(oçerk)
Keçmişinə qayıdış, əcdadını tanımaq hissləri nə qədər uludur, deyə bilmərəm, amma hər bir insanın lap körpəlikdən dinlədiyi bütün həzin laylalardan, xısın-xısın qulaq verdiyi əhvalatlardan daha maraqla duymaq istədiyi bir hekayə vardır. Bu, ağlı kəsəndən, dünyanı düşünəndən sonra onun beynində baş qaldıran, – “Bəs mənim babam, babamın babası kim olub?” – sualına cavab axtarmasıdır.
Balaca toppuş əlləri ilə babasının ətəyindən sıx-sımarıc yapışıb, bağçadakı otların arası ilə dovşan kimi tullanan balaca Mətinin babasından “Baba, bəs sənin baban kim olub?” – deyə soruşması kimi.
– Düzdür, o dövrün kişiləri qollu-biləkli olublar, – deyə baba nəvəsinə doğru əyilib yanağına yağlı bir öpüş də qondurdu. Bax o yolumuzun üstündə bulaqdakı yekə təhnə daşını deyilənlərə görə, babamgil, qardaşları ilə öküz arabasında hardansa gətiriblər. İndi texnika əsridi, nəhəng maşınlar bir saatda bir dağı yarırlar. İstəyirəm sən də onlar kimi olasan. Amma dünən sənin əlində o dondurmadı, nədi, yenə gördüm, – deyə baba nəvəsini məzəmmət elədi. Belə şeylər ziyandır, əziz nəvəm. Bax həyətdə gilas, gilənarımız yetişib, ürəyin bir şey istəyəndə nənəndən ərik, tut qurusu al, onlardan ye! Bizim vaxtımızda dondurma-filan olmazdı, məhləmizdəki o bulağın sərin suyu min dənə dondurmaya dəyər, – deyərək baba əli ilə alma ağaclarının qurumuş budaqlarını qoparmağa çalışırdı.
Baba fikrə dalmışdı, xəyalları onu uzaqlara, lap çox uzaqlara aparmışdı deyəsən. Yanında çubuqdan at düzəldib, öz uşaq dünyasına qapılmış nəvəsi də sanki artıq qane olmuşdu babasının bu cavabına. Amma baba dərin fikrə getdi. Yaddaşının dərinliyindən o qədər acılı-şirinli xatirə canlandırdı ki, onları bir dəqiqədə yaza bilən olsaydı kaş ki! Doğrudan da, bəs mənim babam kim olub, o bizə nə miras qoyub, var-dövləti nə idi? – deyə baba öz-özünə düşünürdü. Axı o dövr cah-cəlal dövrü olmayıb. O dövrün kişiləri at çapar, qılınc oynadar, toylarda güştü tutar, halay çəkib yallı gedərdilər. Elin harayına çatan, beş nəfərlə iyirmi beş nəfər yağı düşməni bir gecədə qırıb, həmin yerin adını da indiyə qədər yaşatdıran babalarımız olub axı.
Baba üzünü nəvəsinə tutub astadan söhbətinə davam etdi: Bizim babalarımız qara yazdan, çöldə qaralıb yanmış əlləri ilə daşdan çörək qazanardı. Qışda da ki, kürsünü qurub, başının altına yığdığı azuqəsini yeyərdi. Bəs indi? Düzdür, zəmanə çox dəyişilib, indinin ən kasıbı o vaxtın bəy-xanı kimi özünə güzəran qurub. Amma di gəl ki, kəndimizin bağ-bərəkətinə, bal-qaymağına, qovurma dolu qazanına qane olmayıb, şəhərdə, doqquzuncu mərtəbədə oturub yarpızın, bənövşənin, nərgizin həsrətini çəkən, sonra da mənzum “şeirlər” qoşanlar da var. Öz işləridir, neynək, bəlkə onlar, heç uşaqlıqda şehli çəməndə qaçışmayıb, yolda-yamacda qarı buza çevirənəcən xizək sürməyiblər. Belələrinə bizdə “dizi çöldə-bayırda bərkiməyib”, – deyərlər. Onların yanından yel ötəndə azarlayıb, həmin saat həkimə qaçırlar. Bir çaynik kəklikotu çayındansa bir torba acı dərmanı içərlər. Balam, adam hər sənətin sahibi olar. Amma daha sən dünən bu kənddən getmisən. Bu, bizə yaraşmaz axı! Eləsi var ki, bir vaxtlar kənddə quzu otaranda hər bulaqdan su içməyi bəyənməzdi. Amma indi uşaqların yolu şəhərə düşəndə bizə kənddən su gətirin, – deyirlər. Əgər Gurbulağın suyundan istəyirsənsə, onda gərək, bir yaz günü, baldırğan təzə özəkləyəndə özün durub gələsən bu dağların ətəyinə. Nə qədər çox işin-gücün olsa da.
Baba sanki öz-özünə danışırdı. Nəvəsinin də çubuq atını çoxdan qırıb sındırdığını indi gördü. Mənim babam çox qoçaq kişi olub, – dedi. Qonaq-qaralı, gəlib-gedənli olub qapısı. Bizi də çox sevərdi, qucağına alıb öpərdi, mənim yaxşı yadıma gəlir. Amma biz çətin dövrlər keçirdik, çox çətin. Bəzən elə çətinlik görmüşəm ki, bir gündə sanki bir neçə il qocalmışam. Gör sənə nə deyəcəm, biləsən, – deyə baba gözlərini ona zilləmiş nəvəsinə doğru əyildi. Bax, kənddəki o təzə mağazanı görürsən? Bizim Fərhadın dükanını deyirəm. Hər gün səhər məktəbə gedəndə bir bax, dükan açılan kimi şəhərdən iki böyük qutu təzə çörək gətirirlər. Bilirsən, bu nə deməkdir? Çörək bolluğu! Bolluq içində yaşamağa nə var ki? Min şükür! “Allah təkcə çörəyi əlimizdən almasın!” – mənim babam həmişə belə deyərdi. İnsanlarımız heç zaman zəhmətdən qaçmayıb, əkib-becəriblər. Ona görə də heç o vaxtlar da çörək sarıdan korluq çəkməmişik. Ancaq o vaxtlar hər şey çox çətin idi. İndi əkib-becərməyə nə var ki? Şükür Allaha, torpaq özümüzün, maşın özümüzün. O vaxtlar babalarımız əkini suvarmaq üçün daş-kəsəyi yarıb minbir əziyyətlə arx çəkirdi. İndi borularla su çəkilib. Necə deyərlər, su lap ayağının dibində.
Ay oğul, çörək gətirən maşını dedim, yadıma düşdü. O maşın gündə bir neçə dəfə kəndimizə isti çörək gətirir. İndi yollara baxıram, keçmiş günlər lap gözümün önündə canlanır. Heç yadımdan çıxmır, bir iş dalınca şəhərə getmək üçün bir neçə gün əvvəldən hazırlaşırdıq ki, uzaq yol gedəcəyik. Çünki indiki kimi belə yollar yox idi. Bu gün, maşallah, kəndimizin yolu lap şəhər yoluna oxşayır. Gediş-gəliş xeyli asanlaşıb. Şəhərə də maşınla rahat gedirik.
O gün kəndə fikir verirəm. Nə qədər gözəl binalar tikilib. Hələ sizin oxuduğunuz məktəbi demirəm. Məktəb binası bizim dövrümüzdəki ən yaxşı universitetin binasından da yaxşıdı. Nənənin sandığında gizlətdiyi albomda atanın oxuduğu universitetin şəkilləri var. İnanmırsan, bir gün aç, bax.
Baba nəfəsini dərib dərin bir fikrə daldı. Gözü uzaqlarda gəzirdi. Sanki kəndi başdan-başa əhatə edən uca dağların ətəyində nəsə axtarırdı. Bu dağlar bütün dövrlərə şahidlik edib axı. Keçmiş günlərin xatirəsi, babalarımızın gün-güzəranı bir-bir gözünün önünə gəldi. Kəndin on illər bundan qabaqkı siması, insanların gün-güzəranı və bugünkü müasir binalar, insanların firavan həyatı. Düzünü deyim, heç o vaxt oxumaq da belə asan olmayıb, – xəyallardan ayrılmadan sözünə davam etdi nurani baba. Nəvəsinin ipək saçını sığallayaraq dedi: O vaxtlar oxumaq üçün kitab nədi, qələm-dəftəri də zorla tapardıq. O gün bayramda məktəbinizin direktoru zəng vurmuşdu. Kefimi soruşdu. Dedi yeni kitabları məktəbimizə daşıyırıq. Ay oğul, bunlar nə kitabdı belə, – deyə soruşanda, dedi ki, yeni pulsuz dərsliklərdi, bir də ədəbiyyat kitabları. Dövlətimiz göndərib ki, nəvələriniz yaxşı təhsil alıb, savadlı, bilikli, vətənpərvər ruhda böyüsünlər. Deyir kitabxanada 10 mindən çox kitab var. Bizim vaxtımızda heç rayonumuzun mərkəzi kitabxanasında min kitab yox idi. İndi məktəbdə yaxşı təhsil almaq üçün hər şərait vardır. Çalışın, bala, oxuyun, yaxşı təhsil alın. Sən də dərslərini yaxşı oxu, savadlı həkim ol. Babanın çoxdankı arzusudu bu. Əvvəllər xəstələnəndə çox əziyyətlər çəkərdik. Kənddə tibb ocağı yox idi. Rayon mərkəzinə getməyin özü də bir çətinlik idi. Kəndin mərkəzindəki həkim ambulatoriyasını qurub-yaradanlara eşq olsun. Orada hər cür dava-dərman var. İndi həkimlər də qayğımıza yaxşı qalırlar. O gün mənə də baş çəkib müayinə etdilər, dərmanlarımı da verdilər. Sağ olsunlar, vaxtaşırı da gəlib evdə hal-xətrimizi soruşur, səhhətimizlə maraqlanırlar.
Söhbətin bu yerində nəvənin əlləri babasının ətəyinə kilidləndi: bir yurd sevgisi, gücü, qüvvəsi ilə. Lakin balaca Mətinin səksənyaşlı qocanın zamanın qırışlarında gizlənmiş gözlərindən süzülmüş iki damla yaşdan xəbəri olmadı…
– “Kaş bizim babalarımız da bu günləri görə biləydilər”, – deyən baba əsasına soykənərək yenidən xəyallara daldı.
Əli Cabbarov