21 Dekabr 2024, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir. Ağbulaq Xizək Mərkəzində keçirilən tədbirdə “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Ali Məclis Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Məruzəçi qeyd etmişdir ki, bu gün muxtar respublikada müasir tələblərə uyğun mehmanxana və mehmanxanatipli müəssisələr fəaliyyət göstərir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi, Ağbulaq kəndində aparılan abadlıq-quruculuq işləri və yaradılan Ağbulaq Xizək Mərkəzi Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün geniş imkanlar açır.
Qeyd olunmuşdur ki, turizmin inkişafı və pandemiya dövründən sonra yenidən təşkil ediləcək turlar muxtar respublikada xidmətin keyfiyyətinin yüksəlməsinə, Naxçıvan Muxtar Respublikasının dünyada unikal turizm bölgəsi kimi tanıdılmasına səbəb olacaqdır.
Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin icraçı direktoru Cəbi Quliyev vurğulamışdır ki, bu gün dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.
“Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbəsi, turizm könüllüsü Sərxan Əliyev çıxış edərək bildirmişdir ki, bu gün ölkəmiz artıq dünya miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Muxtar respublikanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri də bütün vacib tədbirlərdə könüllülər qismində fəal iştirak edirlər.
Daha sonra tədbir iştirakçıları Ağbulaq Xizək Mərkəzi ilə tanış olmuşlar.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR