03 Yanvar 2025, Cümə

Bunun  üçün nələri bilmək lazımdır?

Nömrənin daşınması – abunəçinin nömrəsini saxlamaqla xidmət operatorunu dəyişə bilməsi imkanıdır. Yəni bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

İki, hətta üç operatorun nömrəsini eyni anda daşımağa ehtiyac qalmayacaq

İndiyə qədər bəzi istifadəçilər iki, hətta üç operatorun nömrəsini eyni anda daşımaq məcburiyyətində idilər. İndi isə çoxsaylı nömrə daşınmasına ehtiyac yoxdur. Çünki mobil nömrə daşınması məhz telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, mobil nömrə daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatorun şəbəkəsindən digər mobil operatorun şəbəkəsinə keçmək imkanı əldə edəcəklər.  

Nömrə resurslarından effektiv istifadə, yüksəkkeyfiyyətli xidmət

Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Abunəçi nömrənin daşınması üçün hara müraciət etməlidir?

“Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”na əsasən, nömrə daşınması 6 iş günü ərzində həyata keçirilir. Abunəçi istifadə etdiyi sellülar (mobil) nömrənin daşınması üçün alıcı operatora (telekommunikasiya şəbəkəsinə abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator) müraciət edir. Alıcı operatorun nümayəndəsi abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatına alınmasını müəyyənləşdirir. Abunəçi müvafiq ərizə formasını dolduraraq alıcı operatorun nümayəndəsinin iştirakı ilə imzalayır. Alıcı operatorun nümayəndəsi də ərizəyə atılan imzanın həqiqiliyini öz imza və möhürü ilə təsdiq edir. Abunəçi ərizəyə müvafiq sənədləri də əlavə edir. Belə ki, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədin surətini (əslini göstərməklə), hüquqi şəxslər isə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surətlərini təqdim etməlidirlər.

Verici operator nömrə daşınmasından imtina edərsə...

Qaydalar verici operatorun (Verici operator – telekommunikasiya şəbəkəsindən abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator) nömrə daşınmasından imtina hallarını müəyyənləşdirir. Belə ki, verici operator daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda; abunəçi barədə məlumatlarda səhv olduqda; daşınması tələb olunan nömrə üzrə borc olduqda; daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə  nömrə daşınmasından imtina edir.

Məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda da imtina halı mümkündür

Həmçinin daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur), verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda da imtina halları mümkündür. Verici operator tərəfindən abunəçiyə son avadanlığın verilməsinə dair müqavilə üzrə pul öhdəlikləri abunəçi tərəfindən icra edildikdə verici operator nömrə daşınmasından imtina edə bilməz.

Köhnə operatora dönmək istəyənlər 3 ay gözləməlidirlər

Ola bilər ki, daşınmış nömrənin sahibi, yəni mobil istifadəçi yeni keçdiyi operatorun xidmətini bəyənməyərək yenidən əvvəlki və ya digər operatorun xidmətlərindən istifadə etmək istəsin. Bu prosesi həyata keçirmək üçün də  müəyyən müddət nəzərdə tutulub. Belə ki, daşınmış nömrənin verici operatorun və ya digər mobil operatorun telekommunikasiya şəbəkəsinə təkrar daşınması sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur.

Fərqli tariflərə görə abunəçilər üçün ayırdedici xəbərdarlıq siqnalı

Prosesdə tarif şəffaflığı da əsas məsələlərdəndir. Tutaq ki, ailənizin ümumi büdcəsini nəzərə alaraq, qənaət məqsədilə bütün ailə üzvləriniz və ya dostlarınız eyni tarif paketindən istifadə edir və siz aranızda sərfəli tariflərlə danışırsınız. Əgər sizin məlumatınız olmadığı halda ailə üzvlərinizdən biri artıq fərqli tariflərdən istifadəyə keçərsə və ya sizinlə eyni tarif paketində olmayan dostlarınızdan sizə zəng gələrsə, zəng edən tərəf bununla bağlı məlumatlandırıcı, daha dəqiq, ayırdedici siqnal eşidəcəkdir. Bu siqnaldan sonra zəngi davam edib və ya etməmək isə artıq zəng edənin seçimidir. Beləliklə, qaydalar müəyyənləşdirir ki, verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zəng­lər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalını verir.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR