Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2013-cü il ərzində xidmətdə 3059 nəfər qeydiyyata alınmış, muxtar respublika üzrə 2632 nəfər işlə təmin olunmuşdur. Muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 1031 nəfərə işə göndəriş verilmişdir. Bundan başqa, əmək birjaları vasitəsilə 398 nəfər müvəqqəti işlərə göndərilmişdir. Gənclərin müxtəlif peşələrə meyil və maraqlarını inkişaf etdirmək istiqamətində tədbirlərin keçirilməsi də diqqət mərkəzində olmuşdur. 328 nəfər peşə hazırlığını bitirmiş, 308 nəfər ictimai işlərə cəlb olunmuşdur. Əlil və ahıl vətəndaşların fərdi məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi məqsədilə onlar tərəfindən yun corabların toxunması təşkil edilmişdir. Ümumilikdə, hərbi hissələrə göndərilmək üçün bu qəbildən olan insanlar tərəfindən 5007 cüt yun corab, 363 ədəd yun şərf toxunmuşdur. Həyata keçirilən müxtəlifistiqamətli sosial tədbirlər muxtar respublika sakinlərinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən tədbirlərin davamlı xarakter almasını göstərməklə dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi Naxçıvan Muxtar Respublikasında prioritet vəzifəyə çevrilmişdir. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissələrindən birini də bu mühüm məsələnin həlli təşkil edir. Həyata keçirilən məqsədyönlü tədbirlər əmək bazarının inkişafına və yeni iş yerlərinin açılmasına əlverişli şərait yaratmışdır. Əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. Bunun üçün yollar axtarılır, təşəbbüslər göstərilir. İndi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu proses, əsasən, informasiya texnologiyaları vasitəsilə və əmək yarmarkalarının keçirilməsi yolu ilə reallaşdırılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” insanların məşğulluq qabiliyyətinin artmasına, müvafiq işlərlə təmin olunmasına əsaslı stimul olacaqdır.
Xəbərlər şöbəsi