02 May 2024, Cümə axşamı


Müstəqillik illərindən başlayaraq ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf qlobal səviyyədə rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər il Azərbaycanın adı xarici siyasət və beynəlxalq əlaqələr baxımından reytinq sıralamalarında qabaqcıl yerlərdə təqdim edilir. Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, neft sektorundan asılılığın aradan qaldırılması nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ölkəmizin xarici ticarət əlaqələrinə mühüm töhfələr verir. Böyük İpək Yolu üzərində yerləşən qədim Naxçıvan tarix boyu mühüm ticarət əlaqələrinə malik olub. Diyarımız bu gün də bu baxımdan strateji-coğrafi mövqeyini qoruyub saxlamaqdadır. Müstəqillik illərindən başlayaraq bu imkanlardan səmərəli istifadə edilir, zəngin resurs və emal potensialı ixrac imkanlarına çevrilir. Bunun nəticəsidir ki, Naxçıvan idxal regionundan ixracatçı diyara çevrilib. Özü də ölkənin əsas hissəsindən təcrid olunaraq blokada vəziyyətinə düşən bir Naxçıvan. Bir zamanlar xəyal kimi görünən bu imkanlar indi Naxçıvanın beynəlxalq səviyyədə təqdir olunan reallıqlarıdır.

Əsasən yaxın və qonşu ölkələrlə geniş ticarət əlaqələri olan Naxçıvan artıq dünyanın 12 ölkəsinə məhsul ixrac edir. Bu uğura iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişaf etdirilməsi və xammal ehtiyatlarından səmərəli istifadə olunması sayəsində nail olunub. Hər il bu məqsədlə sahibkarlarla görüş keçirilir, mövcud xammal və idxal potensialından səmərəli istifadə edilməsi, istehsal həcminin və çeşidinin artırılması məqsədilə güzəştli kreditlər ayrılır. Görülən işlərin nəticəsidir ki, ötən il sənayeləşmə uğurla davam etdirilib, sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb. Bütün bunlar isə daxili tələbatın ödənilməsi ilə yanaşı, xarici ticarət dövriyyəsində müsbət saldonun həcminin artmasını da təmin edib. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Naxçıvanın xarici dövlətlərlə ticarət əlaqələri 1995-ci ilin səviyyəsini dəfələrlə geridə qoyub. Naxçıvan Muxtar Respublikasında 2019-cu il ərzində aparılmış xarici əməliyyatlarının həcmi 497 milyon 68 min 600 ABŞ dolları olub. Bu müddət ərzində 425 milyon 539 min 400 ABŞ dolları dəyərində mal ixrac, 71 milyon 529 min 200 ABŞ dolları dəyərində mal isə idxal olunub, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo yaradıb. Bu, özünü 354 milyon 10 min 200 ABŞ dolları həcmində göstərib.

Muxtar respublikada sənaye və istehsal sahələrinin ayrı-ayrı istiqamətləri ilə yanaşı, ailə təsərrüfatlarının yaradılması və inkişafının təmin edilməsi də “Naxçıvan brendi” adı altında məhsul istehsalının artımına mühüm təsir göstərib. “Ailə təsərrüfatı ili” olan 2019-cu ildə bu məsələlərə diqqət artırılıb, 44 mindən çox ailə təsərrüfatı müəyyənləşdirilib. Əsasən keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edən bu təsərrüfatlarda hasilə gətirilən nemətlərə muxtar respublikamızdan kənarda da böyük maraq var.
Digər tərəfdən muxtar respublikada nəqliyyat infrastrukturunun müasir tələblər əsasında qurulması da beynəlxalq iqtisadi əlaqələrin və ixracatın artmasına müsbət təsir göstərir. Tranzit yükdaşımalarının muxtar respublika ərazisindən keçməsi diyarımızda xarici ticarətin daha da inkişafına təminat yaradır. Bütün bunlar eyni zamanda Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılma imkanlarını artırır.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur. Verilən sertifikatlar ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaradır.
Muxtar respublikada “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması da məhsul ixracına mühüm dəstəkdir. Müəssisə “Naxçıvan brendi” adı altında məhsulların respublika ərazisində satışının genişləndirilməsi, qablaşdırma, dizayn, markalanma və digər göstəricilərin yaxşılaşdırılmasına, eyni zamanda xarici ölkələrə ixracının təşkil edilməsinə öz dəstəyini göstərir.

Ekspertlər də Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsulu ixrac baxımından perspektivli hesab edir. Buna görə də marketinq və reklam işinin təşkili də diqqət mərkəzində saxlanılır, “Made in Nakhchivan” məhsulları beynəlxalq sərgilərdə nümayiş etdirilir. Son illərdə muxtar respublikadan 1200 nəfərdən çox nümayəndə 70-ə yaxın xarici ölkə sahibkarları ilə keçirilmiş 230-dan çox yerli və beynəlxalq əhəmiyyətli sərgi, biznes-forum və konfranslarda iştirak edib.
Azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi diyarımızda yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına şərait yaradıb. Təsadüfi deyil ki, hazırda Naxçıvanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir. İxrac olunan məhsullar sırasına nəzər yetirdikdə yeyinti, tikinti, mebel və yüngül sənaye məhsullarının üstünlük təşkil etdiyini görürük. Həm də bu məhsullar rəqabətə davamlıdır. Elə “Azeri Business Award” təşkilat komitəsi və “Business Time” jurnalının birgə təşəbbüsü ilə təşkil edilən mükafatlandırma mərasimində də bunun şahidi olduq. Aparılan təhsillər və müşahidələr nəticəsində “Cahan Holdinq” ASC-nin tərkibində olan “Cahan Sənaye Kompleksi”nin “Magna” markası öz məhsullarının keyfiyyət və davamlılığına görə “İlin brendi” mükafatı ilə təltif edilib. Qeyd edək ki, müəssisə PPR plastik boru və əlavə hissələri, qapı-pəncərə sistemləri üçün PVC, saydinq fasad örtükləri, radiator və dam örtüyü sistemləri istehsal edir və ixracını həyata keçirir.

Son illər ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirləri və əldə olunan nəticələri göz önünə gətirərək tam əminliklə deyə bilərik ki, muxtar respublikada “İxrac ili” elan edilən 2020-cu ildə də bu uğurların həcmi daha da artacaq. Cari ilin ötən 2 ayının nəticələrinə diqqət yetirdikdə də bunun şahidi oluruq. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, 2020-ci ilin yanvar-fevral aylarında 51 milyon 156 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvanda istehsal olunan ixracyönümlü məhsulların istehsalında və satışında da mühüm artım qeydə alınıb. Qeyd olunan dövrdə ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 44 min 600 ABŞ dolları təşkil edib. Bu artım 2 ay ərzində 22 milyon 933 min ABŞ dolları dəyərində müsbət saldo yaradıb.
Bir sözlə, ötən dövrdə görülən işlər və əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan “İxrac ili”ni əhəmiyyətli uğurlar ilə başa vuracaq.

Gülcamal TAHİROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR