03 Yanvar 2025, Cümə

Hörmətli oxucular! 2014-cü ildə ilk səfərim Şahbuz rayonunun Qızıl Qışlaq kəndinə oldu. Yenə yazımın əvvəlində iki yolun ayrıcında qalmışam. O mənada ki, bilmirəm, nədən başlayım: ötən ilin son ayındakı qəzetimizin informasiyasından, yoxsa Qızıl Qışlaq camaatı ilə görüşlərdən, söz-söhbətlərdən. Çünki kənd adamları ilə əl verib görüşən kimi hamı dövlətin qayğısından danışırdı: özü də ürəkdolusu, ürəkaçıqlığı ilə.

Bir müddət olardı ki, güzarımı bu tərəflərə salmamışdım. Əvvəlcə Şahbuz şəhərini çıxar-çıxmaz Küküçayın üstündən təzə salınmış nəhəng körpü, sonra sol tərəfə uzanan xətlənmiş, işarələnmiş asfalt yol, deyəsən, məni çaşdırdı. Çünki elə buradaca iki maşının güc-bəla ilə qoşa keçə biləcəyi körpü o tərəfdə qalmışdı. Üzü bu istiqamətdəki sonuncu kənd olan Kükü kənd yolunun tozlu-torpaqlı, çala-çuxurlu yolu da görünmürdü. Buradan Qızıl Qışlağa 12 kilometrlik məsafəm qalırdı. Hörmətli oxucu, bu 12 kilometrlik yolun ləzzətini, dadını duymaq üçün, Vallah, dünyanın hansısa qitəsinə, ölkəsinə getməyə dəyməz.

Əgər bir dəfə güzarınız bu tərəfə düşsə, buradakı gözəllikdən alacağınız təəssürat ömür boyu bəsinizdir: dağ dolaylarına bəzək vuran əl içi kimi rahat yol, hər iki tərəfdə buludlarla sövdələşən dağ zirvələri, güneyləri yazdan xəbər verən güney yamaclar, yastanlar, alçaqlı-ucalı təpələr, quzeyində kırs bağlayan qarlı qayalar, uçurumlar və bu güneyin, quzeyin qucağı ilə üzüaşağı tələsən Kükü çayı, qış Günəşindən doğub-törəyən irmaq damlalarının bənd aldığı bulaqlar, arın-arxayın daşdan-daşa qonan ayağı xınalı kəkliklər...
Deyəsən, təbiət məni məqsədimdən çaşdırmaq istəyir. Amma yox, gəlirəm mətləb üstünə. O mətləb üstünə ki, nə əcəb, əl verib görüşdüyüm hər bir qızıl qışlaqlı onlara göstərilən dövlət qayğısından ürəkdolusu danışırdı? Bu məqamda istərdim dövlətimizin muxtar respublikanın neçə-neçə kəndinə göstərdiyi qayğı kimi, Qızıl Qışlağa da olan qayğısından bir-iki cümlə yazıma əlavə edim: “Qızıl Qışlaqda aparılan quruculuq işləri, çəkilən müasir yol kəndin inkişafının daha bir göstəricisidir. Yol bizim rahatlığımıza xidmət edəcək, mənzil başına tez və rahat çatmağımıza şərait yaradacaqdır”. Bu, kənd sakini Fətullah Məmmədovun sözləridir.
Kənddə tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. “Laboratoriyalar, fənn kabinələri, zəngin kitabxana, kompüter otağı, elektron lövhəli siniflər, idman zalı tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir”. Bu da məktəbin direktoru Hafiz Həziyevin fikridir.
Kənd mərkəzinin də açılışı olmuşdur. “Muxtar respublikada həyata keçirilən quruculuq işlərindən Qızıl Qışlaq kəndinə də pay düşmüşdür. Kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuş, poçt şöbəsi yaradılmışdır”. Bu da Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fariz Göyüşovun açılış mərasimi zamanı dedikləridir. Xülasə, həmin gün, yəni 2013-cü il dekabrın 6-da Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yeni yolun, məktəbin, kənd və xidmət mərkəzlərinin açılışında bu fikirlər səslənmişdir. Amma bu bir neçə cümləlik fikirlərin arxasında görün nələr durur? Əvvəlcə 12 kilometrlik yol, üstəgəl Qızıl Qışlaqdan Güney Qışlağa gedən 4 kilometrdən çox olan daha bir yol, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 110 şagird yerlik məktəb binası. Məktəbdə 11 sinif otağı, fənn kabinələri, laboratoriyalar, kitabxana, kompüter otağı, elektron lövhəli siniflər, idman zalı, bufet vardır. Kənd mərkəzində icra nümayəndəliyi, bələdiyyə, poçt, baytar, polis sahə məntəqələri, həkim ambulatoriyası, mədəniyyət evi fəaliyyət göstərir. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat mallarının satışı mağazaları yerləşir. Bütün bunların üstünə gəl kəndin böyük bir hissəsinin abadlığı, yenidən qurulması ilə simasının dəyişməsi. Təbiidir ki, bütün bu qurulanların, yaradılanların istifadəyə verilməsi mərasimində kənd sakinlərini təbrik edən, onlara ilk xeyir-dua verən də muxtar respublikanın rəhbəri cənab Vasif Talıbov oldu: “Aparılan kompleks quruculuq işləri Qızıl Qışlaq kəndini muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil etmişdir. Bu, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bir kəndin timsalında nümunəsidir. Kəndlərdə aparılan quruculuq işləri, ilk növbədə, insanların rahatlığına hesablanmışdır. Qızıl Qışlaq kəndində istifadəyə verilən yeni sosial obyektlər də kənddə əhalinin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Bu eyni zamanda dövlətimiz tərəfindən insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu gün kənddə təhsilin səviyyəsinin yüksəldilməsi üçün yeni məktəb binası, idarəetmə strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün kənd mərkəzi, əhalinin sağlamlığına xidmət göstərəcək həkim ambulatoriyası, eləcə də gündəlik məişət tələbatını ödəyən xidmət mərkəzi də istifadəyə verilir. Ona görə də sakinlər göstərilən dövlət qayğısından səmərəli istifadə etməli, öz təsərrüfatlarını genişləndirməli, tikilənləri, qurulanları qorumalı, bundan sonra da kəndin abadlaşmasında yaxından iştirak etməlidirlər”.
Elə mən də muxtar respublika rəhbərinin qızıl qışlaqlılara olan xeyir-duasındakı son cümləni bu yazıma dəstək kimi qəbul edərək kənd adamları ilə görüşə gedirəm. İnsanları ilə görüşməzdən əvvəl öz-özümlə danışıram. Neçə dağın arasına sığıb-sığışmayan bu kəndə nə əcəb “Qışlaq” adı veriblər? Söhbət onun qızıl, yainki gümüşlüyündən getmir. Çünki güzəranları, dolanışıqları maldarlıq, heyvandarlıqla keçənlər, adətən, yayı yaylaqda, yəni dağda, qışı da qışlaqda, yəni aranda olarlar. Amma qışın bu oğlan çağında Qızıl Qışlaqda yaz ab-havasını görəndə aydın oldu ki, atalar, babalar özlərinə yer-yurd seçəndə biliblər ki, harda məskən salmaq lazımdır. Söhbətləşdiyim adamların çoxundan eşitdim ki, Allah bilir, neçə yüz il bundan irəli yeddi qardaş gəlib bu həndəvərdə ocaq qurub, koma salıb, ondan sonra artıb, çoxalıb, törəyiblər və nəhayət ki, bu kənd yaranıb. Qızıl qışlaqlıların hamısı bir-birinə zəncir həlqəsi kimi bənddir, yəni hamısı qohumdur, doğmadır. Niyə, deyim, bilin. Kənddə olan gün kənd adamlarının yolu bir ünvana idi: Kamal Vəliyevin həyətinə səmt. Nədən ki, kişinin oğlu Fərhad Vəliyev ordu sıralarına, yəni əsgərliyə çağırılmışdı. Və belə xoş gündə kənd camaatı Kamala gözaydınlığı verməyə gedirdi. Kamal kişi də, necə deyərlər, bu gün “başını açmışdı”, məclis qurmuşdu. Qızıl Qışlaqda bir söhbət də elədilər. Əlbəttə ki, xoş ovqatla bağlı. Burada şəhərdəki kimi qapı-qapı düşüb toy dəvətnaməsi paylamazlar. Kənddə 117 ev var. Hamısında da telefon. Dəstəyi qaldırıb xəbər verirlər, filan gün xeyir işimiz var. Daha saatı, dəqiqəsi, filanı, yainki ünvanı olmaz. Hamı bilər ki, bəli, bu gün istənilən saatda toya getsən, məclis davam eliyəcək, dağ kəndində hər gün toy-düyün olmur, ha.
Deyəsən, qələmim bir az qabağa qaçdı. Çünki Qızıl Qışlağın yaranma tarixini qoyub, toy-düyün məsələsini önə çəkdim. Qızıl Qışlaq Naxçıvan şəhərindən 42 kilometr aralıdadır. Və bu həndəvərdəki sonuncu kənd olan Kükü dağlarından başlanan çay vadisinin hər iki səmtində qərar tutub. Kənd evləri vadi boyu uzandıqca uzanır və bir neçə kilometrlik ərazidə qərar tutub. Üstü ağ kirəmitli evlər sanki ağ göyərçinlər kimi çay sahilinə qonublar və bu “ağ göyərçinlər” yavaş-yavaş dağ döşlərinə də qanad açmağa başlayıblar. Nədən ki, kənddə hər il neçə-neçə cavan ailələr qurulur. İcra nümayəndə­liyində mənə bildirdilər ki, Qızıl Qışlaqda 117 ev var, 232 təsərrüfat. Deməli, hələ nə qədər evlər tikiləcək.
Qızıl Qışlaq dəniz səviyyəsindən 1659 metr hündürlükdədir. Bu hündürlüyə görə də camaatın əməkhaqqına dövlət 20 faiz əlavə edib.
Təzəcə istifadəyə verilən kənd mərkəzi camaatın, necə deyərlər, görüş yerinə, bir-birindən hal-əhval tutmaq, xeyir-şərindən xəbər bilmək yerinə çevrilib. Kəndin axar-baxarlı guşəsində qərar tutan bu quruculuq ünvanı Qızıl Qışlağa ayrı bir yaraşıq, ayrı bir görkəm verir. Kəndin insanı ovsunlayan bir mənzərəsi var: qənşərdəki Müsəllə dağı, bir tərəfdə Sarıdağ, Güney dağı, Çuxur dağı, uzaqdan görünən qarlı Kükü dağları, bir az irəlidəki Zırnel dağı, ondan oyana adı, bəhsi bilinməyən, bəlkə də, mənim bilmədiyim uca dağlar, yalçın qayalar...
Üz-gözündən xeyirxahlıq yağan kişi ilə salamlaşıram – Xoş gəlmisən, – deyir. “Nə təhərdi bizim tərəflər, xoşuna gəlir?” Bilmirəm, necə cavab verəm. “Gəlir” demək azdır, “buralar, vallah, cənnətdir”, – deyirəm.
Yadımdan çıxmasın deyə, elə buradaca bir-iki cümləni yazıya əlavə edim. Qızıl qışlaqlılar öz yer-yurdlarının qədrini biləndilər. Hər qarışını, hər addımını qiymətləndirəndilər. Kiminlə əl tutub hal-əhvallaşırdımsa, biri suyunu, biri havasını, biri ot-əncərini, biri almasını, cəvizini, balını, xülasə, kövşənini tərifləyirdi. Mənə elə gəlirdi ki, dünyanın ən gözəl  guşəsi elə bu Qızıl Qışlaqdır, vəssalam.
Əl verib görüşdüyüm ağsaqqalla söhbətim yarımçıq qaldı axı. Sinni 80-i haqlamaqda olan Şükür Şükürovla  kiçik bir tanışlıq: yaşını dedim. 6 oğlu, 4 qızı var. Uşaqlarının 8-ni oxudub. “Bəs 2-ni niyə oxutmamısan?” sualıma sualla cavab verir: “Hamı qələmdən-kağızdan yapışsa, bəs beldən, kərəntidən, torpaqdan, ağac-budaqdan kim yapışacaq, hə? Oxumuşların çoxu ora-bura dağılışıb, şəhərə üz tutub. Amma söz var, deyərlər, göyərçinlər uzağa uçmur. Hər yayı, yazı ata-ana ocağında keçirirlər. Eh, təki canları sağ olsun. Bu yurd yenə onlarındır. Tək özümüzünküləri demirəm, kim ki buradan pərvazlanıb, gec-tez yenə bura qayıdacaq”.
Bir haşiyəyə də çıxım, sonra unudaram, sözüm ürəyimdə qalar. Qızıl Qışlaqda o ev, o həyət olmaz ki, bu dağlarda çağlayan bulaqların suyu ora gəlməsin. Dövlət bütün həyətlərə su çəkib. İndi bir az da kənd adamlarının dolanışığından, gün-güzəranlarından. Onu da deyim ki, indiki zamanda dolanışıqdan giley-güzar eliyən, günahı özündə axtarsın. Əlbəttə ki, söhbət kənddən gedir. Ünvanı da olsun Qızıl Qışlaq.
Kənd adamının 35-40 minik avtomobili var. Hələ başqa kənd təsərrüfatı texnikalarını demirəm. 117 evin 117-də telefonu var. Qaz, su, elektrik – bunlar dağ kəndi üçün adilikdir. Hər gün 3 dəfə Naxçıvan şəhərinə və geriyə avtobus marşrutu işləyir. Bütün bunları eşidib qeyd dəftərçəmə yazandan sonra bir işarə də qoydum. Yəni belə yaşayışı, gün-güzəranı olan kəndli qardaş niyə dövlətin bu qayğısını belə yüksək qiymətləndirməsin? Əgər qiymətləndirməyən varsa, Vallah, bu, çörək itirməkdir, bizim tərəflərdə deyildiyi kimi, çörəyi dizinin üstündə olmaqdır. Və nə yaxşı ki, Qızıl Qışlaqda beləsinə rast gəlmədim.
Kənd icra nümayəndəliyində demədim ki, məni fermer təsərrüfatı olanla tanış edin. Yainki yüksək gün-güzəran sahibinin evinə aparın. Elə özüm yolda, izdə, kənd mərkəzində rastlaşdığım insanlarla söhbətləri yaddaşıma həkk eləyirəm. Yoxsa ki, kəndin, küçənin ortasında qələm-dəftər çıxarıb qeydlər aparmaq jurnalistə fayda gətirməz. Çünki qələm-dəftər görən həmsöhbətin tez özünü yığışdıracaq, necə deyərlər, boğazdan yuxarı danışacaq. Sərvər Həziyevlə də söhbətimiz beləcə baş tutur. Dolanışığını xəbər alıram. İş-gücünü, məşğuliyyətini soruşuram.
– Bilirsənmi, qonaq qardaş, bu dağlar, bu dərələr, bulaqlar, indi qarın altında uyuyan torpaqlar heç kəsi ac qoymaz. Bu gün-sabah yaz gələcək: bu bəyaz dağ döşləri, yamaclar minbir rəngə çalan gül-çiçəyə bürünəcək, mal-heyvan, qoyun-quzu bu döşlərə, bu yamaclara səpələnəcək, arı yeşik­ləri hardan-hara düzüləcək. Ondan sonra ot biçini başlayacaq, bal süzüləcək, quzular, oğlaqlar, toğlular, erkəklər ətə-qana gələcək, badyalar, sərniclər süddən köpüklənib aşıb-daşacaq, qadınlar nehrə çalxalayacaq, ağaclar bara dolacaq. Gərək bu kənddə yaşayasan ki, cah-cəlalımızı görəsən.
Hörmətli oxucular, əgər yazımda eyni soyadlılarla rastlaşsanız, düşünməyin ki, üzgörənlik eləyirəm. Əvvəldə dedim axı, kənddə hamı bir-birinə doğmadır, qohumdur. Azər Şükürov da növbəti həmsöhbətim oldu. Ağzımı açmamış elə bil nə deyəcəyimdən xəbər tutdu.
– Bu güzəranı bizə bəxş eləyən dövlətdi. Dönə-dönə minnətdarıq. O var ki, “Allahdan buyruq, ağzıma quyruq” düşüncəsi ilə yaşamayasan. İşləmək lazımdır. Vallah, billah, işləmək lazımdır. Yoxsa, nə bilim.
Bu “nə bilim”dən sonra əl tutub hal-əhval soruşduğum insanların əllərinin içindəki qabarlar yadıma düşdü. Və əlimdəki qələmin heç bir izi-tozu olmamasından utandım. “Nə bilim”dən sonrakı düşüncələrimdən belə qənaətə gəldim ki, bir az əvvəl yazdığım xoş gün-güzəran göydən düşmür. Yainki yağışdan sonrakı göbələklər də deyil. Bu güzəran hər kəsin öz zəhmətinin bəhrəsidir. Və Azər sadalayanda ki, 10 baş inəyim, 10 balası, 35-40 arı ailəm, az qala bir hektarlıq meyvə bağım var, fikirləşdim, burada heç bir qeyri-adilik yoxdur. Kişilər işləyiblər, barın-bəhrəsin də görürlər. Eyni sözləri İsmayıl Məmmədovdan da eşitdim. “Hələ təzə başlamışam”, – dedi. “Gör 2- 3- ildən sonra nələrim olacaq. Hələlik 10 baş inəyim, 10 danam, 40 arı ailəm, əlbəttə ki, meyvə bağım var”.
Əvvəlki həmsöhbətlərimlə müqayisədə bir qədər diribaş, həm də dildən zirək Hikmət Məmmədovla söhbətimiz uzun çəkdi. Elə hey məni qonaq dəvət eliyirdi. “Evim kəndin lap başlanğıcındadır. Birinci ev mənimdir”, – deyirdi. “Sağlığına, əla dolanıram. 100 arı ailəm var, 8 inəyim, 25 qoyun-quzum, 200 meyvə ağacım, toyuq-cücəm; təki kəndin başındakı evim qonaqlı-qaralı olsun”.
Və mən də, hardasa, neçə il bundan irəli əlində bel, ayağında uzunboğaz rezin çəkmə olan Hikmətin ağac-budağı sulayan vədəsini yadıma saldım. Dedi ki, qoy gedim geyimimi dəyişim, belə yaxşı deyil. Mən də dedim ki, zəhmət adamı necədirsə, qoy elə də ekranda görünsün. Onda televiziya verilişi hazırlayırdım.
Kənd sakini Afiyəddin Hacıyev Qızıl Qışlağın tarixindən söhbət açdı. Buranın 450-500 illik yaşı olduğunu bildirdi. Bir sözlə, sakinlərlə görüşlərin, söhbətlərin məğzi, mövzusu eyni idi. Hamı onlara göstərilən dövlət qayğısından danışırdı.
Dağ kəndinə gələsən, elm, bilik, təhsil məbədgahı sayılan məktəbə baş çəkməyəsən, əlbəttə, günah olar. Məktəbin direktoru Hafiz Həziyev söhbətcildir, əsl ziyalıdır. Həmkənd­lilərinin dərsə, məktəbə olan sevgisindən xeyli danışdı. Ötən tədris ilində məktəbi bitirən 7 məzundan 3-nün ali məktəbə, 3-nün isə orta ixtisas məktəbinə qəbul olunduğunu bildirdi, 25 müəllimin hamısının bu kənddən olduğunu dedi. Sahibə Seyidovanın “İlin ən yaxşı müəllimi” adına layiq görüldüyünü xüsusi qeyd elədi. Eyni zamanda kənd məktəbini bitirənlərin neçəsinin alimlik dərəcələri olduğunu vurğulamağı unutmadı. Hafiz müəllim məktəbin 8 aya tikildiyini deyəndə  yadıma sovetlər dönəmindəki məktəb tikintisi düşdü. Və dəqiq xatırladım ki, əvvəla, dağ kəndində belə məktəb heç tikilməzdi. Tikilsəydi, bu keyfiyyətdə, bu  gözəllikdə olmazdı. Və yenə tikilsəydi, 8 aya yox, heç 8 ilə də başa gəlməzdi. Bax budur dostumuzu da, istəməyənimizi də heyrətə salan Naxçıvan intibahı.

Qış Günəşi dağ kəndində qısa müddətə görünür, göz açıb yumunca bu dağın dalından çıxıb o biri dağın arxasında batır. Və deyəsən, mənim də qızıl qışlaqlılarla sağollaşmaq vədəm çatır. Bir el-elat, bir kənd üçün bir neçə saatlıq görüş nədir ki? Dağ dolaylarının rahat asfalt yolu məni şəhərə gətirir və birdən güzgüdə arxa oturacağa qoyulan sellofan torba və su qabı gözümə sataşdı. Deməli, hədiyyə qoyublar. Maşının arxa oturacağına qoyulmuş torbanı açdım. Sarıyanaq, qırmızıyanaq almaların ətri salona yayıldı. 5 litrlik qabda Nəbi bulağının, yoxsa Sarı bulağın, yoxsa Çuxur bulağının suyu, bir də kiçik şüşə bərnidə bir kiloqrama qədər bal. Şəhərdə almadan kim bir diş vururdusa, deyirdi: “Bal kimidir”. Sudan bir qurtum içən bəh-bəh eləyirdi: “Su deyil, baldır”. Amma əsl balı heç kimə göstərmədim. Mətbəximdə saxlayıram. Ev-eşiyimə şirinlik gətirir. Hərdən bu qarlı qış günündə pəncərəni açıram. Və mənə elə gəlir ki, bu şirinlik bütün şəhərə yayılır: bu şirinlikdən hamıya pay düşür.

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR