28 Mart 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı” bu sahədə yeni mərhələnin əsasını qoymuşdur.

2019-cu ildə muxtar respublikanın turizm potensialı ilə bağlı məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi və onların daim yenilənməsi sahəsində işlər davam etdirilmişdir. Ötən il İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada yeni fəaliyyətə başlayan sahibkarlar üçün maarifləndirici kurslar təşkil olunmuş, 50 sənətkarın muxtar respublikanın tarixi-memarlıq abidələrini və milli ornamentləri özündə əks etdirən 338 əl işi Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilmiş və onlardan 308-nin satışı həyata keçirilmişdir. Bununla yanaşı, Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında xalça­toxuma, misgərlik, Yengicə kəndindəki Şərq hamamında sənətkarlıq və xidmət sahələrinin yaradılması təmin edilmişdir. Cəlilkənd buzxanasında il ərzində 44 xalça toxunmuşdur. 2019-cu ildə keçirilmiş 31 beynəlxalq tədbirdə muxtar respublikadan 115 sahibkarlıq subyektinin 122 nümayəndəsinin iştirakı təmin edilmişdir.

Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılması istiqamətində Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda 45 ailə təsərrüfatında istehsal olunan 108 çeşiddə 140 məhsulun nümayişi təşkil olunmuş, 69 nümunəvi təsərrüfatda istehsal olunan müxtəlif çeşidli məhsulları əks etdirən “Ailə təsərrüfatı məhsullarının kataloqu” hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində müvafiq infra­strukturun qurulması, həmçinin Xizək kompleksinin yaradılması ilə bağlı Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkələrdəki qrup və səhifələrində həmin bölgənin təbliği istiqamətində ardıcıl işlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində turist qəbul edə biləcək və gələcəkdə hostel kimi istifadə ediləcək 8 fərdi yaşayış evi müəyyənləşdirilmiş, aprel ayında həmin hostellərin təqdimatı keçirilmiş, qanunvericiliyə uyğun olaraq sertifikat və VÖEN-lər hazırlanaraq müvafiq evlərin sahiblərinə təqdim olunmuşdur. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər yerləşdirilmişdir. Bununla yanaşı, Naxçıvan şəhərində turizmin inkişafına geniş meydan açan “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilmiş, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Ötən dövrdə “Turizm xidmətləri. Mehmanxana və mehmanxanatipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” mövzusunda bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin nümayəndələri üçün treninq keçirilmiş və aid standartlar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti tərəfindən muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərdə olması və maarifləndirilməsi işi təşkil edilmişdir. Türkiyə Respublikasının əksər böyük şəhərlərinə beynəlxalq sərnişindaşıma xidməti göstərən marşrutların fəaliyyətinə nəzarət artırılmışdır. Ağbulaq İstirahət Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi və Uzunoba çimərliyi üzrə avtobus marşrutlarının fəaliyyəti davam etdirilmiş, həmçinin 18 may 2019-cu il tarixdən etibarən “Naxçıvan-Əshabi-kəhf-Naxçıvan” xətti üzrə yeni marşrut fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran məlumatlar, diyarımızın görməli yerlərinin fotoslaydları yerləşdirilmişdir. Həmçinin gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi həyata keçirilməkdədir. Naxçıvan Beynəlxalq Hava Limanında turistlərin gömrük sərhədindən keçməsini asanlaşdırmaq məqsədilə gömrük qanunvericiliyinə uyğun olaraq bəyanetmənin yaşıl və qırmızı kanallar vasitəsilə həyata keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası tərəfindən Sərhəd Nəzarət məntəqələrində şəxslərin sürətli keçidini təmin etmək məqsədilə “Giriş­-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış “İAMAS” məlumat-axtarış sisteminin mövcud təminat proqramında rəsmiləşdirilməsi proseduru sadələşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 noyabr tarixli Qərarına əsasən ötən ilin 1 dekabrından muxtar respublikaya səfər edən İran İslam Respublikası vətəndaşları üçün rəsmiləşdirilən 15 günlük giriş icazələri və birdəfəlik giriş vizaları ləğv olunmuşdur. Azərbaycan Respublikasının digər bölgələrinə səfər etmək istəyən İran vətəndaşları isə Naxçıvan Beynəlxalq Hava Limanında yerləşən viza bölməsindən sadələşdirilmiş qaydada birdəfəlik giriş vizaları əldə edə bilirlər.
2019-cu il ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivallarında yerli məhsulların, milli dəyərlərimizi təbliğ edən əl işlərinin və sənətkarlıq nümunələrinin ­sərgi-satışı təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan şəhər buzxanasında təmir-abadlıq işləri aparılmış, Buzxana “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin tabeliyinə verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən “Naxçıvanın milli mətbəxi” mövzusunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Qızlar Liseyində vaxtaşırı olaraq seminar və praktik məşğələlər keçirilmişdir. Hazırda www.nakhchivancuisine.az saytının hazırlanması ilə bağlı iş aparılır.
2018-ci ildə tarixi abidələrin bərpa və tədqiq olunması, onlar haqqında “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” və “Qarabağlar Türbə Kompleksi” kitablarının nəşri turistlərə xalqımızın qədim tarixi, həyat tərzi və mədəniyyəti barədə ətraflı məlumatın verilməsi baxımından çox əhəmiyyətli olmuşdur.
Ötən dövrdə kadr hazırlığı da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Peşəkar ofisiant” layihəsi hazırlanmış və 1 dekabr 2019-cu il tarixdən etibarən layihədə iştirak üçün sənəd qəbuluna start verilmişdir. Ordubad Texniki Peşə və Sürücülük Məktəbində və Naxçıvan Şəhər Peşə Liseyində “Turizm agenti” ixtisası üzrə peşə kursları davam etdirilmiş, bu ixtisas üzrə Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 19, Naxçıvan Şəhər Peşə Liseyində 14 olmaqla, ümumilikdə, 33 müdavim peşə kurslarını müvəffəqiyyətlə başa vuraraq sertifikat almışdır. Hazırda Ordubad Texniki Peşə və Sürücülük Məktəbində Turizm agenti ixtisası üzrə 21 nəfər təhsilini davam etdirir.
2019-cu ildə reklam-informasiya materiallarının hazırlanması davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinin və Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin bukletləri, Naxçıvan şəhərinin turist xəritəsi və Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi hazırlanaraq Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn turistlərə təqdim edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı”nın hazırlanması istiqamətində işlər davam etdirilir.
Bakı şəhərində keçirilmiş 3-cü Qlobal Sağlamlıq Turizm Forumu, Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında və bir sıra xarici turizm sərgilərində muxtar respublikamız da təmsil olunmuş, bu tədbirlərdə diyarımızın turizm potensialının geniş şəkildə təbliği məqsədilə videoçarxlar nümayiş edilmiş, turizm təbliğat materialları iştirakçılara təqdim olunmuşdur.
Ötən il Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin qış və yay məktəbləri, həmçinin dövlət qulluqçuları və onların ailə üzvlərinin istirahəti təşkil edilmişdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzində internet resurslarından səmərəli istifadə edilməklə mərkəzin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmiş, hazırlanmış videoçarxlar mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayımlanmışdır. Həmin səhifələrə 773 məlumat daxil edilmiş, 415 min 400 baxış sayı qeydə alınmışdır.

Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2019-cu ildə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist gəlmişdir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası cari ildə də diqqətdə saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR