülfü Rzayev şəhid xəbərlərini aldığımız ilk qəhrəmanlar oldu. Həmin gün minlərlə insan axın etdi onların cənazələri gələn yollara… Analar, atalar, oğullar, uşaqlar hər kəs fəxarətdən axan göz yaşları ilə qarşıladı şəhidlərini. Hər dəfə Naxçıvana şəhid gəldikdə Ali Məclis Sədrinin yurdun şəhidlərini şəxsən özünün qarşılaması, onların ailələrinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, həm də hər birimizə ən ali vətənpərvərlik nümunəsi idi.
Alnımızı açıq edən başı uca oğullar sırasında naxçıvanlı igidlərin göstərdiyi şücaət və qəhrəmanlıq qürur və iftixar hissi yaşatdı hər birimizə. Bu gün hər birimiz ölkə Prezidenti, cənab İlham Əliyevin dediyi “Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər.” bu sözləri xatırladıqca belə ər oğullar, nər oğullarla eyni vətən üçün döyünən ürəyə, eyni yurd üçün tükənməz sevgiyə, eyni torpağa olan bağlılığa görə Tanrıya sonsuz şükr edirik. 44 günlük haqq savaşımızda şəhid verən əsgər analarımız böyüdüb boya-başa çatdırdıqları övladları yolunda ah, nalə çəkmədilər, fəxarətdən göz yaşı tökdülər, atalar beli bükük deyil, başı dik dayandılar, övladlarının cənazəsi bükülən bayrağı öpərkən “təki Vətən sağ olsun!, biz oğulu bayraq, üçün, torpaq üçün böyütdük” –dedilər. Övladı, həyat yoldaşı Vətən uğrunda döyüşlərdə can verən, qan tökən qadınlar şəhid cənazələrini çiyinlərinə alıb, şərəflə daşıdılar. Qürur duyduq, fəxr etdik, yurdumuzun Nigar kimi ər qeyrətli, Həcər kimi dəyanətli əyilməz iradəli, böyük ürəkli qadınları ilə…
Heç unutmaq olarmı, Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatında qorxmaz, dəmir iradəli, mübariz oğulların düşmənin başına endirdiyi dəmir yumruqları, əməliyyatın ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildiyi günün sevincini, qürurunu, irimiqyaslı hərbi əməliyyatlar davam etdirildiyi zamanlarda - Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi düşmən tapdağından təmizlənərək orada Azərbaycan bayrağının əbədi qaldırıldığını... Elə həmin gün kəndin tarixi adı da cənab prezident tərəfindən bərpa edildi – Suqovuşan... Suqovuşana qovuşduğumuz gün son dəqiqə xəbərləri ilə alovlandı, radiolar, televiziyalar. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev özünün rəsmi “Twitter” hesabında Suqovuşanın işğaldan azad olunduğunu, burada Azərbaycan bayrağının qaldırıldığını elan etdiyi gün xalq olaraq addım-addım irəlilədik zəfərə… Ertəsi gün yenilməz sərkərdə daha bir zəfər müjdəsi verdi. Cəbrayıl şəhəri və daha bir neçə kənd Azərbaycan əsgərinin gücündən güc alaraq sonsuzadək azadlığa çıxdı. Və beləliklə, zərrə-zərrə azad etdik, torpaqlarımızın hər qarşını yağı düşmən tapdağından. Şuşanın azad olunduğu xəbərini dinləyərkən üzünə baxdıqda zəhmindən çəkindiyim, bir dəfə də olsun gözündə yaş görmədiyim atamın sevincdən hönkür-hönkür ağladığının şahidi olduqda bu millət üçün vətənin hərşeydən uca olduğunu, yurdumuzdan ayrı düşən torpaqların ən böyük nisgilimiz, qapanmaz yaramız olduğunu bir daha dərk etdim. Hər qələbə xəbərində böyükdən kiçiyə hərkəs gecədən-səhərə axın etdi yollara, Əllərində üçrəngli bayraq, dillərində bir şüarla: “Qarabağ bizimdir, bizim olacaq!” Bəli Qarabağ bizim əzəli dədə-baba yurdumuz idi və artıq əbədi bizim oldu.
Bu iftixar hissini xalqımıza yaşadan igidləri hər an xatırlayıb, anmasaq bizə ardır. Çünki, “Öləcəyik, amma Vətəni qurtaracağıq, Torpaqları qaytaracağıq”, deyən igid oğullar 30 illik haqlı mübarizəmizin zəfər müjdəsiylə millət olaraq başımızı uca etdi bütün dünyada. Cəmi 44 gündə qəlbi qırıq, boynubükük xalqdan, qalib Azərbaycan xalqına çevrildik. Dünya hərb tarixində yeni səhifə açdıq, yeni Salnamə yazdıq, şanlı Qələbəyə aparan 30 illik mübarizə yolunda ərənlərimizin qanıyla, canıyla hər addımı həsrət dolu olan yolun sonunda vüsala çatdıq.
Artıq dövlətimiz 30 illik bir tarixi yenilədi. 30 illik bir işğal tarixini dəyişdi. 30 il sonra 44 günlük bir zəfər tarixinə imza atdı. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmamışdı. Bu dövlətin mükəmməl siyasəti, xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldan yenilməz sərkərdə və xalq vəhdəti oldu. Liderimizin qətiyyətinin nəticəsidir ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan xalqı heç kimin qarşısında baş əymədi, sözünü cəsarətlə və inamla deyə bildi. “Qarabağ Azərbaycandır və nida” Tribunada deyilən bu fikir sahibinin dünyaya çağırışı əbəs yerə deyildi. Bu həddini aşanlara bir səsləniş, bir xəbərdarlıq idi. Bu sözü bütün dünyaya əməli ilə sübut edən qalib sərkərdənin bir çox yersiz fikirlərə qoyduğu nöqtə idi. Məhz “Dəmir yumruq” siyasətinin nəticəsidir ki, bugün biz rahatlıqla deyə bilirik ki, “Qarabağ Azərbaycandır”.
Bu gün dünya, öz qarşısında güclü, qüdrətli, əzmkar, cəsarətli, nüfuzlu Azərbaycan görür. Çünki, bütün dünya haqq savaşımızda xalq, ordu, dövlət həmrəyliyinin şahidi oldu. Hər kəs Dəmir Yumruğun nələrə qadir olduğunu anladı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 30 illik münaqişəyə son qoyuldu, düşmən məcbur və təslim edildi, 44 günlük İkinci Vətən Müharibəsi Qələbəmizlə başa çatdı.Zəfərimizin müəllifi, memarı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də dediyi kimi:“Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir…”
Tarixi Qələbə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da Ana Vətənin digər torpaqları ilə birləşdirilməsinə şərait yaratdı. Belə ki, Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsini birləşdirəcək bütün kommunikasiyaların bərpası istiqamətində mühüm razılaşma əldə olundu və yuxarıda adıçəkilən hər üç ölkənin liderləri tərəfindən bu razılaşmalara imza atıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam da imzaladı. Bu sənədlər əsasında hər il üçün 8 noyabr “Zəfər Günü” və 27 sentyabr “Anım Günü” kimi təsis edildi. Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.
…Bəli, biz bu gün xoşbəxtik, biz bu gün qürurluyuq. Çünki, azadlığı, müstəqilliyi, müqəddəs torpağı uğrunda şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Bu haqqı bizə verən “Daşına, torpağına qurban olduğum Vətən! Sənin uğrunda ölərəmsə, nə xoş halıma?” - deyən, ömürlərinin bahar çağında vətən torpağı uğrunda canlarını qurban verən vətən oğullarıdır. Onlar yurdumuzun hər yerini əbədi laləzara çevirən solmaz fidanlardır. Bu şərəfli yolda hünərlə addımlayan, Vətən darda olanda onun hayına çatan, yağı gülləsinin qarşısına igidcəsinə çıxan, Vətənə tükənməz məhəbbətin son zirvəsinə ucalmaq kimi müqəddəs bir amal üçün haqq savaşında məharətlə vuruşan, məzarları ilə uyuduqları məkanı müqəddəs ziyarətgaha çevirən qəhrəman eloğullarımızın ruhu Vətən göylərində indi azaddır. İllər ötüb, qərinələr dolaşsa da, nə bu tarix, nə onlar əsla unudulmayacaq, başımızı uca edən ərənlərimiz həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə hər zaman dərin ehtiram bəsləniləcək, qürurla anılacaqlar.
Gülcamal TAHİROVA