Muxtar respublikada yaradılan infrastruktur turizmin müxtəlif sahələrinin inkişafına imkan verib. Son illərdə qış və dağ turizmində də mühüm canlanma müşahidə edilir. Odur ki, idmanın hava və ekstremal növləri ilə məşğul olanlar Naxçıvanda mövcud olan bu imkanlara maraq göstərirlər. Son bir neçə ildir ki, xarici ölkə alpinistləri muxtar respublikanın əzəmətli dağlarına maraqlı səfərlər edir, həmin anları sosial şəbəkələrdə paylaşırlar. Bu günlərdə isə yamac paraşütçüləri Naxçıvana səfər ediblər. Ağbulaq İstirahət Mərkəzində olan qonaqlar Ağbulağın uca dağlarından maraqlı uçuşlar həyata keçiriblər. “AirGame Paragliding” şirkətinin direktoru Fərid Məmmədov və digər idmançıların iştirakı ilə Ağbulaq İstirahət Mərkəzinin ardınca Əlincəqalanın zirvəsindən uçuşlar olub.
İzləyənlərə həyəcanlı anlar yaşadan paraşüt səyahəti muxtar respublikada bir ilk olmaqla turizmin hərtərəfli inkişafından xəbər verir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti