Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilib. Onlayn tədbirdə Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Naxçıvan qədim dövrlərdən başlayaraq səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınır. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.
Dünyada pandemiyasının davam etdiyi bir şəraitdə bütün ölkələr kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da daxili turizmin inkişafı mühüm prioritetlər arasında yer alıb. Cari ilin iyun ayından başlayaraq sosial məsafə şərtləri nəzərə alınmaqla turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirib.
Vurğulanıb ki, Ali Məclis Sədrinin birbaşa diqqət və qayğısı sayəsində muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması bu istiqamətdə görülən işlərə böyük töhfə olmuşdur. Sərəncama uyğun olaraq bölgədə müvafiq infrastruktur qurulmuş, müasir standartlara cavab verən Xizək mərkəzi yaradılmışdır.
Həsən Kərimov muxtar respublikada kənd, müalicə, dini turizmin inkişafı üçün böyük potensial mövcud olduğunu bildirib, Turizm Departamentinin bu sahədə görüdüyü işlərdən danışıb.
Sonra mövzu ətrafında “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu” MMC-nin əməkdaşı Sahil Murtuzayev, “Natiq/Naxçıvan Travel” MMC-nin rəhbəri Natiq Paşayev çıxış ediblər.
Onlayn tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş etdirilib.
Turizm Departamenti