Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 əleyhinə vaksinlərin tərkibi üzrə texniki məsləhətçi qrupu koronavirusun profilaktikasına və onun yayılmasına yüksək təsir göstərən əlavə preparatların işlənib hazırlanmasını zəruri hesab edir.
Qrup hesab edir ki, xəstəliyin ağır gedişatının və ölüm hallarının qarşısının alınmasından əlavə infeksiyanın profilaktikasına və onun yayılmamasına yüksək təsir edən COVID-19 əleyhinə əlavə vaksinlər vacibdir və işlənib hazırlanmalıdır. Məlumatda bildirilir ki, belə dərmanlar əlçatan olmayanadək, həmçinin “SARS-CoV-2” virusunun inkişaf dərəcəsinə görə COVID-19 əleyhinə mövcud vaksinlərin tərkibinin yenilənməsi tələb oluna bilər.
Qeyd olunur ki, vaksinlərin ÜST kriteriyalarına müvafiqliyinin davam etməsi üçün onlar hazırda koronavirusun dövr edən variantına genetik və antigen baxımdan yaxın olan ştamlara əsaslandırılmalıdırlar.
ÜST təcili tətbiq üçün indiyədək 10 vaksini bəyənib: “Modernа”, “Pfizer”, “Janssen”, “AstraZeneca”, “Sinopharm”, “Sinovac”, “Covaxin”, “Covishield”, “Covovax” və “Nuvaxovid”.