Cəmiyyət inkişaf edir və insanlar yaxşı yaşamaq üçün hər cür maddi nemət və xidmətlərdən istifadə etməyə çalışırlar. Getdikcə genişlənən istehsal və tikinti işləri, nəqliyyat və rabitə əlaqələri, müasirləşən iş və məişət şəraiti artıq çox deyil, on il əvvəlki səviyyədən xeyli fərqlidir. İndi insanlar rahat ömür sürməyi, evdə, işdə, yolda, bir sözlə, hər yerdə qarşılaşa biləcəyi təhlükələrdən sığortalı yaşamağı çox şeydən daha üstün qiymətləndirir, təsadüfi riskli hadisələrə qarşı hazırlıqlı olmağın vacib tələbat olduğunu real olaraq hər yerdə görürlər.
Təsadüfi risklər nədir? Hansı hadisələr insanın rahat həyatı və fəaliyyəti üçün risk yaradan amillər hesab olunurlar? Bu suallara aydınlıq gətirən situasiyalarla, demək olar ki, hər zaman rastlaşa bilərik.
Məsələn, hər bir insanın yaşadığı binada, yol getdiyi avtomobildə, keçdiyi küçədə elə hadisələr baş verə bilər ki, onların əvvəlcədən vaxtını demək çox çətindir. Yəni zəlzələnin nə zaman olacağını və onun yaşayış sahəsinə və insanın sağlamlığına hansı zərərlər vuracağını heç kim əvvəlcədən deyə bilməz. Belə təsadüfi riskli hadisələr insan yaşayan hər yerdə gözlənilir və onlara inkişaf səviyyəsindən asılı olmayaraq, bütün cəmiyyətlərdə rast gəlinə bilər. Ancaq cəmiyyətin inkişafı hər sahədə dəyişikliyə səbəb olduğu kimi, təsadüfi gözlənilməz hadisələrə qarşı sığortalanmağın təşkili ilə belə hadisələr üzündən dəyə biləcək maddi zərərlərin əvəz olunması sahəsində də xeyli dəyişikliklər özünü göstərir. Gözlənilməz hadisələrin qarşısını almaq üçün nə qədər xəbərdaredici profilaktik tədbirlər görülsə də, bu sahədə texnoloji yeniliklərdən və maarifləndirmədən istifadə olunsa da, onlardan hər zaman yayınmaq praktik olaraq mümkün deyildir. Bu da gözlənilməz hadisələrdən dəyən zərərlərin sığorta yolu ilə əvəzinin ödənilməsinin əhəmiyyətini artırır, onu inkişaf edən cəmiyyətlərin vacib tələbatlarından birinə çevirir.
Qeyd edək ki, təsadüfi riskli hadisələri iki böyük qrupda ümumiləşdirmək olar. Bunlar təbiətdə baş verən və müəyyən dərəcədə insan həyatına da təsir edən kortəbii hadisələr və insanın iqtisadi-mədəni fəaliyyəti ilə əlaqədər olaraq baş verən müxtəlif texnogen mənşəli hadisələrdir. Ancaq bunların bir ümumiləşdirici xüsusiyyəti vardır ki, istər təbii, istərsə də texnogen hadisələr olsun, onların baş verəcəyi zamanı və yeri əvvəlcədən müəyyənləşdirmək çox çətindir. Onlar baş verdiyi zaman bu və ya digər dərəcədə insan həyatına, onun sağlamlığına və əmlakına zərər vurur. Deməli, insanın yaşadığı və fəaliyyət göstərdiyi yer haradırsa, orda da müəyyən risk dərəcəsi doğuran gözlənilməz hadisələr olacaqdır. Bununla yanaşı, planetdə insan sayının artması, texnologiyanın inkişafı və insanların həyat tərzində sürət və komfort kimi mədəni tələblərin ən yüksək səviyyəyə qalxması da, öz növbəsində, riskli təsadüfi hadisələrin ehtimalını artırır. Belə hadisələrdən vaxtında sığortalanmaq isə cəmiyyətin inkişafının diqtə etdiyi vacib mədəni tələbatlardan biridir. Çünki hər bir insan cəmiyyət üzvüdür və ona rast gələn istənilən təsadüfi hadisənin nəticəsi təkcə özünü deyil, onunla eyni iqtisadi və mədəni mənafeləri paylaşan digər insanları da narahat edir.
Sığortanın əhəmiyyəti, sığortaya yanaşma cəmiyyətdə müxtəlif təbəqələrdən olan insanlar üçün eyni dərəcədə olmasa da, gözlənilməz bir hadisədən sığortalanmaq, əslində, hər bir insanın şüurlu həyat və fəaliyyətində, bir növ, təbii olaraq formalaşan bir tələbatdır. Bu məqamda, hər bir kəsin həyatında gözlənilməz xərclərini ödəmək üçün topladığı bir miqdar pul vəsaiti olduğu yadımıza düşür. Adamların “qara gün” üçün topladığı bu vəsait, əslində, primitiv sığorta fondudur. Buna ona görə primitiv deyirik ki, birincisi, bu vəsaitin həcmi hər hansı sığorta təşkilatında toplanan sığorta fondu qədər etibarlı səviyyədə deyil, ikincisi isə cəmiyyətdə çox az sayda adama rast gəlinər ki, o, sığortanın tələb etdiyi qaydalara uyğun, məsələn, icbari sığorta haqqı ödəməklə bu fondun yaradılması qayğısına qalsın və sabah hər hansı hadisə baş verəndə həmin vəsaitdən istifadə edib öz zərərlərini qarşılasın. Buna görə də günümüzdə bəzi insanların sığorta olunmadığı üçün orta risk dərəcəli təsadüfi bir hadisə ilə üzləşərkən çətin maddi vəziyyətə düşməsinə rast gəlinə bilir. Halbuki belə hallardan nəticə çıxaran əksər insanlar nəinki icbari sığorta növləri üzrə, hətta könüllü sığorta növləri üzrə də sığortalanmaqla öz gələcəyini zəmanət altına almış olur, dəyə biləcək zərərlərin əvəzinin ödənilməsini sığorta agentliyinə həvalə edərək rahat həyat sürürlər. Təkcə icbari sığortalar üzrə ödənilən məbləğə baxsaq, dəyən ziyanın kifayət qədər qarşılandığını görərik. Məsələn, Naxçıvan şəhərində daşınmaz əmlakın sığortası üçün ödənilən 40 manatlıq sığorta haqqı müqabilində 20 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulur. Yəni hər kəsin 20 min manatlıq ehtiyat vəsait toplamaq əvəzinə ildə, sadəcə, 40 manat ödəyərək dəyə biləcək zərərləri zəmanət altına alması daha məqsədəuyğun və ağıllı seçimdir. Qədim fəaliyyət tarixinə malik olan sığorta işinə olan etibar da bu yolla formalaşmışdır.
Sığortanın mahiyyətində insan fəaliyyəti nəticəsində törənən texnogen mənşəli hadisələrin vurduğu zərərlərin ödənilməsi də mühüm yer tutur. Çünki hazırda istehsal və xidmət sahələrində yüksək fəallıq yaranmış, sahibkarlıq fəaliyyəti genişlənmiş, sürətli nəqliyyat vasitələrindən, müasir texniki qurğulardan istifadə olunmaqdadır. Və bu inkişaf, öz növbəsində, rast gəlinən qəza və bədbəxt hadisələri də müəyyən dərəcədə qaçılmaz edir. İşdə və ya yolda ehtiyatsızlıq, diqqətsizlik nəticəsində, habelə texnoloji avadanlıqlarla iş zamanı baş verən qəzalar səbəbindən maddi itkilər yaranır, insan sağlamlığına zərərlər dəyir. Həm də burada diqqət ediləcək məqam ondadır ki, belə hadisələr baş verdikdə hadisənin səbəbkarları öz mülki məsuliyyəti çərçivəsində digər insanlara vurduğu zərərlərin də ödənilməsini həyata keçirməlidirlər. Bu isə bəzən elə bir həcmdə ola bilər ki, sığortasız insan, sözün əsl mənasında, çıxılmaz vəziyyətə düşər, başqalarına vurulmuş zərərə görə bütün maddi imkanlarından məhrum ola bilər. Bu baş verməsin deyə, daşınmaz əmlakın istismarı və avtomobil nəqliyyatı vasitələrindən istifadə zamanı mülki məsuliyyətin sığortası tətbiq olunur ki, onun da icbariliyi məsələnin yuxarıda qeyd olunan geniş ictimai maraq kəsb etməsi ilə əlaqədardır.
Göründüyü kimi, sığorta və sığorta olunmağın risklərə və gözlənilməz təsadüfi hadisələrə qarşı mühüm bir xəbərdaredici əhəmiyyəti vardır. Sığorta olunmaqla ev, iş yeri və avtomobil sahibi rast gələ biləcəyi gözlənilməz hadisələrə, bir növ, əvvəlcədən hazırlıqlı olur və öz gələcək həyatını zəmanət altına alır. Bu da inkişaf edən müasir cəmiyyətin bir tələbidir.
Əli CABBAROV