Ümumilikdə görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar belə deməyə əsas verir ki, koronavirus pandemiyasından sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsi öz əvvəlki vəziyyətinə qayıdacaq və turist axını dinamik artımla davam edəcək.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər “Naxçıvan” Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Türkiyə alimlərinin iştirakı ilə “Koronavirus pandemiyasından sonra turizm sahəsində görüləcək tədbirlər və fürsətlərin araşdırılması: Naxçıvan modeli” mövzusunda keçirilən telekonfransda səsləndirilib.
Telekonfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək telekonfrans iştirakçılarını salamlayıb, dünyada geniş yayılmış pandemiyaya qarşı muxtar respublikada çox ciddi mübarizə tədbirləri görüldüyünü və nəticədə virusun yayılmasının qarşısının alındığını bildirib. Hüseyn Bağırsoylu qeyd edib ki, illərdir atılan mütərəqqi addımlar sayəsində əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi sərhədlərin bağlanması şəraitində belə heç bir problemin yaşanmamasına imkan verib. Həmçinin Naxçıvanda infrastruktur tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi, sənaye müəssisələrinin ekoloji təmizliyə cavab verməsi və digər vacib amillər koronavirus sonrası iqtisadiyyatın, turizmin bərpasında xüsusi əhəmiyyət daşıyacaq. Naxçıvan Muxtar Respublikasında turizmin bütün sahələri, xüsusilə, səhiyyə və dini turizmin inkişafı üçün bütün lazım olan potensial var.
Onlayn konfransda İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Koronavirus sonrası Naxçıvan turizminin strateji təhlili”, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Koronavirusla mübarizədə Naxçıvan modeli: Sosial, iqtisadiyyat və turizm sahələrinə təsiri”, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Naxçıvan Muxtar Respublikasının turizm potensialı və koronavirus pandemiyasından sonrakı dövrdə bu potensialdan ən səmərəli istifadə imkanları” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, araşdırmalar nəticəsində hər bir böhran sonrası bərpa edilən turizm sahələrindən səhiyyə və dini turizmə daha böyük ehtiyac yarandığı məlum olub. Təqdirəlayiq haldır ki, bunların hər ikisi üçün Naxçıvanın böyük potensialı vardır. Bu baxımdan muxtar respublika ərazisindəki Əshabi-Kəhf ziyarətgahına müxtəlif ölkə vətəndaşlarının axınının çoxalmasını indidən proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, Naxçıvanda böyük məscidin tikilməsi də dini turizmin gələcək inkişafını şərtləndirəcək. Koronavirusun ağciyərlə bağlı bir xəstəlik növü olduğunu nəzərə alaraq pandemiyadan sonrakı dövrdə Duzdağ Fizioterapiya Mərkəzinin də sağlamlıq turizminin inkişafındakı payının daha da artacağını söyləmək olar.
Daha sonra Türkiyənin İstanbul Universitetinin dosentləri Arif Yıldızın “Turizmdə davamlılıq məfhumu, alternativ və maraq turizmi və yeni trendlər, koronavirus sonrası olacaq islahatlar”, Dilbər Quliyevanın “Koronavirus pandemiyasına qarşı alınan tədbirlərin turizm sektoruna və Azərbaycan turizminə təsirləri”, Sercan Yılmazın “Koronavirus sonrası ehtimal olunan turizm təsirləri: Avropa və Türkiyə, pandemiya sonrası istehlakçı və turist davranışlarındakı dəyişiklik” və “Naxçıvan” Universitetinin əməkdaşı, dosent Əli Cabbarovun “Naxçıvanda turizmin inkişaf faktorları və perspektivləri” mövzularında çıxışları dinlənilib və muxtar respublikaya turistlərin cəlb olunmasının alternativ yolları müzakirə olunub. Sonda telekonfrans iştirakçılarının sualları cavablandırılıb.