06 May 2024, Bazar ertəsi

“Zirvə” kitab evindən reportaj 

Bilik xəzinəsinin qapılarını üzümüzə açan kitabların insanların mənəvi inkişafında, onların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində necə mühüm rol oynadığını hamımız yaxşı bilirik. Kitab oxumağın faydasını hamı dərk edir, ancaq hər kəs bundan yetərincə yararlanmağı bacarmır. Buna görə də mütaliə mövzusu vaxtaşırı olaraq televiziya və radioda, mətbuatda əsas müzakirə predmetinə çevrilir. Kimisi gənc nəslin mütaliəyə marağının azlığından, kimisi Azərbaycan dilində lazımi ədəbiyyatların olmamasından gileylənir, kimisi də əksinə, mütaliəyə maraq göstərənlərin sayının getdikcə artdığını düşünür. Bu müzakirələrdə hər kəsin özünəməxsus cavabları və yanaşma tərzi olur. Biz isə bu məsələləri bu dəfə, necə deyərlər, “ilk əldən” – kitab mağazasından araşdırmağa çalışdıq. Məqsədimiz hazırda muxtar respublikamızda mütaliəyə marağın hansı səviyyədə olması idi. Bu düşüncə ilə üz tutduq Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evinə.

 

“Zirvə” kitab evi 2014-cü ildən fəaliyyət göstərir. Bu sözləri mağazada satıcı kimi işləyən Əbdüllah Hacıyev bildirdi. Gəlişimizin məqsədini dedikdən sonra həmsöhbətimiz qeyd etdi ki, son illər insanların mütaliəyə marağı artıb. Elə bu səbəbdən kitab satışı yaxşılaşmağa başlayıb. Əbdüllah Hacıyev deyir ki, əsasən, gənclərin müraciət etdiyi mağazada Azərbaycan, rus, türk və ingilis dillərində, eyni zamanda müxtəlif yaş qruplarına uyğun hər bir oxucu axtardığı kitabı tapa bilər.
Rəflərə göz gəzdirərkən şahidi oldum ki, burada, həqiqətən də, kitab çeşidləri çoxdur. Uşaqlar üçün nağıl və maarifləndirici kitablar, elmi dərslik və metodik vəsaitlər, klassik və müasir ədəbiyyatlar... Həqiqətən də, mağazada istənilən zövqə uyğun janrda kitab əldə etmək mümkündür.
Oxucuların hansı kitablara üstünlük verdikləri ilə bağlı sualıma cavabında isə həmsöhbətim bildirir ki, hazırda oxucular, əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş siyahıya daxil olan kitablarla daha çox maraqlanırlar. Kitab evində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Kitablar tozlanmasın” devizi altında keçirilən “Kitab qoy, kitab götür” layihəsi də həmin kitabların mütaliəsinə böyük tələbat olduğunu bir daha təsdiq etdi.
Ümumiyyətlə, bizə edilən müraciətlərə əsasən deyə bilərəm ki, adıçəkilən sərəncam mütaliəyə böyük maraq yaradıb. Biz də çalışırıq ki, həmin siyahıda olan nəşrlərin satışını təşkil etməklə bu tələbata cavab verək. İnsanların mütaliə zövqü yaşa görə dəyişir. Məsələn, yeniyetmələr daha çox romantik və bədii mövzulu kitablara üstünlük verir. Gənclər klassik və ciddi ədəbiyyatlara tələbat baxımından bir az geridə qalır. Ancaq yenə də onların da öz oxucusu var. Tolstoy, Hessen, Dostoyevski, Turgenev, Kafka, Selencerin əsərlərinə də maraq göstərilir.
Əbdüllah Hacıyevin dediyinə görə, daha çox sevilən və alınan kitablardan biri də Cek Londonun “Həyat eşqi” əsəridir. Kitabın bu il də oxucusu çoxdur. Xalid Hüseynin “Çərpələng uçuran” romanı da çox satılır. Həmin müəllifin “Min möhtəşəm Günəş” əsərinə də tələbat yetərincədir. Müasirlərimizdən Elxan Elatlının, Qaraqanın kitablarına gənclər arasında hədsiz maraq var. Müsahibim deyir ki, detektiv janrında olan kitabların alıcısı da kifayət qədərdir. Bu janrda ən çox Çingiz Abdullayevin kitabları satılır. Şeir kitablarına maraq nisbətən azdır. Klassik şairlərin kitabları alınsa da, müasir, gənc şairlərin kitablarının satışı qənaətbəxş deyil.
Mağazada olarkən bura müraciət edən alıcılarla da söhbətləşdik. Naxçıvan Dövlət Universitetinin tələbəsi Elvin Əliverdiyev motivasiya xarakterli kitabları böyük həvəslə oxuduğunu dedi. Napoleon Hillin 10-a yaxın kitabını oxuduğunu, “Düşün və varlan” əsərini olduqca bəyəndiyini söylədi. Bu kitablardan nə öyrəndiyini, nə əldə etdiyini soruşanda dedi:
– Oxuduğum kitablardan çox faydalanmışam. Mənim düşüncə tərzimə, fikirlərimə böyük təsiri var. “Düşün və varlan” kitabının ilk dəfə adı məni cəlb etdi. Maraqlanıb aldım. Böyük zövq verdi mənə. Kitabı artıq dörd dəfə oxumuşam. Masa­üstü kitabımdır mənim. Oxuduqca mənəvi cəhətdən zənginləşdiyimi hiss edirəm. Napoleon Hillin əsərlərini oxumaqdan yorulmuram. Mütaliədən zövq almaqla yanaşı, özümü də inkişaf etdirirəm.
Elxan Elatlının kitabını alan gənc Gülçin Gülməmmədova ilə də həmsöhbət oldum. Klassik ədəbiyyata münasibətinin necə olduğunu soruşdum. Müsahibim dedi:
– Bəzi yazıçılar var ki, onların əsərlərini oxumağa çalışsam da, yarımçıq qoymuşam. Həddindən artıq gərəksiz təfərrüata varırlar deyə, darıxıb oxuya bilməmişəm. Ancaq elə yazıçılar da var ki, onların əsərlərini dəfələrlə oxusam da, bezmirəm, təkrar-təkrar sevərək oxuyuram.
Kitab mağazasında bir-birindən maraqlı uşaq kitablarının da satıldığını görmək çətin deyildi. Burada olarkən Nailə Bayramlının valideyni ilə birlikdə böyük həvəslə kitab seçdiyinin şahidi oluram. Valideyni­nin Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” hekayəsini almaqla onu nə qədər sevindirdiyini görmək, sözün düzü, bizi də qəlbən sevindirir. Oxucumuz deyir ki, onun ən çox sevdiyi hədiyyə kitablardır. Elə bu səbəbdən valideynləri ona tez-tez kitablar hədiyyə edirlər. Nailə­nin sözlərinə görə, hətta otağında oxuduğu kitablardan ibarət kitabxanası da var. Sevdiyi hekayələri təkrar oxumaqdan yorulmur.
...“Mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar”. Dahi filosof Sokratın bu fikrini əlinə hər yeni kitab aldıqda onu acgözlüklə vərəqləyən və oxuduqlarının içində öz xəyali səadətini tapan hər kəs təsdiqləyə bilər. Bədii əsər oxuyanda qəhrəmanının ruh halına görə üz-gözündə ifadələr dəyişirsə, demək, sən artıq ətrafındakı laqeyid münasibətlərdən, beynini məşğul edən qayğılardan azad halda əsərinin qəhrəmanı ilə ruh söhbətindəsən. Mütaliədəki böyük zövq də elə budur. Bütün faydalı kitabları oxumaq ümidi ilə hər kəsə bu zövqü yaşamağı arzulayırıq.

 Gülcamal TAHİROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR