Muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan iqtisadi inkişaf məqsədilə səmərəli istifadə olunması və əlverişli ekoloji mühitin yaradılması üçün dövlət ekoloji siyasəti dekabr ayında da uğurla davam etdirilmişdir.
Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 23 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Muxtar respublika təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Ordubad rayonunun Parağa və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirici tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır.
Ay ərzində Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 27-dən çox yaşayış məntəqəsində ekoloji monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarındakı yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmışdır.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında hesabat ayı ərzində Araz və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və 138 analiz aparılmışdır. Analizlərin nəticəsinə əsasən sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Hesabat ayında yaşıllaşdırma tədbirləri ting və toxumla əkin işləri çərçivəsində davam etdirilmişdir. Ötən ay, ümumilikdə, 1 hektar sahədə yeni meyvə bağı, 8 hektar sahədə tinglə bərpa, 31,3 hektar sahədə toxumla əkin işləri həyata keçirilmiş, 4425 müxtəlif meyvə, meşə tingləri, 782 kiloqram toxum əkilmişdir. Növbəti illərdə tingə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə Qoşadizə və Quşçuluq tinglik sahələrində və Naxçıvan Sement Zavodunun ətrafında torpaq hazırlığı işləri aparılmış, torpaq qatının münbitliyinin yaxşılaşdırılması məqsədilə 150 kiloqram şumaltı mineral, 14 ton üzvi gübrə verilmiş, texnika vasitəsilə şırımlar açılmış, alma, iydə, göyrüş, palıd, innab, tut, ərik, gilənar, sərv, eldar şamı toxumlarından istifadə olunmaqla, 0,5 hektar sahədə yeni toxmacarlıq sahəsi yaradılmış, suvarma aparılmışdır. Şıxmahmud, Badaşqan, Məzrə, Kültəpə, Yeniyol və Yarımca Dövlət meşələrində suvarma aparılmış, Yeniyol və Yarımca Dövlət meşələrində 1800 metr uzunluğunda yeni suvarma arxı çəkilmişdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərində məskunlaşmış vəhşi heyvanların qış aylarında daşduza və qaba yemə olan tələbatını ödəmək məqsədilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Kotam kəndinə bufer zonada yerləşən ərazisinə 2 ton daşduz, 100 kipə yaxın qaba yem yerləşdirilmiş və 300 kiloqramdan artıq daşduz əraziyə dağıdılmışdır.
“Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar 20 könüllünün iştirakı ilə Naxçıvançay vadisində təmizlik aksiyası keçirilmişdir. Aksiyada əvvəlcə gənclərə ətraf mühitin mühafizəsi haqqında geniş məlumat verilmiş, sonra təmizlik işləri görülmüşdür. Bu cür ekoloji aksiyaların mütəmadi keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinin vacibliyini insanlara, xüsusilə gənc nəslin diqqətinə çatdıraraq onların ekoloji problemlərə qarşı həssaslıqlarını artırmaqdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti