Bəlkə də, torpağı bu qədər sevməzdik, çiçək bitirməsəydi,
Qışın qəhrinə dözməzdik, bəlkə də, yazın yolunu gözləməsəydik.
Çiçək-çiçək olub bu çiçəklər dilimizdə əzizlənməsəydi dağlarımızın, dərələrimizin torpaq köynəyini cırıb bizə türfə gözəlliyini göstərməzdi onlar. Yurdumuzun aranında, dağında kök atıb, pöhrə verib gözümüzü, könlümüzü oxşayan güllər, çiçəklər, minbir dərdin dərmanı olan bitkilər müxtəlif fəsillərdə, elə müxtəlif rəngdə, müxtəlif gözəllikdə insanların “görüşünə” gəlirlər.
Bu günlərdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin foyesində boy-boya veribmiş kimi sərgilənən təbiət sərgisinə baxarkən xəyalım dağlı-aranlı bu yurdu gəzib dolaşdı. Qərənfili, nərgizi, laləni, bənövşəni, süsəni, sünbülü ilin bu vədəsində görüşdürən sərgi müəllifi Qaşdar Əliyev sanki insanları ovsunlamaq üçün bu qədər zəngin bir sərgi yaratmışdı. Sərgiyə baxarkən həm də düşünürdüm ki, torpağın möcüzəsidir bu çiçəklər.
Sərgi müəllifinin minbir həvəslə hazırlayıb herbari şəklində gənclərə, şagirdlərə təqdim etdiyi güllər, çiçəklər, müxtəlif bitkilər torpağın üzü gülən kimi boy göstərəcəklər. Üzü bozarmış soyuğun qılınc kimi kəsdiyi mart ayında – xalqın boz ay kimi tanıtdığı məqamda Günəş beşcə gün gülümsəyib zərrin şüalarını torpaqla görüşə göndərəndə sirri açılmamış boynubükük bənövşənin kol dibindən ürkək-ürkək boylanmasını görəcəyik. Belə bir gözəlliyi görüb, duyub, qiymətləndirib illər uzunu onları bir yerə toplayan Qaşdar Əliyev gənclik həvəsi ilə bu günlərdə öz “var-dövləti”ni Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin foyesində sərgiləməklə məktəblilərdə təbiətimizə qarşı böyük maraq oyatdı. Rayon Ekoloji Tərbiyə Mərkəzinin kollektivi tərəfindən təşkil olunan tədbirin şəhər məktəbində keçirilməsi tədbir iştirakçılarını – müəllimləri və şagirdləri sevindirdi. Tədbirdə çıxış edənlər Şahbuzun əsrarəngiz təbiətindən, onun gözəlliklərindən, dağından, aranından söhbət açıb o gözəllikləri buraya sərən Qaşdar Əliyevin əməyini yüksək qiymətləndirdilər. Sənətinin vurğunu, güllərin, çiçəklərin dilmancı olmağa bir ömür həsr edən Q.Əliyev bildirdi ki, hər gülün öz dili, hər çiçəyin öz xasiyyəti var. Bir xəfif mehdən ləçəkləri tökülə bilən, bir nadan əlində ömrü heç olan bu gözəllik qayğı sevir. Təbiətin gözəlliyi bu gözəlliyi duya bilən insanın ömrünü uzadır; təbiət bütün varını, dövlətini belə insanların sağlamlığına ərməğan edir.
Bu gözəlliyin sehrində şagirdlərə Vətən sevgisi aşılandı.
Güllərin, çiçəklərin səliqə-sahmanla qurudulmuş formada adlarının beş müxtəlif dildə yazılışı ilə sərgiləndiyi təbiət sərgisində muxtar respublikamızın dağından, aranından 200-dən çox qonaq tanıdıldı. Məktəblilər əksəriyyətinin adını bilmədiyi, rəngini görmədiyi, ətrini duymadığı çiçəklər, otlar, güllər haqqında sərgi müəllifinə ardı-arası kəsilməyən suallar verirdilər. Q.Əliyev isə heç bir sualı cavabsız qoymamaq üçün hündürdən və tələsə-tələsə hansı bitkini hansı vaxt haradan dərdiyini, onun məkanını, hansı dərdə çarə olduğunu böyük həvəslə izah etməyə çalışırdı. Bildirirdi ki, hər ləçəyi bir sirli aləm olan çiçəklərin duruşunu, baxışını duymaq, oxumaq üçün onları sevmək, onlara qayğı göstərmək gərəkdir.
