Müasir inkişaf özü ilə təzadlar da gətirir. Ötən yazılarımızın birində qeyd etmişdik ki, təxminən, 50-60 il bundan əvvəl insanların həyatında müxtəlif çətinliklər – ağır fiziki işlər, kasıbçılıq, müharibələrin vurduğu saysız-hesabsız zərərlər, səhiyyə ocaqlarının məhdud sayda olmasına baxmayaraq, xəstəliklər indiki qədər geniş yayılmamışdı. Müasir günümüzdə elm və texnologiyanın hərtərəfli inkişafına, sosial və iqtisadi vəziyyətin gündən-günə yaxşılaşmasına baxmayaraq, sağlamlıq arzusunda olanların sayı da hər gün artmaqdadır. Bununsa yeganə səbəbi odur ki, müasir bilik və bacarığa malik olan insan hər cür yenilik üzərində, necə deyərlər, baş sındırsa da, hələ də özünü sonadək öyrənə bilməyib. Elə öyrənə bilmədiyinə görə də müasir sivilizasiyanın “hərtərəfli hücumlarına” məruz qalır. Halbuki həyatda bütün vasitələr sadə, həm də çox sadə həqiqətlər üzərində qurulub. Təəccüblü olsa belə, bu sadəliyi pozan, onu gündən-günə mürəkkəbləşdirən də məhz sivilizasiyalı insandır.
“Min dərdin minbir dərmanı var”
Bu məsəlin ilk dəfə nə zaman və harada deyildiyini bilmirəm. Ancaq bilinən odur ki, həyatda dərmansız dərd yoxdur. Daha doğrusu, Uca Yaradan hər kəsə doğularkən sağlam orqanizm bəxş edib. Bu orqanizmin xidmətində durmağı isə orqanizmin sahibinə əmanət edib. Di gəl ki, insanoğlu ona əmanət edilmiş bu orqanizmi öz əməlləri ilə bərbad vəziyyətə salır. Sonra da başlayır şikayətlənməyə. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu bərbad vəziyyəti bütün canlılar içərisində yalnız şüurlu insan yarada bilir. Həyat və fəaliyyətlərini sağlam yaşamaq uğrunda mübarizəyə həsr etmiş Pol Breq, Katsudzo Nişi, Norman Uoker, Avraam Zalmanov, Mirzəkərim Norbekov kimi dünyanın məşhur alimləri özlərinin sağlamlıq sistemlərini yalnız və yalnız təbiət qanunlarına söykənərək yaratmışlar. Elə buna görə də adıçəkilən alimlər müasir tibbin çarəsiz qaldığı xərçəng, şəkər, vərəm kimi xəstəliklərin müalicə yollarını göstərmiş, eyni zamanda praktik yollarla bunu sübuta yetirərək qiymətli əsərlər yazmışlar. Həmin sağlamlıq sistemləri haqqında az-çox məlumatı olanlar bilirlər ki, müasir tibb xəstəliklərin səbəbini yox, nəticələrini müalicə edir. Halbuki insanlar öz orqanlarının funksiyaları haqqında məlumatlı olsalar və həmin orqanların nə zaman “nə istədiklərini” bilsələr, o istəklərə əməl etməklə heç zaman xəstəliklərə tutulmazlar.
Sadə qanunları pozmaqla həyatımızı mürəkkəbləşdiririk
Yuxarıda qeyd etdik ki, həyat çox sadə həqiqətlər üzərində qurulub. Çoxlarımız axşamüstü işdən evə qayıdarkən çox yorğun olduğumuzu düşünürük. Fikirləşirik ki, yemək yeyib televizora baxmaqla və ya başımızı nə iləsə qatmaqla yaxşı istirahət edirik. Ancaq yanılırıq. Bilirsiniz niyə? Müasir həyatda elə bir dövrə gəlib çatmışıq ki, işlərimizin çoxunu oturaq vəziyyətdə həll edirik və ya buna məcburuq. Lakin bunun “statistikasını” aparmağı düşünmürük. Elə isə fürsət düşmüşkən gəlin hesablayaq. Səhər saat 9-da işə başlayırıq. Saat 1-dək oturaq vəziyyətdə işləyirik. Bu dördsaatlıq iş prosesində kiçik fasilələrlə, ən uzağı, yarım saat ayaqüstə olarıq. Nahar zamanı isə, təbii ki, ayaqüstə yox, oturaraq yemək yeyirik. Ondan sonra yenidən iş otağına keçib oturur və saat 18-dək oturmuş vəziyyətdə işləmək məcburiyyətində qalırıq. Bu növbəti dördsaatlıq vaxtda yenə yarım saatı ayaqüstə qaldığımızı fərz edək. İşdən çıxıb yenə də şəxsi avtomobilimizə və ya ictimai nəqliyyata əyləşirik. Evə çatdıqdan sonra əl-üzümüzü yuyub yenə də süfrə arxasında otururuq. Şam yeməyi yedikdən sonra bu dəfə televizorun qarşısında otururuq. Hətta qonaq getsək də, evdə digər işlə məşğul olsaq da, bu “oturmaq dərdi” bizdən əl çəkmir. Əslində isə biz ondan əl çəkmirik. Günün 24 saatından 8 saatını yatmağa ayırsaq, qalan 16 saatın ən çox 3 saatını ayaqüstə, geridə qalan 13 saatını isə oturaq vəziyyətdə keçiririk. İndi gəlin, necə deyərlər, papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşək. Bir insan gündə 10-13 saat oturaq vəziyyətdə olursa, bu, həftədə ən az 70-80 saat, ayda isə 300 saat deməkdir. İndi siz deyin, bir insan ayda 300 saat və ya bir ayın 30 günündən 12-13 gününü (demək olar ki, yarısını) oturaq vəziyyətdə keçirirsə, hansı xəstəlikdən danışmayasan?
Oturaq həyat tərzinin fəsadları
Yuxarıda adını çəkdiyim və bir çox elmi kəşflərin müəllifi olan Mirzəkərim Norbekov insanın, demək olar ki, əksər xəstəliklərini onun yaşam tərzinin onurğa sütununa təsiri ilə əlaqələndirir. Qeyd edək ki, insanın onurğa sütunu 7 boyun, 12 döş, 5 bel və 5 birləşmiş oma fəqərələrindən ibarətdir. Bunların arasında fibroz toxumadan və qığırdaq nüvəsindən ibarət fəqərələrarası disklər yerləşir. Onurğa müvazinət funksiyasını, disklər isə amartizator funksiyasını daşımaqla fəqərələrə elastiklik və hərəkətlilik verir. Əgər insan oturaq həyat tərzi keçirirsə, idmanla məşğul olmursa, bir sözlə, onurğa sütunu uzun müddət hərəkətsiz qalırsa, o zaman qan dövranında durğunluq yaranır. Orqanizmdən xaric olunmalı duzlar beyin toxumalarında, qan damarlarında, əsasən də, oynaqlarda – fəqərələr arasında toplanır. Tullantıların disklərdə toplanması fəqərələrin elastikliyinin itməsinə, qurumasına səbəb olur. Disklər quruduqca fəqərələr sıxılır. Sıxıldıqca fəqərələrin arasından çıxan sinir ucları da sıxılır. Eyni zamanda qan və limfa damarları da sıxılmağa başlayır. Nəticədə, bu sinir liflərinin, qan və limfa damarlarının əlaqədar olduğu bədənin hər hansı fəqərələrinə uyğun müvafiq orqanlarında çoxsaylı xəstəliklərin yaranması müşahidə olunur. Radikulitlər, fəqərə yırtıqları, artrozlar, daxili orqanların xəstəlikləri məhz bu səbəbdən əmələ gəlir.
Professor M.Norbekov bütün bu problemlərdən xilas olmağın yolunu düzgün həyat tərzi keçirməkdə, sağlamlıq üçün çox əhəmiyyətli olan onurğa sütununun hərəkətliliyini təmin edən xüsusi təlim və məşqlərdə görür.
İllərdir ki, tibbi ekspertlər insanlarda fiziki qeyri-fəallığın riskləri ilə bağlı xəbərdarlıq edirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə insanlar son zamanlar daha çox oturaq həyat tərzi keçirirlər. Təşkilat həmçinin dünyada ildə iki milyona qədər insanın oturaq həyat tərzi də daxil edilməklə fiziki aktivliyin olmaması səbəbindən öldüyünü bildirir. Amerika Birləşmiş Ştatları və Avstraliya tədqiqatçıları gün ərzində həddən ziyadə oturaq zaman keçirən insanlarda xərçəng, şəkər, ürək-damar xəstəliklərinin və yüksək qan təzyiqi risklərinin müşahidə olunduğunu aşkar ediblər. Amerikalı alimlər xəbərdarlıq edirlər ki, gün ərzində 6 saatdan artıq oturaq vəziyyətdə işləməyə məcbur olan cavan insanların bir hissəsi 15 ildən sonra müxtəlif xəstəliklərlə üzləşir. Saatlarla oturaq həyat tərzi keçirməyin mənfi nəticələrindən hətta ən yaxşı fiziki formada olan insanlar da qaça bilmirlər. Növbəti belə təcrübə Kanadada uşaqlar üzərində aparılıb. Maraqlı televerilişlərə baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templəri öyrənilib. Tədqiqatçıları, hər şeydən öncə, uşaqların saatlarla məktəb partası arxasında əyləşəndən sonra kompüter masasının arxasına keçmələri, yaxud televiziya verilişlərinə baxmaları məsələsi daha çox narahat edir. Məlum olub ki, iki saatdan yeddi saata qədər oturan uşaqların qanında şəkərin miqdarı azalır, faydalı xolesterinin səviyyəsi aşağı düşür. Nəticədə, osteoporoz xəstəliyini yaradan faktorlar ortaya çıxır. Eyni zamanda çox oturmaq kökəlməyə də səbəb olur. Alimlər müəyyənləşdiriblər ki, hər gün 2 saat oturmaq kökəlmə riskini 5 faiz artırır.
Son söz
Oturaq həyat tərzinin fəsadlarından bəhs etdik. Doğrudur, bu gün müasir inkişafın qarşısına keçib bütün işlərimizi ayaqüstə həll edə bilmək imkanımız yoxdur. Ancaq hər gün müəyyən fasilələrlə müxtəlif fiziki hərəkətlər etmək, gün ərzində yaxın məsafələri piyada qət etmək öz əlimizdədir. Onu da nəzərə alaq ki, yay fəslindən fərqli olaraq, qışda oturaq həyat tərzi keçirməyə daha çox məcburuq. Bununsa yeganə yolu gündəlik rejimdə aktiv fiziki hərəkətlərə daha çox yer verməkdir. Bu gün ümumtəhsil məktəblərindən tutmuş ali təhsil ocaqlarınadək, həmçinin müxtəlif idarə, təşkilat və qurumlarda minlərlə insan oturaq həyat tərzi keçirməyə məcburdur. Əgər gündəlik həyatımızda gündəlik fiziki hərəkətləri vərdiş halına gətirməsək, gələcəkdə bu fəsadlardan qurtulmağımız da çətin olacaq. Yaddan çıxarmayaq ki, sağlam gələcəyə oturmaqla yox, addımlamaqla çata bilərik.
Səbuhi HƏSƏNOV