03 Yanvar 2025, Cümə

Xalqımızın çərəz qidasında cəviz, şabalıd, fındıq, yer cəvizi (araxis), badam, püstə ilə yanaşı, buğda, noxud, mərcimək qovurğası, çöl armudunun qovutu da əsas yer tutur. Hətta yabanı bitən məncalız, çöl qərənfili soğanaqlarının sacda qovrulanda dadı-tamı bir yana, ətri bir yana olur. Bu çərəzlər içərisində küncüd, zəyərək toxumları da qiymətli qidalardandır. Küncüdün ən çox yayıldığı yer Çin, Hindistan və Orta Asiya respublikalarıdır. İstiliksevən bitki olduğundan Naxçıvan torpağında da bitir, bol məhsul verir.

Küncüdün ağ və qara toxumlu növləri vardır. Xüsusən Novruzda, yaz fəslində insan orqanizminin zəiflədiyi vaxt küncüd qovurğası və küncüdün balla yeyilməsi çox faydalıdır. Günəbaxan da daxil edilməklə fərqlənən yeganə bitkidir ki, toxumlarının tərkibində 65 faizədək qiymətli yağ olur. Küncüd yağından sənayedə mal əti konservləşdirilməsində istifadə edilir.

Heyvandarlıqda tərkibi 40 faizədək zülal və 10 faizədək yağlı jımıx hazırlanır ki, bu da olduqca qüvvətli yem sayılır. Küncüd haqqında rəvayət də vardır. Deyir, bir kəsin əziz qonağı gəlir. Süfrədən sonra çərəz kimi ortaya küncüd və bal kasası qoyulur. Ev sahibi harasa gedir, evdə qonaqla uşaq qalır. Qonaq küncüdün necə yeyildiyini uşaqdan soruşur. Uşaq barmağını bala, sonra da küncüd nimçəsindəki toxumlara batırır. Ballı barmağa xeyli küncüd yapışır. Uşaq küncüdün belə yeyilməsini qonağa göstərib barmağını ağzına aparır. Qonaq deyir:
– Hə..., ta öyrəndim, indi dur get tay-tuşlarınla oynamağa. Qonaq bilir ki, uşaq da onunla bərabər yeməyə başlasa, nimçədə bir şey qalmayacaq.
Küncüdü Naxçıvanda kərdi üsulu ilə becərirlər. Ordubad tərəflərdə isə xırda arx boyunca əkirlər. Birillik bitkidir. Boyu 1-1,5 metrədək olur. Toxumları çeçələ barmaq iriliyində olan qutucuqlarda bütün gövdə boyu düzülür. Aşağıdan yuxarıya doğru yetişir. Torpaq səthində temperatur 15-16 dərəcə olduqda toxumla,  ya da kərdidə böyüdülən şitillə arxlara əkilir. Qida maddələrinə, rütubət və işığa tələbkardır, kölgəliyi sevmir. Toxumları kiçik olduğu üçün (1000 ədədi 3-5 qram) səpin zamanı çox dayaz – 2-3 santimetr dərinliyə əkilməlidir. Cərgəarası gen qoyulduqda becərilməsi asan olur. Hər suvarmadan sonra qaysaqlar yumşaldılır ki, bitkinin kökləri rütubəti və havalanmanı yaxşı qəbul etsin. İtkisiz məhsul yığmaq istəyənlər gövdədə yetişən qutucuqları bir-bir dərə bilər. Vegetasiya müddəti 3-4 aydır. Kütləvi yığıldıqda hər bitki ehtiyatla möv qayçısı ilə kəsilib palaz üstə səpilir.
Torpaq, qum qarışmadan yığıb dərz kimi bağlayaraq örtük üzərində qurutmaq olar. Küncüdü döyərək təmizləyib xəlbirdən keçirib püfə və qarışıqdan təmizləndikdən sonra sinidə əfsənib lap təmiz hala gətirilir. Çiy və ya qovrulmuş halda ən qiymətli qida kimi yeyilir.
Zəyərək. Lifli bitkilərdən olub, birillik bitkidir. Sənayedə ondan alınan lif kəndirlər ikiqat dözümə malikdir. Çadır, təlis, parusin parça sənayesinin xammalıdır. Toxumları isə qiymətli qidadır. Hündürboylu zəyərək sənaye üçün, çiçəkləri mavi olan alçaqboylu zəyərək qida üçün əkilir. Naxçıvanın torpaq və iqlim mühitində bol məhsul verir. Sarı rəng­li hamar toxumalarının tərkibində 35-48 faizədək piyli yağ, 18-33 faizədək zülal, yodlu maddələr olur. Dünyanın müxtəlif yerlərində hələ eramızdan 2400 il əvvəl becərilməsinə başlanılıb. Naxçıvan mühitində 2x4 metr sxemində kərdilərə əkilməsi daha münasibdir. 10-12 dərəcə istilikdə asanlıqla cücərir. 70-90 günə yetişir. Toxumları kiçik üzərliyi xatırladan qutucuqlarda olur. Torpağa üzvi gübrə verdikdə məhsuldarlığı yüksəlir. Suvarmaya orta tələbkardır. Məhsulu yığılarkən kökündən torpaqdan çıxarılıb örtük üstə kiçik süpürgə sayağı bir istiqamətdə düzərək qurudulur. Döyülərkən baş tərəfin toxum kütləsinə torpaq qarışmamasına diqqət edilməlidir. Qurumuş qutucuq və yarpaq asanlıqla əzilir. Gövdəsi isə yaxşı süpürgədir. Zəyərək toxumlarının qabığı parlaq olduğu üçün ondan alınan rəng boyaqçılıqda, incəsənətdə işlədilir. Xalq təbabətində ən yaxşı dərman kimi mədə-bağırsaq xoralarının sağaldılmasında isladılıb yumşaldılaraq qəbul edilir. Hətta dəmləməsi qaraciyər, böyrək ağrılarına xeyirlidir. Çiban və dəri yaralarının müalicəsində yarasağaldıcı xüsusiyyəti vardır. Zəyərək sacda qovrulanda çox dadlı olur. Naxçıvan əhalisi xüsusən Xıdır Nəbi, Novruz bayramlarında küncüd, zəyərək toxumlarından daha çox istifadə edir. Necə deyərlər, ağzının dadını bilənə minnət.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR