04 Yanvar 2025, Şənbə

Dünyanın ən təmiz varlıqları körpələrdir. Körpələrin üzlərindən məsumluq, gözlərindən xoşbəxtlik yağır. Onlara baxanda bütün qəm və kədərimizi unuduruq. Dünyanın enişli-yoxuşlu yollarından, dərd-qəmindən bixəbər olan körpələr bilmirlər ki, həyat nədən ibarətdir? Bu həyatda onları nələr gözləyir?
Çox kiçik yaşlarından həyatın ağır yüklərini balaca qəlblərində daşıyan, valideyn sevgisindən uzaq olan körpələr də var. İrqindən, dinindən asılı olmayaraq, dünyanın hər yerində belə uşaqların köməyə və müdafiəyə, xoş sözə, ilıq münasibətə, qayğıya böyük ehtiyacları var. Muxtar respublikamızda bu məsələ öz həllini yüksək səviyyədə tapıb. Naxçıvan şəhərində fəaliyyət göstərən Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi valideyn himayəsindən məhrum olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılıb. Müəssisənin baş həkimi Rəsmiyyə Xasayeva ilə söhbətimiz zamanı aydın oldu ki, bu müəssisənin digərlərindən fərqi odur ki, 24 saat fəaliyyətdədir. Günün istənilən vaxtında valideynlər uşaqlarını bura qoyub öz işlərinin arxasınca gedə bilərlər. Körpələr evində çalışan kollektivin üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, eyni zamanda sağlam böyüməsinə də cavabdehdirlər. Bunun üçün də burada hərtərəfli şərait yaradılmışdır. Uşaqlar üçün əyləncə vasitələri, yelləncəklər qurulmuşdur. Mərkəzdə uşaqlar üçün məşğələlər təşkil olunur, bu məşğələlərdə onlara yazmaq, oxumaq, saymaq öyrədilir, müxtəlif sahələr üzrə uşaqların istedad və bacarıqları üzə çıxarılır. Valideyn himayəsindən məhrum olan uşaqlar müəyyən yaş həddinə çatdıqda Ordubad şəhərindəki internat məktəbində təhsillərini davam etdirirlər.
Körpələr evi hər zaman insanların diqqət mərkəzindədir. Xüsusilə də bayram günlərində. Həmin günlərdə müəssisə bura axışan qonaqları böyük həvəslə qarşılayır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Kukla Teatrının və bir çox idarə, təşkilatların əməkdaşları balacaları tək qoymurlar. Həmçinin uşaqların ad günlərində buraya üz tutur, onlara sovqatlar gətirirlər.
Burada gördüklərimiz, uşaqlarla söhbətlərimiz bizdə belə qənaət yaratdı ki, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzini uşaqlar özlərinə doğma ocaq sayırlar. Çünki burada onların yüksək səviyyədə qayğısına qalınır.

Nigar Mustafayeva

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR