03 Yanvar 2025, Cümə

Kənd həyatı sadəliyi və gözəlliyi ilə fərqlənən, həm də özünəməxsus qayğıları olan bir yaşayış tərzidir. Səs-küydən uzaq, yaşıllıq içərisindəki kənd mənzərəsi öz cəlbediciliyi ilə şəhər həyatının intensivliyindən yorulanların sevimli istirahət yeri, təbii bir rekreasiya məkanıdır.
Hələ min illər əvvəl iri şəhərlər meydana gəlməmişdən kəndlər insanların ilk yaşayış məskəni, dədə-baba torpağı olmuşdur. Kəndlərin, əsasən, çay yataqlarında, bərəkətli vadilərdə, yol kənarlarında və hətta ən ucqarlarda da yerləşməsinin özünəməxsus səbəbləri vardır. İnsanlar hazır təbii şəraitdən və coğrafi mövqedən istifadə edə bilmək, habelə təhlükələrdən də qorunmaq üçün müvafiq yurd yerləri seçmiş, beləliklə də, ilk kənd yaşayış yerləri yaranmışdır. Qədim tarixi hadisələrin şahidləri kimi kəndlərimizin adlarında, sakinlərinin həyat tərzində, adətlərində, mətbəxində yaşayan və indiyə qədər bizə gəlib çatmış zəngin irs bu gün də ən qiymətli milli dəyərlərimiz kimi öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Müasir Azərbaycan kəndi dedikdə təkcə sakinlərinin bir-birini yaxşı tanıdığı bir ərazi vahidi deyil, eyni zamanda milli dəyərlərimizin qorunub saxlanıldığı, sosial-mədəni həyatımızın bütün çalarlarına sahib, iqtisadi inkişafda şəhərdən heç də geri qalmayan bir yaşayış yeri başa düşülür.

Kənddə yaşayanlar, yaxud şəhərdə yaşayıb, necə deyərlər, bir ayağı kənddə olanlar kəndin qayğıları ilə yaxşı tanışdırlar. Kəndə qonaq kimi gələnlərdən fərqli olaraq, onlar bu yerlərdə “iş saatı”nın səhər saat 6-dan başlayıb göz gözü görməyənə qədər davam etdiyini, torpağa atılan hər toxumun, əkilən hər fidanın bəhrəsinin hansı zəhmətlərlə başa gəldiyini, erkən yağan qarın, qəfil dolu və leysanın, quraq keçən yayın, gecikən yazın yaratdığı çətinlikləri yaxşı bilirlər. Bütün ömürlərini kəndə, onun inkişafına həsr etmiş bu insanlara görə isə çəkilən zəhmətin sonunda əldə olunan torpaqətirli nemətlərin dadını şəhərdəki dost və qohumlarla bölüşməkdən gözəl heç nə yoxdur. Çünki bu kənd­li, sadəcə, təsərrüfatçı deyil, həm də təmənnasız neçə-neçə peşə sahibləri yetişdirmiş müəllim, 24 saat həmkəndlilərinin təcili yardımına hazır olan həkim, təqaüdünü minbir fərəhlə toplayıb universitetlərə qəbul imtahanlarında ölkə birincisi olmuş nəvəsinə cibxərcliyi verən baba, əlliillik cehizlərini ən dəyərli xatirə kimi nəvəsi üçün qoruyub saxlayan nənə, Vətənin müdafiəsinə həmişə hazır olan gənc­lərdir.
Yaman günün ömrü az olar!.. Bir gün atamın bir dağ kəndində yaşayan köhnə dostuna baş çəkdim. Çoxdan görüşmürdük. Həyətdəki arı pətəklərinə baxmağa hazırlaşırdı. “Nə var, nə yox, bugünkü güzəranınız necədir?” – deyə soruşdum. O, əvvəlcə sanki bütün ümidlərin tükəndiyi, hər şeyin qıta çıxdığı blokadanın ilk illərini xatırladı. – Amma, çox şükür, bax o nəvəm ötən il universitetə qəbul olunmuşdur. Bir həftə sonra da imtahanları başlayacaq. Onun üçün universitetdə yaradılmış şərait kimi, bizim özümüzün də bir sıxıntımız yoxdur. Nəqliyyat, rabitə öz qaydasında işləyir. Kənddə əhaliyə elə şərait yaradılmışdır ki, bəzən kənddə, ya şəhərdə yaşadığımızı unuduruq. Təqribən 50-60 il bundan öncə kəndimizə bir avtomobil gələndə hamını heyrət bürüyürdü. İndi, maşallah, hər həyətdə bir avtomobil var. Özü də çoxu xarici maşınlardır. 10-cu sinifdə oxuyan nəvəm o gün çağırıb ki, baba, gəl, gör kimi görürsən? Bilirsən də, yaxşı oxuduğuna görə ona kom­püter hədiyyə ediblər. O da, nə bilim, nəsə qoşub, bir də baxıram ki, qonşumuzun Bakıya köçmüş oğlu kompüterdən mənə baxır. Ay qızım, bu nədir? “Baba, internet dövründəyik”, – deyir. Xeyli söhbət elədik. Dedi, darıxıram, kəndə qayıdacağam.
Yadımdadır, o vaxt rəhmətlik atası onu yola salmağa maşın da tapa bilmirdi. İndi dediyinə görə, güzəranı pis deyil, amma yurd çəkir adamı, xüsusən yaşlandıqca. O vaxtdan 15-20 il keçir. İndi gələcək evlərinə –  hava limanından evlərinə qədər gördüyünə inanarmı? Bu kəndə bir neçə il qabaq geniş yol çəkilmişdir. Kənd mərkəzində təzə-təzə binalar: məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmişdir. Bir sözlə, insanların rahat yaşayışı üçün hər cür şərait yaradılmışdır. Bu sözləri ona deyəndə fikri dəyişildi. Dedi ki, oraya gəlməyimi tezləşdirəcəyəm, gələn həftə kənddəyəm. Düzdür, həyətləri ot-alaf içindədir, amma fasilə­siz qazı, suyu, elektriki var. Bunların hamısını dövlətimiz ondan xəbərsiz yaratmışdır. Qonşu kimi də bizə düşən o olar ki, maşını verərəm böyük nəvəmə, gedib onları qarşılayar.
Donub qalmışdım. Bax buna deyərəm ləzzətli kənd həyatı. Adı kənddir, şəhərdən nə fərqi oldu ki? Amma, hər halda, təmiz havası, suyu, bir də torpağa bağlı belə bacarıqlı insanları var.
Allah onların təpərini qüvvətli, dövlətimizi daha da qüdrətli eləsin.

Bəli, bu gün şəhərlə kənd arasındakı fərq həm həyat tərzi, həm də infrastruktur olaraq aradan qaldırılmışdır. Kəndlərimizdə istifadəyə verilən kənd mərkəzləri, ticarət obyektləri, bilik və sağlamlıq ocaqları, kəndlərimizə çəkilən rahat avtomobil yolları, göstərilən nümunəvi rabitə xidməti bu fərqin aradan qaldırılmasında əsas göstəricilərdəndir. Təkcə 2013-cü ildə muxtar respublikada 20 kənd mərkəzi, 21 xidmət mərkəzi istifadəyə verilmişdir. Bir sözlə, indi Naxçıvanın kəndləri şəhər görkəmindədir. Bütün bunlar son 18 ilin bəhrələridir.

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR