Budur, Naxçıvan şəhərində son illərin ən möhtəşəm quruculuq ünvanlarından olan yaşayış komplekslərindən birinin qarşısındayıq. Həmin yaşayış kompleksi ki, 2013-cü il dekabr ayının 31-də 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya buradan yeni mənzillər verilmişdir. Biz də həmin ailələrdən birində olduq, yaşayış kompleksinin 15-ci mərtəbəsində yaşayan Quliyevlər ailəsinin qapısını döydük.
Qapını ailənin böyük oğlu Elməddin açdı. Evin xanımı bizi evə dəvət etdikdən sonra həyat yoldaşını gözləməli olacağımızı bildirdi. Çay süfrəsi arxasında polkovnik-leytenant Zirəddin Quliyevi gözləməli olduq. Fürsətdən istifadə edib evlə tanışlığı da yadımızdan çıxarmadıq. Ən yüksək komfort və dizayn elementləri ilə ilk baxışdan diqqəti cəlb edən mənzildə ailənin yaşayışı üçün hərtərəfli şərait yaradılıb.
... Budur, Zirəddin Quliyev özünü çatdırır. “N” hərbi hissənin komandiri gülümsəyərək: – Hərbçi belədir də, onun iş saatı bəlli deyil, – deyə söhbətə başlayır.
İstərdim, oxuculara Zirəddin Quliyev haqqında qısa məlumat verim. Ötən il 40 yaşını tamam edən bu hərbçi qardaşımız Daşkəsən rayonunun Quşçu kəndindəndir. Ailədə 7 övladın 4-cüsüdür. O, 22 ildir ki, hərbi formanı qürurla geyinir. Daşkəsən, Gədəbəy, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Zirəddin Quliyev həm də müharibə veteranıdır. Təbii ki, məlum hadisələrə görə o zamanlar ordumuzda bir çox çətinliklər var idi. Buna baxmayaraq, o, Vətənin ağır günündə belə çətinliklərdən qorxmadı. Çünki Zirəddin Quliyev uşaqlıqdan bir arzu ilə yaşayıb: hərbçi olmaq. Bu yolda rastlaşdığı heç bir çətinlik onu qorxutmayıb. Hərbi xidmətini başa vurmağa az qalmış o, hərbi təhsil almaq üçün sənədlərini Bakı şəhərinə göndərir. Aylarla imtahana hazırlaşır. Həmin vaxt ən yüksək nəticə göstərən gənclərdən biri olur. Təyinatla hərbi xidməti üçün Naxçıvana göndərilir.
– O zamanlar gənc bir zabitə blokada vəziyyətində olan bir bölgədə xidmət etmək çətin gəlmədimi?
– Əsl hərbçi heç bir zaman bu haqda fikirləşməməlidir. İstər mərkəz, istər sərhəd. Mənim bir amalım var idi: hara olur-olsun, dövlətimə xidmət edib Vətənimi qorumaq. Bu sualınız məni 15 il əvvələ qaytardı. Heç yadımdan çıxmaz. İlk dəfə bura gələndə, təyyarədən Naxçıvana baxanda bu diyar necə də yalnız görünürdü. Naxçıvanın o küskün mənzərəsi indi də yadımdadır. Blokadaya alınmış Naxçıvanın kədərini, düşdüyü vəziyyəti yaxşı dərk edirdim. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisindəki birləşmələrinin o zamankı və indiki vəziyyətini yaxşı xarakterizə etmək imkanına malikəm. O zamanlar bütün sahələrdə olduğu kimi, hərbi hissələrdə də çətinliklər yox deyildi. Elə o illərdə ordu quruculuğu istiqamətində müxtəlif addımlar atılmasına başlanılmışdı. Hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, hərbi qulluqçuların mənzil şəraitləri yaxşılaşdırılırdı. İndi hərbi hissələrdə, demək olar ki, heç bir problem yoxdur.
Zirəddin Quliyev bu gün Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrdə böyük ruh yüksəkliyinin olduğunu fəxrlə söyləyərək əlavə edir:
– O ordu güclü deyil ki, onun güclü hərbi teknikası var, – deyənlərin sözündə böyük həqiqət var. Ordunun gücü əsgər və zabitlərdə olan sarsılmaz ruh yüksəkliyindədir. Bu gün belə ruh yüksəkliyini Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi hissələrində müşahidə etmək mümkündür. Fəxr edirəm ki, hərbçilərimizdə gələcək labüd qələbəyə böyük inam vardır. Bunu muxtar respublikada yerləşən hərbi hissələrin timsalında daha aydın görmək olar. Uzağa getməyək. Mən burada xidmət elədiyim 15 il müddətində hər zaman “xalq-ordu” birliyinin sarsılmazlığını görmüşəm. Mütəmadi olaraq muxtar respublika əhalisi, nazirlik, komitə, baş idarə, müəssisə və təşkilatların, sahibkarlıq qurumlarının nümayəndələri bizimlə görüşə gəlirlər. Baxmayaraq ki, bizim heç nəyə ehtiyacımız yoxdur. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Xalqın bizim görüşümüzə gəlməsi bir məqsəd daşıyır: xalq bizimlədir, arxa cəbhə bizimlədir. Hərbçilərdə böyük ruh yüksəkliyinin olması həm də bununla bağlıdır.
– Bu günlərdə evlə təmin edilən hərbçi ailələrindən biri də siz oldunuz. Hansı hissləri yaşayırsınız?
– 2013-cü il dekabr ayının 31-də ikiqat sevinc yaşadıq. Qüsursuz xidmət etdiklərinə görə mənzillə təmin olunan hərbçilər sırasında mənim də adımın olması ailəmi daha çox sevindirdi. Vətənə qüsursuz xidmətdən böyük nə xoşbəxtlik ola bilər? Mən Naxçıvanda hər zaman bir hərbçi kimi Naxçıvan Muxtar Respublika rəhbərinin diqqət və qayğısını öz üzərimdə hiss etmişəm. Bu qayğının davamı olaraq mənzillə təmin edilməyim ailəmizlə yanaşı, Bakıda və digər rayonlarda yaşayan qohumlarımızın da böyük sevincinə səbəb oldu. Bir də ona sevinirəm ki, Naxçıvanda bir ocağım var. Mən təqaüdə çxıdıqdan sonra Naxçıvanda qalacağam. Çünki artıq inanmıram ki, Naxçıvandan başqa hardasa yaşaya biləm. O qədər bu torpağa bağlanmışam ki, buranın sakitliyini, təmizliyini, əmin-amanlığını heç bir şəhərə dəyişə bilmərəm.
Söhbətimizə evin böyük oğlu 14 yaşlı Elməddin də qoşulur. Böyüyəndə nə olmaq istədiyini soruşanda heç düşünmədən, – hərbçi olacağam, – deyir. O, növbəti ildə Heydər Əliyev adına Hərbi Liseyə sənədlərini təqdim edəcək.
– Atanın işindəki çətinlikləri görürsən, bəzən günlərlə evə gəlmir. Yenə də hərbçi olmaq arzusundasan? – sualıma konkret cavab verir:
– Hərbçini heç bir çətinlik qorxutmamalıdır. Mənim üçün hər şeydən əvvəl Vətəndir.
Digər otaqdan saz səsi gəlir. Diqqətimizi çəkir. Bu isə evin balaca oğlu Xaləddindir. Saz çalmağa böyük həvəsi var. Əliabad qəsəbəsindəki Uşaq Musiqi Məktəbinin saz sinfində təhsil alır. Saza olan həvəsi isə təsadüfi deyil. Çünki Xaləddinin nənəsi Aşıq Ələsgərin nəvəsidir.
Yavaş-yavaş söhbətimizi yekunlaşdırırıq. Elə bu zaman ailə üzvlərindən birinə məxsus olan mobil telefona zəng gəlir. Zəngin musiqisində oxuyur:
İgid əsgər, möhkəm dayan, möhkəm dayan..
Ya azad ol, ya candan keç...
Zirəddin müəllim musiqinin diqqətimi çəkdiyini görüb Elməddinə baxır, gülümsəyir. Öyrənirik ki, Elməddin bu musiqini çox sevir. Görünür, ailədə həm əsl hərbçi var, həm də əsl hərbçi yetişir.
Yavaş-yavaş söhbətimizi yekunlaşdırırıq. Ailə ilə sağollaşıb aşağıya enirik. Zirəddin müəllim də bizimlədir. Ondan vaxtını aldığımız üçün üzrxahlıq edirik. Gülümsəyərək o, xidməti maşınına minir, yenidən hərbi hissəyə qayıdacağını bildirir.
Saat artıq 19-dur. Hava da qaralmaqdadır. Hərbçi üçün bunun əhəmiyyəti yoxdur. Daha dəqiq desək, hərbçi günün 24 saatında da hərbçidir. Bu gün bir daha qürur hissi keçirdik ki, muxtar respublikada yaşayan, fəaliyyət göstərən hərbçilər belə yaşayış tərzini öz vəzifə borcları hesab edirlər. Çünki muxtar respublikanın blokada şəraitində, düşmənlə bir addımlıqda yaşadığını unutmurlar. Onların əməyi isə dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. İş müddətini saatla ölçməyən Zirəddin Quliyev də onlardan biridir.
Sara ƏZİMOVA