Gələcəyimiz təhlükədədir
Ömrümüzün müharibəsiz çağlarında “Uşaqlar gələcəyimizdir” deyib uşaq ili elan edər, uşaq tərbiyə müəssisələrində, məktəb və məktəbdənkənar tərbiyə ocaqlarında sırf uşaqlar üçün nəzərdə tutulan tədbirlər keçirər, maraqlı müsabiqələr təşkil edərdilər. Hər il musiqi, rəssamlıq, bədii qiraət, şahmat, dama və sair üzrə neçə-neçə istedadlı yeniyetmə aşkar edilib üzə çıxarılardı.
Bu da təbii haldır ki, müharibə gedən ölkədə dinc quruculuq illərinin ab-havası hökm sürə bilməz. Müharibənin öz qanunları var. Lakin acı və dəhşətli müharibə qanunlarından da irəli olan müqəddəs qanunlar var: gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi, sağlamlığı, istedad və bacarığının məhv olmaması qanunları!
Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə və gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub. Artıq 3-4 ildir ki, uşaq tərbiyə müəssisələrində balacaların istirahət və tərbiyəsi üçün lazımi şərait yoxdur. İstilik və işığın olmaması üzündən bağçalar tez-tez bağlanır. Valideynlər yüksəkkalorili ərzağın çatışmaması üzündən övladlarını bağçaya vermirlər. Şəhər istilik sisteminin işləməməsi, elektrik enerjisinin fasilələrlə verilməsi ümumtəhsil müəssisələrində, orta ixtisas məktəblərində, texnikum və institutlarda dərslərin aylarla dayandırılmasına səbəb olur. Tibbi ləvazimatların, dərman preparatlarının çatışmamasına görə uşaqlar arasında lazımi peyvəndlər aparılmır. Bu da, öz növbəsində, onların infeksion xəstəliklərə yoluxmasına səbəb olur.
Aqillərdən biri deyib ki, bir millətin məhvi üçün onun müəllim və həkiminin savadsız olması yetər. Doğrudan da, insanın əqli sağlamlığı müəllimdən, fiziki sağlamlığı isə, ilk növbədə, həkimdən asılıdır. Əgər məktəblərdə dərslər proqram səviyyəsində olmursa, tibb ocaqlarında lazımi profilaktik tədbirlər keçirilmirsə, uşaqlarımızı indidən gələcək təhlükə ilə üz-üzə qoyuruq.
Muxtar respublikanın tanınmış kardioloqları son vaxtlar onlara müraciət edən valideynlərin təşviş və narahatçılığının əsl səbəbini vaxtında uşaqlar arasında tibbi yoxlanışın aparılmamasında görür.
Həkimlər haqlı olaraq bildirirlər ki, uşaqların sağlamlığı nəzarətdən kənarda qalıb. Belə ki, əvvəllər xüsusi həkim briqadaları məktəblərdə olur, uşaqları kütləvi surətdə hərtərəfli müayinə edir, rentgen aparatından keçirirdilər. Zəif və xəstəhal uşaqları müalicəyə götürür, uşaq sanatoriyalarında istirahətə göndərirdilər.
Aydındır, bu gün respublikada müharibədir. Müharibə kənd və şəhərlərimizi viranəyə çevirdiyi kimi, gələcəyimizin sütunlarını da laxladır. Ən acınacaqlı hal odur ki, uşaqlar təhsil almaq, oxumaq əvəzinə “biznes” azarına tutulublar. Əvvəllər uşaq şıltaqlığı üzündən və yaxud ailənin maddi vəziyyətinin çətinliyi ucbatından şirni, xoruz və yaxud da tumsatan uşaqlara da, onların valideynlərinə də qəribə ikrah hissi ilə baxır, bunu uşağın mənəviyyatını korlayan alverin başlanğıcı kimi qiymətləndirirdik. Doğrusu, əvvəllər yaşlılar da “alverçi” sözünü üstünə götürməyə, bir növ, xəcalət çəkirdilər. İndi isə leksikonumuza “alverçi” sözünü əvəz edən daha mədəni “biznesmen” sözü daxil olub. İndi çoxları 10-15 siqaret, 5-10 qutu konfeti küçədə, yaşadığı evin qarşısında qabağına düzüb bizneslə məşğul olması ilə fəxr edir. Bax bizcə, bu da zamanın, dövranın ən böyük faciəsidir.
Müharibə gedən ölkədə hamı – böyük də, uşaq da alverə qurşanıb. Məktəblərdə dərslərin olmaması üzündən boş qalan uşaqlar mütaliə etmək, keçirilmiş dərsləri təkrarlamaq əvəzinə alverlə məşğul olurlar. Çox təəssüf ki, valideynlər də bu hala göz yumur, çox vaxt isə özləri şərait yaradırlar. Kiçikyaşlı övladının evə qazanc gətirdiyi 4-5 yüz manatın arxasında hansı gələcək faciələrin durduğunu isə hələlik dərk etmirlər. Əvvəla, bu gün xırda alverə qurşanıb yüngül qazancın dadını anlayan məktəblinin sabah dərslər başlayanda da fikri elm, bilik yanında deyil, qazanc yanında olacaq. O, dərsdən yayınıb “öz ticarət postunda” duracaqdır. İkinci bir tərəfdən isə qışın soyuq günlərində qarın, buzun üzərində dayanıb alver edən yeniyetmə elə indidən hər cür fəsad tapıb gələcək sağlamlığı üçün təhlükə yaradır.
Ağbirçək pedaqoq Havazər müəllimə ürəkağrısı ilə bildirir ki, yolboyu xırda alver edən şagirdlər müəllimlərdən belə utanıb çəkinmirlər. Onlar üfal etmədən sırtıqcasına “müəllim, mən ucuz verirəm, məndən al”, – deyib dil tökürlər. Doğrudan da, gələcəyimiz olan uşaqlar ciddi həyati təhlükə qarşısındadırlar.
Əvvəllər ali məktəblərə girə bilməyən məzunlar fabrik və zavodlara, müəyyən təşkilatlara müraciət edib müvafiq iş soraqlayırdılar. İndi isə onlar heç oxumaq, işləmək barədə düşünmək belə istəmirlər. “Oxuyub nə alacağam”, “İndi diploma nə verirlər” kimi mənasız fikirlərlə, qaz vurub qazan doldurmaq ehtirası ilə hər cür fırıldağa qol qoyan bəzi yeniyetmələr öz qazancları ilə bahalı siqaret çəkir, xarici içkilər içir, həyatımıza, milli əxlaqımıza uyuşmayan videofilmlərə baxırlar. Əvvəllər valideynin uşağa verdiyi 50 qəpik və ya 1 manata o, qələm və yaxud kitab alanda sevinirdisə, indi öz qazancı hesabına xarici siqaret çəkməyi ilə öyünür, cibindəki yüzlüklərlə yaşıdlarını da alverə şirnikləndirir. Uşaqların kiçik yaşlarında müəyyən sənətlərə yiyələnməsi bütün əsrlərdə mövcud olub. Çünki uşaq yaddaşı, uşaq əllərinin qurub-yaratmaq bacarığı böyüklərə görə çox həssas olur. Məhz bu baxımdan da onları balaca yaşlarından sənətkar yanına qoyurdular. İndi isə nə sənət yada düşür, nə də ki, peşə.
Həmkarlarımdan birinin dediyi kimi, 20-25 ildən sonra nə bu xalqın istedadlı, bacarıqlı həkimi olacaq, nə də ki, müəllimi. Bugünkü nəsil ömrünü başa vurduqdan sonra onları əvəz edə biləcək kadrlar olmayacaq. Bəlkə də, çoxları bizim bu fikrimizlə razılaşmayacaqdır. Lakin acı da olsa, bu, bir həqiqətdir. Bugünkü təhsili göz önünə gətirib sabahı düşünən hər bir kəs aydın dərk edər ki, ali məktəblərdə 2-3 ay çəkən semestrdə gələcəyin mütəxəssisləri elmin sirlərinə necə yiyələnirlər? Dərsliklərin çatışmaması, müəllim və tələbələrin etinasızlığı, demək olar ki, bütün ali məktəblər üçün xarakterik bir hala çevrilmişdir.
Bu gün səhiyyə ocaqlarına, maarif müəssisələrinə üz tutan valideynlər çox vaxt ordan narazı qayıdırlar. Ailəsini dolandırmaq üçün həkim, müəllim belə, peşəsini buraxıb gəlirli işlərlə məşğul olur. Bir az dərinə getsək, bəlkə də, belələrini qınamaq deyil, onlara haqq da qazandırmaq olar. Axı müəllim atası bizneslə məşğul olan şagirdindən qat-qat aşağı səviyyədə yaşayır. Özünə yeni kostyum almağa imkanı olmayan həkim başqa çıxış yolu görmür. Bu da, öz növbəsində, yenə bizə, daha doğrusu, xalqa zərər gətirir. Uşaqlarımızın taleyinə mənfi təsir edir.
Bu yaxınlarda muxtar respublika Doğum Mərkəzinin həkimlərindən birinin mətbuatda dərc edilmiş kiçik bir müsahibəsi, sözün əsl mənasında, əsrin son illərinin acı faciələrindən xəbər verir. Həkim ağır da olsa, etiraf edir ki, hamilə qadınlar və yeni doğulan uşaqlar arasında ölüm halları xeyli artıb. Buna səbəb müasir tibb avadanlıqlarının olmaması, dərmanların tapılmaması, mövcud şəraitdə hər an, hər dəqiqə keçirilən streslərdir.
Gələcəyimiz təhlükədədir! İndi bu çağırış, sözün əsl mənasında, əks-səda verməli, aid orqanlar – səhiyyə təşkilatları, maarif müəssisələri, milis bu təhlükənin qarşısını almaq üçün əlbir işləyib lazımi tədbirlər görməlidirlər.
Elə buradaca haqlı bir sual ortaya çıxır: “Görəsən, milis şöbələri nəzdində fəaliyyət göstərən həddi-büluğa çatmayanlarla iş müfəttişliyi nə ilə məşğuldur?” Yeniyetmə və məktəblilərin narkotik maddə belə alıb satmasını adi vətəndaşlar eşidib bildikləri halda, görəsən, onlar eşitmirlərmi? “Ağ ölüm”ün özünəməxsus əxlaqi ənənələri və milli qanunları olan qədim Naxçıvanda da ayaq açması dəhşətli hal deyilmi?
Bu gün qarşıda çox mühüm bir vəzifə dayanır. Hamı əl-ələ verib gələcəyimiz olan uşaqların sabahı barədə dərindən-dərinə düşünməli, günün ən vacib problemi kimi onların nurlu sabahı üçün mübarizəyə qalxmalıdır.
“Şərq qapısı” qəzeti
30 mart 1994-cü il
Gələcəyimiz etibarlı əllərdədir
Yuxarıda verilən “Gələcəyimiz təhlükədədir” adlı məqaləni oxuyanda düz 20 il bundan əvvəlki dövrü xatırlamağa çalışıram. Mənimlə yaşıd olan yüzlərlə uşağın o dövrdə yaşadığı həmin çətinliklərin doğurduğu hal-vəziyyət keçir gözlərimin önündən. Əslində, bilmirəm hansından danışım.
...Naxçıvan şəhərində fəaliyyət göstərən internat məktəbinin birinci sinfinə qədəm qoydum. Məktəbimiz olduqca böyük idi. Ancaq şəraiti o qədər də yaxşı deyildi. Qış günlərində sinifləri neft sobaları ilə qızdırmağa çalışsalar da, yenə də soyuq idi. Neft iyindən dərsdə oturmaq da bir tərəfdən biz uşaqlar üçün əzaba çevrilirdi. Anamın hər gün əziyyətlə yuyub ütülədiyi yeganə təzə paltarım evə gedənə qədər qapqara olurdu. Hələ bunlar bir tərəfə. Evimizlə məktəb arasında xeyli yol var idi. Səhərlər yalnız bir avtobus işləyirdi. Bu avtobusa çata bilmədinsə, həmin gün məktəbə piyada getməli idin. İşıqların tez-tez sönən vaxtları olduğu üçün trolleybusdan da normal istifadə etmək olmurdu. Gündüz saat 5-dən sonra isə nəqliyyat vasitəsi tapmaq qeyri-mümkün idi. Səhərlər məktəbə gəlməyə çarə tapsam da, dərsdən sonra evə piyada gedirdim. Dörd il – ibtidai sinfi bitirənədək məktəbdən evə bu yolları piyada getdim. Artıq yolları yaxşı tanıyırdım. Evə gedəndə adətim idi: mütləq yolumu indiki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkından salardım. Köhnədən qalmış uşaq əyləncə qurğularına həsrətlə baxardım. Səhərlər bu ərazidən bazar kimi istifadə olunurdu. Yöndəmsiz dükanlar hələ də xatirimdədir. Tozlu və kələ-kötür yollara ayaqqabı da tab gətirmirdi. Yollar o qədər palçıq olurdu ki, yağışlı günlərdə ayaqlarım islanmasın deyə, anam ayaqqabımın üstündən sellafon salardı. Ozamankı çətin günlərin xatirələrini yazmağa bir məqalə yetməz. Bizim uşaqlığımız məhz o illərə təsadüf elədi. Bəli, o zamanlar uşaqlara göstərilən diqqət və qayğıdan danışmaq belə olmazdı. Məhz ona görə o illərdə “Gələcəyimiz təhlükə altındadır” kimi yazılar qəzet səhifələrində yer alırdı.
Bəs bu gün? Həmkarımın o vaxt qələmə aldığı vəziyyətlə bugünkü arasında müqayisəolunmaz dərəcədə, necə deyərlər, yerlə göy arasında fərq var. Ulu öndərimiz Heydər Əliyevin “Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” kəlamı əldə rəhbər tutularaq sevincimiz, xoşbəxtliyimiz, gələcəyimiz, varlığımız və ən qiymətli sərvətimiz olan uşaqların hərtərəfli böyümələri üçün muxtar respublikada bütün imkanlar yaradılıb. Çünki onlar bizim yaşam qaynağımızdır. Uşaqsız cəmiyyətin, dövlətin gələcəyi ola bilməz. Dövlətimizin sabahı bugünkü uşaqlarımızın əlində olacaq. Odur ki, bu gün onlar həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İnsan həyatında uşaqlıq, gənclik dövründən gözəl dövr yoxdur. Bu dövrdən maksimum səmərəli istifadə edilməlidir. Uşaqlıq və gənclik dövründə boş və mənasız keçirilən hər gün sonradan böyük itkilərə gətirib çıxara bilər. Bütün imkanlardan səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm ölkə, həm də xalq üçün faydalı olsun”. Gələcəyimiz olan uşaqlara böyük nikbinliklə baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “dövlətə, millətə, ənənələrə sadiq vətəndaş” fikrini rəhbər tutaraq böyük bir xeyirxahlıq missiyasını həyata keçirir.
Son 20 ildə muxtar respublikada uşaqlarla bağlı əsas iki istiqamətdə tədbirlər həyata keçirilib: uşaqların təhsili və sağlamlığı. Statistikaya müraciət edək. Son 18 ildə muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbi, 19 məktəbəqədər təhsil müəssisəsi, 20-dən çox uşaq musiqi məktəbi, 18 məktəbdənkənar təhsil müəssisəsi, 43 idman obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə 600-ə yaxın elektron lövhə quraşdırılıb, hər 12 şagird 1 kompüter dəsti ilə təmin olunub. Qürurverici rəqəmlər deyilmi? Bunun arxasında hansı ali məqsədin dayandığını görmək heç də çətin deyil. Bu gün uşaqlar 21 il bundan öncə dərc olunan yazıda ürəkağrısı ilə qələmə alındığı kimi küçələrdə “alverçiliklə” məşğul deyil. İndi uşaqların yeri müasir məktəb binaları, uşaq bağçaları, şahmat mərkəzləri və digər məktəbdənkənar müəssisələr, idman kompleksləri, üzgüçülük mərkəzləridir. Bütün bunlara görədir ki, muxtar respublikada pis vərdişlərə meyilli, “ağ ölüm”ün qurbanı olan uşaq yoxdur.