Yeri gəlmişkən qeyd edək ki, rayon Ekoloji Tərbiyə Mərkəzinin kollektivi belə xeyirxah tədbirlərin təşkilatçısı və iştirakçısı kimi ötən il də böyük uğurlara imza atıb. Kollektiv üzvləri muxtar respublika üzrə keçirilən “Meşələri qoruyaq”, “Təbiət bizim sərvətimizdir” müsabiqələrinin və “Gənc təbiətçilər hərəkatı”nın iştirakçısı və qalibi olaraq diplomlarla təltif olunublar. Bu, onu göstərir ki, adıçəkilən kollektiv gənc nəslin təlim-tərbiyəsində, Vətənə məhəbbət ruhunda böyüməsində, yurdumuzun tanıdılmasında qarşılarına qoyulan vəzifələri yerinə yetirməyə çalışır.
Tədbirdə iştirak edən məktəblilər arasında sual-cavab keçirildi. Yurdumuzda bitən hansı gülləri, hansı bitkiləri, hansı ağacları tanıdıqlarını çox böyük həvəslə izah etməyə çalışan kiçikyaşlı məktəblilər də sevinclərini beləcə ifadə edirdilər.
Neçə iqlim qurşağında nəfəs bərəkətli torpağımız baharda göy qurşağına bənzəyir. Hər rəngdə bir türfə dodaq gülümsəyir bağlarımızın, bağçalarımızın bahar yelindən məst olmuş sinəsində. Yazın nəfəsi dəyər-dəyməz torpaq altdan baş qaldıran qarəməngüldən tutmuş ta payızın yelqovanına kimi bu məclisə qonaq gəlmiş çiçəklərimiz, güllərimiz sanki yazın həsrətlə yolunu gözləyirlərmiş kimi sapsarı saralmışdılar. Bu sarılıqda da öz gözəlliyini itirməyən təbiətin loğman çiçəklərini uşaqlara, gənclərə tanıdan və sevdirən Q.Əliyev uşaqları da güllərə bənzətdiyini bildirdi. Sərgi müəllifi bu xeyirxah işdə ona köməklik göstərən tədbir təşkilatçılarına, Ekoloji Tərbiyə Mərkəzinin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin kollektivlərinə minnətdarlıq etdi.
Bu il muxtariyyətinin 90 illik yubileyini qeyd edərək hər bir məclisdə, tədbirdə haqqında ürəkdolusu danışdığımız Naxçıvanımızın bugünkü gözəlliyindən heyranlıqla söhbət açırıq. Quruculuqla yeniləşən Naxçıvanın hər bir bölgəsində yaraşığı ilə könülləri oxşayan yüzlərlə müasir binalar, yollar, körpülər salındığını qeyd edərkən unutmamalıyıq ki, bu gözəlliyi tamamlayan təbiətimizdir. Bir vaxtlar təklənmiş Naxçıvan əhalisinin ümidi, pənahı olan təbiət yaraşığı ağaclar, kollar, budaqlar ehtiyac ucbatından saatbasaat kəsilib daşındığından dağlarımızda, dərələrimizdə, hətta kəndlərimizdə belə, yaşıllığın yerini bozarmış torpaqlar, dağlar, dərələr tuturdu. Bu da ətraf mühitin çirklənməsinə, həmçinin yurdumuzun gözəlliyinin itməsinə səbəb olurdu. Lakin muxtar respublikamızda ulu öndərin başladığı yaşıllaşdırmanı, təbiətə qayğını, meşə sahələrinin genişləndirilməsini və ümumilikdə, təbiətin mühafizəsini böyük uzaqgörənliklə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə muxtar respublikamız güllü-gülüstana çevrilib. Bu da ən böyük var-dövlətimizdir. Çünki təbiət dərdlərimizin dərmanı, bu günümüzün və sabahkı xoşbəxtliyimizin qaynağıdır. Bu mənada deyə bilərik ki, muxtar respublikamızın 90 illik tarixi ərzində Naxçıvanın təbiəti indiki qədər qorunmamış və zənginləşdirilməmişdir. Bizim də borcumuzdur ki, Q.Əliyev kimi təbiətin gülünün, çiçəyinin qoruyucusu olaq.
Ötən 10 il ərzində Şahbuz rayonunun girişindən Batabat yaylağının Salvartıya dəyən yerinə kimi minlərlə ting əkilib, bağlar salınıb, onlara qulluq göstərilib. Unutmamalıyıq ki, o bağlar, o bağçalar həm meyvəsi, həm də gülü, çiçəyi ilə bizim təbii sərvətimizdir. Bu sərvətimizə gələcək xoş günlərimiz üçün sahib çıxmalıyıq. Bunun üçün təbiətimizi sevməli, ona övlad münasibəti bəsləməliyik.
Şəhla NƏBİYEVA