Üçüncü minilliyin ikinci onilliyində sosial-iqtisadi inkişafa və mədəni tərəqqiyə nail olan Naxçıvan Muxtar Respublikasında uşaqların müasir bilik və vərdişlərə yiyələnməsi üçün hər cür şərait yaradılır. Onlar üçün müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər tikilib istifadəyə verilir.
Muxtar respublika sağlamlıq imkanları məhdud uşaqların təhsilə yiyələnməsi sahəsində də yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişafı təmin edəcək islahatlar aparılmaqdadır. Rasional meyarlara söykənən sosial siyasət panelindəki bu kontekstdən olan təklif və təşəbbüslərin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdə özlərini ifadə etməsində, başqa sözlə desək, cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyəti vardır.
Bu mənada “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı aparılan məqsədyönlü işə əsaslı stimuldur. Proqramın qəbul olunması muxtar respublikamızda insan faktoruna, xüsusən də həssas qrupdan olan yeni nəslə yanaşmanın ifadəsidir. Proqram zaman baxımından da düzgün vaxtda qəbul edilmişdir. Bəlkə də, 15 il bundan öncə bu proqram qəbul edilsəydi, cəmiyyət buna hazır olmadığından qarşıya qoyulan məqsədlərin çox az qismi öz həllini tapardı. Yeri gəlmişkən qeyd edim ki, bu proqram muxtar respublikanın 90 illik tarixində məhdud fiziki imkanlı uşaqların təhsilə cəlbi ilə bağlı qəbul edilmiş ilk dövlət proqramıdır.
Proqramın giriş hissəsində qeyd edilir: “Ümumilikdə, sağlamlıq imkanları məhdud uşaqlara təhsil müəssisələrində digər uşaqlarla bərabər imkanların yaradılması, bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi və sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə xüsusi proqramın qəbul edilməsi zərurəti yaranmışdır. Proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, müasir tələblər səviyyəsində təhsil almasına, digər tərəfdən bu sahədə təhsil sisteminin inkişafına da təkan verəcəkdir”.
Sözügedən proqramın qəbul olunmasında ümumi məqsəd muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarını təmin etmək, cəmiyyətə inteqrasiyasına nail olmaq, sosial reabilitasiyasını gücləndirmək, müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, məktəb mühitinə uyğunlaşmalarını təmin etmək üçün müvafiq pedaqoji kadr hazırlığı aparmaq, inklüziv və məsafədən (distant) təhsilə keçidə zəmin yaratmaqdan ibarətdir.
Bir sıra dövlət orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də 2014-2015-ci illərdə adıçəkilən proqramın müvafiq müddəalarının icrasını həyata keçirəcəkdir. Qeyd edim ki, komitədə bir neçə ildir, muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına yönəlmiş işlər görülməkdədir. Belə ki, bu günə qədər 1271 sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılaraq onlarla maarifləndirici söhbətlər aparılmış, həmin uşaqlar haqqında məlumat bazası yaradılmış və potensiallarına uyğun olan təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyə olunmuşdur. Təkcə ötən il sağlamlıq imkanları məhdud 37 uşaq ümumtəhsil məktəblərinə və ya məktəbdənkənar müəssisələrə, müalicə və reabilitasiya mərkəzlərinə yönləndirilmişdir. 18 yaşınadək sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlbi ilə əlaqədar 282 uşağın valideynləri ilə əlaqə yaradılmış və bunlardan 67 nəfər muxtar respublikada yerləşən ümumtəhsil müəssisələrinin I siniflərinə qəbul edilmişdir. Əlavə olaraq, 11 nəfər uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunmuş müvafiq kursa göndərilmişdir. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyulmuş vəzifələrin icrasını daha mütəşəkkil həyata keçirməyə çalışacaqdır.
Proqramın həyata keçirilməsi üzrə tədbirlər planının məktəbəqədər təhsil müəssisələri üzrə görüləcək işlər hissəsi məhdud fiziki və məhdud əqli imkanlı uşaqların valideynləri üçün arzuolunan fəaliyyətdir. Məktəbəqədər yaşda olan sağlamlıq imkanları məhdud uşaqların müəyyənləşdirilməsi və onlar haqqında məlumat bazasının yaradılması, bu uşaqların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilməsi, əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi və bu müəssisələrdə uşaqların fiziki və əqli inkişafını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən tədbirlərin görülməsi bu hissənin prioritetləridir. Son illər muxtar respublikada müasir məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, burada uşaq aləminə uyğun şəraitin yaradılması məktəbəqədər yaşda olan uşaqların bu müəssisələrə gətirilməsinin sayını xeyli artırmışdır. Bununla yanaşı, etiraf etmək lazımdır ki, valideynlər sağlamlıq imkanları məhdud uşaqlarını uşaq bağçalarına ya aparmaq istəmir, ya da belə hallarda çətinliklərlə üzləşirlər. Unudulmamalıdır ki, körpə fidanların uşaq bağçalarına qədəm qoymaları onların cəmiyyətə inteqrasiyasına ilk addımıdır. Bu, mümkün olmadıqda, onlar özlərinə qapanır, inteqrasiya çətinləşir və sağlam uşaqlarla aralarında məsafə yaranır. Proqrama uyğun həyata keçiriləcək tədbirlər, müvafiq kurslara cəlb olunmaqla təlim-tərbiyə işinin təşkilində məsul işçilərin bu sahədə peşəkarlıq səviyyələrinin artırılması sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrindən yararlanmasında və digər uşaqlara uyğunlaşmasında mövcud auranı dəyişəcəkdir.
Proqramın icrası bir çox insanın uşaqların qüsurlu olmasına görə yalnız xüsusi müəssisədə təhsil alması təsəvvürünü dəyişdirməyə də əsas yaradacaqdır. Ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsil alması şəbəkəsinin genişləndirilməsi və onların inklüziv təhsilə cəlbi bütün uşaqların erkən yaşda bir-birlərini dərk etmələrinə gətirib çıxaracaqdır. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan insanların təlim prosesinə cəlb olunmasıdır. Bu təhsil forması istər sağlam, istərsə də əlillərin bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur, özlərinə inam hissi formalaşdırır. Əqli və fiziki imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi bu baxımdan proqramda öz əksini tapmışdır.
Sözügedən proqramda əksini tapmış hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması, distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların məktəbli ləvazimatları ilə təmin edilməsi, distant tədrisin təşkili məqsədilə müvafiq pedaqoji kadrların lazımi bilik və bacarığa yiyələnməsi məsələləri də həlli vacib aktual problemlərdəndir.
Təcrübədən məlumdur ki, fiziki sağlamlığı məhdud olan insanların əmək fəaliyyətinə malik olması onları həm mənəvi, həm də maddi cəhətdən təmin edir, əhval-ruhiyyələrinə müsbət təsir göstərir. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi onların gələcəkdə bu və ya digər sənət sahibi olaraq peşələrinə uyğun fəaliyyətlə məşğul olmalarına zəmin yaratmaqda əlverişli seçimdir. Bu səpgidə proqramda nəzərdə tutulmuş tədbirlərin icrası gələcək illərdə bu kateqoriyadan olan insanların işlə təmin edilməsi ilə nəticələnəcək, onların cəmiyyətin gərəkli üzvləri olması faktını təsdiqləyəcəkdir. Bundan başqa, bu həm dövlət, həm də ictimai maraqların müdafiəsinə, eləcə də məhdud fiziki imkanlı insanların əmək hüququnun qorunmasına böyük bir töhfədir.
Sağlamlıq imkanları məhdud uşaqların bacarıq və maraqları nəzərə alınaraq musiqi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə, muxtar respublikada fəaliyyət göstərən müxtəlif idman qruplarına cəlb edilməsi, istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin (yaradıcılıq müsabiqələri, bilik və idman yarışları və sair) keçirilməsi də proqramın tədbirlər planına uyğun məktəbdənkənar müəssisələrdə reallaşacaq həssas qrupdan olan uşaqların arzu və istəkləridir. Fiziki qüsurlu uşaqların digərlərindən daha həssas olduğu, təbiəti, ətraf aləmi, ümumən gördüyü və eşitdiyi nə varsa, hər şeyi daha tez qavradıqları və münasibət bildirdikləri hamıya məlumdur. Belə bir imkandan istifadə edib onları rəsm və əl işləri müsabiqələrinə, xalq çalğı alətləri ifaçılığına, oyun və idman yarışlarına cəlb etməklə həm babalardan ərməğan olan minillik ənənələrimizi, milli dəyərlərimizi və simvollarımızı qoruyub saxlaya, həm də paralimpiya sahəsindəki uğurlarımızı zənginləşdirə bilərik.
Ümumiyyətlə, hər hansı bir işin səmərəliliyini artırmaq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün mütəmadi nəzarəti əsirgəməmək lazımdır. Bu baxımdan məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət üçün müvafiq komissiyanın yaradılması da zəruridir.
Proqrama əsasən, əqli və fiziki məhdudluğu olan uşaqların təhsilə cəlbini kompleks təminetmə, infrastrukturun uyğunlaşdırılması, sistemli şəkildə aparılacaq işin məzmunu yaxın gələcəkdə bu qəbildən olan vətəndaşlarımızın təhsil sahəsindəki problemlərinin köklü şəkildə dəyişəcəyinə əminlik yaradır. Proqramın görünən ümumi hədəfi bundan ibarətdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alsın, onların təhsili səmərə və keyfiyyət baxımından yüksəldilsin, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəmin yaradılsın və bu sahədə müvafiq pedaqoji kadr hazırlığı təkmilləşdirilsin. Görünməyən və gələcək illərdə şahidi olacağımız nəticə isə sağlamlıq imkanları məhdud vətəndaşlarımızın sıralarımızda nikbin dayanması, dövlət və cəmiyyət üçün vacib olduqlarını hiss etməsi və fəaliyyətləri ilə Vətənimizin qüdrətinə güc qatmasıdır.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri