03 Yanvar 2025, Cümə

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Davamlı məqsədyönlü tədbirlər muxtar respublikanın iqtisadiyyatının dinamik inkişafını təmin etmiş, nəticədə, əmək bazarının inkişafına və yeni iş yerlərinin açılmasına əlverişli şərait yaranmışdır.
Muxtar respublikanın müasir iqtisadi reallığında əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” təsdiq edilmişdir.
Bu proqramın icrası nəticəsində muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaranacaq, peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşacaq, işaxtaran şəxslərin sosial müdafiəsi güclənəcəkdir. Bunun üçün pro­qramda sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Cari ilin ilk ayı ərzində dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, muxtar respublikada əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşmasını, tələb və təklif arasındakı tarazlığı təmin etmək məqsədilə əmək bazarının real vəziyyəti təhlil edilmişdir. Eyni zamanda məşğulluq xidməti orqanları tərəfindən müəssisələrdən boş iş yerlərinin (vakansiya) toplanması, həmçinin dövlət və özəl müəssisələrdə sosial müdafiəyə ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün kvotanın ayrılması işləri həyata keçirilmişdir.
Əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı hazırlanır.
Məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 157 işaxtaran vətəndaşın vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan 4 şəxsin kvota (norma) yerlərinə göndərilməsi təmin edilmiş, eyni zamanda 20 nəfər peşə kursuna cəlb olunmuşdur.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə sosial əhəmiyyətli haqqıödənilən ictimai işlər təşkil edilmişdir. Belə ki, sağlamlıq imkanları məhdud qadınlarla bağlanmış müqavilə əsasında toxunan 503 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir. Eyni zamanda xalq tətbiqi sənətinin ən qədim sahələrindən biri olan xalçaçılıq ənənələrinin yaşadılması məqsədilə evdə xalça toxunması üçün 13 nəfərlə əmək müqaviləsi bağlanmış, onlar hana və digər lazımi alətlərlə, habelə materialla təmin edilmişlər.
Hazırda Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələblərinə müvafiq kənd təsərrüfatı, xidmət sahəsi və milli sənət növü üzrə kadrların hazırlanması məqsədilə traktorçu-maşinist, aşpaz, dərzi peşələri üzrə kurslar davam etdirilir. Həmçinin mərkəzdə xalçaçılıq peşəsi üzrə kursun keçilməsi üçün hazırlıq işləri görülür.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə peşəyönümü məşğələlərə başlanılmışdır. Peşəyönümü məşğələlərin təşkili əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşmasına, məşğulluq məsələlərinin həllinə, şagirdlərin meyil və maraqları nəzərə alınaraq onların düzgün peşə seçimi etməsinə imkanlar yaradır.
İşçilərin əmək hüquqlarının təmin edilməsi istiqamətində də bir sıra işlər görülmüş, Naxçıvan şəhərində fəaliyyət göstərən 12 müəssisə ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanması təmin edilmişdir.
Qeyd olunan dövlət proqramının icrası muxtar respublika sakinlərinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR