Muxtar respublika əhalisinin elektrik enerjisi, istilik və mavi yanacağa olan tələbatının ödənilməsi istiqamətində son illər böyük layihələr həyata keçirilmişdir. Bu həyati vacib məsələlərin həll edilməsi insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi daşıyır. İndi ilin bütün fəsillərində, soyuq qış aylarında da naxçıvanlılar heç bir çətinliklə üzləşmirlər. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq məsələlərinin müzakirə edilməsi, bu istiqamətdə görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müəyyən olunması artıq bir ənənə şəklini almışdır. 2013-cü il avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə müxtəlif aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən olunmuşdur. Ötən dövr ərzində həyata keçirilən tədbirlər öz bəhrələrini vermişdir. Qış mövsümündə Naxçıvan şəhəri və rayon mərkəzlərindəki ictimai yaşayış binaları, idarə və müəssisələr, təhsil, səhiyyə və digər sosial obyektlər, fərdi mənzillər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə tam təmin edilir.
Naxçıvan şəhərində çoxmərtəbəli yaşayış binalarının fasiləsiz istiliklə təmin olunması məqsədilə ötən il 12 qazanxana tikilərək istifadəyə verilmişdir. Mövcud qazanxanalar işlək vəziyyətə gətirilmişdir. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunması qış mövsümündə bu təşkilatların normal fəaliyyətinə şərait yaratmışdır. Belə tədbirlər rayonlarda da həyata keçirilmiş, ehtiyac olan bütün binaların çardaq hissələrində, giriş qapılarında, elektrik yarımstansiyaları, qaz təsərrüfatlarında, qapalı su hövzələrində təmir işləri aparılmış, sıradan çıxmış, istismar müddəti başa çatmış avadanlıqlar yeniləri ilə əvəzlənmişdir.
Qış fəslinin mütəşəkkil qaydada başa çatdırılmasında enerji təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyətli məsələdir. Ona görə bu sahədə görülən işlər 2013-cü ildə də davam etdirilmişdir.
Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. İstehlakçıların təbii qazla fasiləsiz təchiz olunması ilə yanaşı, mövcud infrastrukturun yenilənməsi də diqqət mərkəzində saxlanmış, istismar müddəti ötmüş qaz xətlərinin yenilənməsi başa çatdırılmışdır. 2013-cü ildə 81,6 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Həyata keçirilmiş və davam etdirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün emal və istehsal müəssisələrinin, idarə və təşkilatlarının, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının fasiləsiz fəaliyyəti təmin edilmişdir. İctimai yaşayış binalarında, fərdi mənzillərdə əhalinin enerji, istilik və mavi yanacağa olan tələbatı yüksək səviyyədə ödənilir. Bütün bunlar belə deməyə əsas verir ki, 2014-cü ilin qış mövsümü də uğurla başa çatacaq.
Xəbərlər şöbəsi