Sağlam uşaq olmadan sağlam cəmiyyət ola bilməz. Həmin yazıda səhiyyə müəssisələrindəki şəraitsizlik ucbatından uşaqların peyvəndə cəlb edilmədiyi, hamilə qadınlar və yeni doğulan uşaqlar arasında ölüm hallarının xeyli artdığı vurğulanır, buna səbəb kimi müasir tibbi avadanlıqların olmaması, dərmanların tapılmaması göstərilir. Müəllif uşaqlar arasında tibbi yoxlanışın aparılmamasından bəhs edir, bunun böyük faciələrə səbəb olacağını bildirir. Bu gün ucqar dağ kəndlərimizdə belə, tibb ocaqları üçün yeni binaların tikilməsi və ya əsaslı təmir olunması, tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, səhiyyə ocaqlarında uşaq şöbələrinin yaradılması, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının müasir tələblər səviyyəsində yenidən qurulması, Doğum Mərkəzi üçün yeni binanın inşası, həmin xəstəxanaların müasir tibbi avadanlıqlarla təchiz edilməsi ülvi bir məqsədə xidmət edir: analarımızın və uşaqlarımızın sağlamlığını qorumaq. Bu səbəbdəndir ki, son illər uşaq və ana ölümü minimum həddə endirilib. Jurnalist həmkarımızın o vaxt arzuladığı kimi, indi həkim briqadaları tez-tez müxtəlif yaşayış məntəqələrinə, təhsil müəssisələrinə gedir, uşaqları tibbi yoxlanışdan keçirirlər. Xəstəlik aşkar olunan uşaqlar dərhal stasionar müalicəyə cəlb edilir, onların sağlamlıqlarına qovuşmaları üçün lazımi tədbirlər görülür. Bütün bunlar sağlam gələcəyimizə xidmət edir.
“Gələcəyimiz təhlükədədir” məqaləsində istedadlı uşaqların diqqətdən kənarda qaldığı, uşaqların asudə vaxtının səmərəli təşkil edilmədiyi, nəzarətsiz qalan uşaqların siqaretə meyilli olduğu, spirtli içkilər qəbul etdiyi ürəkağrısı ilə qələmə alınıb.
İstedadlı uşaqların üzə çıxarılması, uşaqların asudə vaxtının səmərəli təşkili, onların pis vərdişlərdən çəkindirilməsi istiqamətində də çox mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” bu kateqoriyadan olan uşaqların (gənclərin) aşkara çıxarılması və onların sonrakı inkişafı üçün ardıcıl tədbirlərin görülməsində mühüm dövlət sənədi kimi böyük əhəmiyyət kəsb edib. Qeyd olunanlardan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli, 2010-cu il 19 aprel tarixli sərəncamlarına müvafiq olaraq, Naxçıvan Dövlət Uşaq Teatrı və Uşaq Filarmoniyasının yaradılmasında məqsəd istedadlı yeni nəsil yetişdirməkdən, onların potensialından müstəqil dövlət quruculuğunda geniş şəkildə istifadə etməkdən, istedadlı uşaq, yeniyetmə və gəncləri üzə çıxarmaqdan, onlara göstərilən dövlət qayğısının əsas istiqamətlərini müəyyənləşdirməkdən, regionda mənəvi mühitin formalaşdırılmasından ibarətdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının fəaliyyətinin gücləndirilməsi, musiqi məktəbləri, məktəbdənkənar müəssisələr üçün binaların tikilməsi, onların müasir avadanlıqlarla təchiz edilərək xalqın böyük sərvəti olan uşaqların istifadəsinə verilməsi təqdirəlayiq hal kimi valideynlər tərəfindən də sevinclə qarşılanır.
Sadalanan tədbirlər sırasında hər il muxtar respublikada Uşaqları Beynəlxalq Müdafiə Gününün geniş şəkildə qeyd olunmasını da xüsusi vurğulamalıyıq. 2009-cu ildə, ölkəmizdə elan olunan “Uşaq ili”ndə həyata keçirilən tədbirlərin miqyasına görə muxtar respublikanın öndə getməsi regionumuzda uşaqların necə diqqət və qayğı ilə əhatə olunduğunun əyani göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsində folklor nümunələri, kiçikhəcmli şeir və hekayələr böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə “Uşaqlar və Günəş” almanaxı, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər” adlı uşaq kitabları hazırlanaraq nəfis tərtibatda çap edilib.
Muxtar respublikada məhdud fiziki imkanlı uşaqlar da hərtərəfli qayğı ilə əhatə olunublar. Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılıb, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilib. Uşaq Bərpa Mərkəzinin də fəaliyyəti gücləndirilib. Demək olar ki, muxtar respublika uşaqların reabilitasiyası üçün hər cür imkanlara malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” isə bu sahədə yeni istiqamətlər müəyyənləşdirib. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması məqsədilə qəbul edilən bu proqrama əsasən bir sıra mühüm tədbirlər həyata keçirilib. Ən mühüm tədbirlərdən biri isə ötən il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsidir.
Xüsusi olaraq qeyd edilməlidir ki, uşaqlar dövlət uşaq müəssisələrinə 3 əsas səbəbdən düşürlər: yoxsulluq, ailənin dağılması və əlillik.
Muxtar respublikada iqtisadiyyatın sürətli inkişafının, sosial sahələrə diqqətin artırılmasının, yeni iş yerlərinin açılmasının, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşmasının, aztəminatlı ailələrə göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının nəticəsidir ki, dövlət uşaq müəssisələrində dövlət himayəsində təlim-tərbiyə alan uşaqların sayı çox azdır. Bu da uşaqların ailə mühitində inkişafının təmin edilməsinə gətirib çıxarıb.
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına da daim diqqət və qayğı göstərilir. Uşaqlar arasında idmanın kütləviliyinin artırılması, gənc nəslin sağlam böyüməsi üçün bir sıra tədbirlər görülüb. Belə ki, idman kompleksləri, mini-futbol meydançaları, stadionlar, idman məktəbləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Nəticədə, bu gün uşaq və yeniyetmələr beynəlxalq idman yarışlarında uğurla çıxış edərək muxtar respublikamıza medallarla qayıdırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq, uşaq müəssisələrində uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər görülüb, uşaqların elektron məlumat bankının yaradılmasına başlanılıb.
Muxtar respublikada son 20 ilə yaxındır ki, uşaqlara göstərilən qayğı öz bəhrələrini verir. Bu illər ərzində qayğı və diqqətlə əhatə olunan o uşaqlar indi 19-20 yaşında gənclərdir. Onlar muxtar respublikamızı həm ölkəmizdə, həm də xarici dövlətlərdə layiqincə təmsil edirlər. Bir faktı qeyd edim: 2014-cü ildə keçirilən ali məktəblərə qəbul imtahanlarında 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərib. Müqayisə üçün qeyd etmək olar ki, 1995-1996-cı tədris ilində bu göstəricini 5 nəfər əldə edib.
Əvvəldə də qeyd etdiyimiz kimi, Naxçıvanda uşaqların asudə vaxtının səmərəli təşkili də diqqətdən kənarda qalmayıb. Müasir musiqi məktəbləri, məktəbdənkənar müəssisələr, uşaq bağçaları, kitabxanalar yaradılmaqla yanaşı, Naxçıvan şəhəri və rayon mərkəzlərindəki yaşayış binalarının önündə uşaq-əyləncə qurğuları istifadəyə verilib. Son illər Naxçıvan şəhərində müasir uşaq-əyləncə qurğularının, attraksionların quraşdırıldığı Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, əyləncə adası uşaqların hər gün üz tutduğu ünvanlardandır. Ötən əsrin 90-cı illərinin əvvəllərində bizim xarici televiziya kanallarında həsrətlə baxdığımız uşaq əyləncə mərkəzlərindən indi daha yaxşısı var Naxçıvanda. Biz uşaqlığımızı uşaq kimi yaşaya bilmədik. Amma bizim arzuladıqlarımıza övladlarımız çatıb. Müasir Naxçıvanın uşaqları qüdrətli dövlətimiz, bu günümüzün və gələcəyimizin qurucuları sayəsində uşaqlıqlarını uşaq kimi xoşbəxt yaşayırlar. Bu günün uşaqları xarici televiziya kanallarında göstərilən məktəblərə, bağçalara, uşaq əyləncə mərkəzlərinə həsrətlə baxmırlar. Bizim məktəbimiz, bağçamız, əyləncə mərkəzimiz daha gözəldir deyib sevinirlər.
P.S. Hörmətli oxucular! Kiçik bir qəzet yazısında muxtar respublikada uşaqların təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı həyata keçirilən tədbirləri tam təfsilatı ilə qələmə almaq imkan xaricindədir. Ancaq görülən işlər göz qabağındadır. Yəni elə şərait yaradılıb ki, bu gün muxtar respublikada dərsdən yayınan, qayğıdan kənarda qalan, pis vərdişlərə qurşanan uşağa rast gəlmək mümkün deyil. Bütün bunlar gələcəyimizə böyük ümidlərlə baxmağa imkan verir. Uşaqların sağlamlığı, təhsili, tərbiyəsi istiqamətində görülən işlər onu deməyə əsas verir ki, gələcəyimiz etibarlı əllərdədir.
Sara Əzimova