Bu dəfə yolumuz Ordubad rayonunda yerləşən, füsunkar təbiətə malik ərazilərdən biri olan, günü-gündən gözəlləşən, öz qədimliyini qoruyub saxlayan Sabirkəndədir. Kəndə çatana kimi yol boyu muxtar respublika kəndlərinin ağır sınaqlardan keçdiyi günləri gözlərimin önündə canlandırırdım. İnsanları ən ağır sınaqlara çəkilən Naxçıvan torpağı dəryada sükansız gəmi təsiri bağışlayırdı. Yolları bağlanan, işığı kəsilən, mağazalarının qabağında çörək növbələri yaranan, tez-tez güllə səsləri eşidilən diyarın sakinlərinin bu gündən sabaha ümidləri qalmamışdı. Ancaq bu vəziyyət naxçıvanlıların əzmini sındıra bilmədi. Doğma torpağa bağlılıq, ata-baba əmanəti olan yurd yerlərinə məhəbbət hissləri qalib gəldi.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişi, buradakı fəaliyyəti, naxçıvanlılara tövsiyə və məsləhətləri insanların sönmüş ümidlərini özlərinə qaytardı. Qədim diyarın bu gününün təməli beləcə qoyuldu. O illərlə bu gün arasında elə də böyük zaman kəsiyi olmadığını düşünürəm. Ancaq görülən işlərin, qazanılan uğurların, sosial-iqtisadi inkişafın möhtəşəm olduğu bu günün gerçəkliyidir. Yol boyu kəndlərdə gördüyüm yeni quruculuq ərməğanları məhz doğma yurda, onun insanlarına qayğının ifadəsi kimi diqqəti çəkir. Bütün bunlar asan başa gəlməyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözlərini xatırlayıram: “Quruculuq işləri təkcə şəhər və rayon mərkəzlərini yox, ən ucqar kəndləri də əhatə edir. Kəndlərdə məktəblər, tibb məntəqələri, kənd mərkəzləri, rabitə-poçt müəssisələri, mədəniyyət obyektləri tikilir, yeni avtomobil yolları salınır. Bu inkişaf ona görə davamlıdır, ona görə hər il artan xətt üzrə gedir ki, bütün dövrlər üçün yaradıcı gücə malik olan Heydər Əliyev siyasi irsi, quruculuq xətti ölkəmizdə davam və inkişaf etdirilir”.
Budur, Sabirkəndə çatmışıq. Qışın oğlan çağıdır. Buna baxmayaraq, rastlaşdığımız insanların üzündə xoş təbəssüm var. Bir neçə ildir ki, bu yaşayış məntəqəsi muxtar respublikada nail olunan sosial-iqtisadi inkişafın önündə gedən yurd yerlərindən biridir. Bu amil sabirkəndliləri öz doğma yurd yerlərinə sıx tellərlə bağlamışdır.
Bir az irəlilədikcə müasir binalar gözə dəyir. 2010-cu ildə Sabirkənddə kənd mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, rabitə evi, polis sahə məntəqəsi, 3160 ədəd kitab fonduna malik kitabxana, mədəniyyət evi, 40 yerlik zal yerləşir. Kənd tamamilə qazlaşdırılmış, bütün evlərə telefon çəkilmiş, burada həkim ambulatoriyası tikilmişdir. Kənd sakinlərinə ən böyük quruculuq ərməğanlarından biri də bu ilin oktyabr ayında istifadəyə verilən tam orta məktəb binasıdır. Məktəb kollektivi yaxşı başa düşür ki, yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə, gələcəyimiz olan gənc nəslə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Məktəbdə müasir informasiya texnologiyalarının tətbiqi, yeni tədris avadanlıqlarının qurulması təhsilin səviyyəsini xeyli yüksəltmişdir. Göstərilən hərtərəfli diqqət və qayğıya cavab olaraq məktəbin pedaqoji kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Onu da qeyd edək ki, ötən tədris ilində məktəbi bitirən məzunlardan 7-si ali məktəblərə, 3-ü orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Növbəti qəbul imtahanında uğurları daha da artırmaq məktəb kollektivinin hədəfidir.
Məktəblə tanışlıq zamanı sinif otaqlarını gəzdik. Birinci sinif şagirdləri diqqətimizi çəkdi. Onlara baxdıqca Azərbaycanın parlaq gələcəyini görmək heç də çətin deyildi. Öyrəndim ki, 2013-2014-cü tədris ilində Sabirkənd tam orta məktəbində birinci sinfə 30 şagird qəbul olunmuşdur. Məktəb binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Gənclər ölkəmizin gələcəyidir. Bu mənada təhsilə göstərilən qayğı, çəkilən zəhmət ölkənin gələcəyinə xidmət edir. Dövlətimiz tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Yeni məktəb binaları tikilir, tədrisin keyfiyyəti yüksəldilir, müəllimlərin əməkhaqları artırılır, fərqlənənlərin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar isə müəllimlər qarşısında mühüm vəzifələr qoyur. Ölkəmizin gələcəyi olan gənclərin hazırlanması, onların Vətənə sədaqət ruhunda tərbiyə olunması hər bir müəllimin fəaliyyətinin əsasını təşkil etməlidir”. Ali Məclis Sədrinin bu fikirləri məktəb kollektivinin fəaliyyət devizinə çevrilmişdir.
Məktəbdən ayrılandan sonra kənd sakini Tağı Fərəcovla qarşılaşırıq. Bir neçə kitabın müəllifi olan Tağı müəllimlə kəndi gəzə-gəzə söhbət edirik:
– Bax, görürsünüz bu yolları? Əvvəllər bu yollar yararsız halda idi. Uçuq-sökük və yöndəmsiz yaşayış evləri kəndimizdə cansıxıcı bir mənzərə yaratmışdı. Görkəmindən bəlli olurdu ki, bu kənddə yaşayanlar ağır güzəran keçirirlər. Kənddə kitabxana, klub, həkim məntəqəsi, ticarət binası, bir sözlə, sosial obyektlər yox dərəcəsində idi. Kənd sakinləri maldarlıqla, əkinçilik və bağçılıqla məşğul olsalar da, ağır güzəran keçirirdilər. İşsizlik üzündən daim ehtiyac içərisində yaşayırdılar. Vallah, o zamanlar qəzetlərə yazı yazanda kəndimizin vəziyyətini ürəkağrısı ilə qələmə alırdım. İndi vəziyyət tamam başqadır. Kəndimiz günü-gündən gözəlləşir, abadlaşır, inkişaf edir. Yüksək diqqət və qayğı, yaradılan əlverişli şərait kənd adamlarının doğma torpağa, yurd yerinə bağlılığını daha da artırır, onları qurub-yaratmağa, özlərinə firavan dolanışıq qurmağa həvəsləndirir, günün reallıqları ilə ayaqlaşmağa, bazar iqtisadiyyatının qanunlarına uyğunlaşmağa sövq edir. Çünki ələbaxımlılıq, başqasından asılı olmaq kəndlinin təbiətinə ziddir. Halal qazanc mənbəyi – torpaq payı olan hər bir kəndli bu gün daha qürurludur. Bu qürur isə əzmkarlıqdan, zəhmətsevərlikdən doğur. Övladlarımın hamısı ali təhsillidir. Onlar ali təhsillərini başa vurduqdan sonra doğma kəndlərinə qayıtdılar; burada işləyir, təsərrüfatla məşğul olurlar.
Kəndin sağ və sol səmtində sıralanan zirvəli dağlar, qayalar, lap yaxınlığından səs-küylə axan Gilançay kəndə əsrarəngiz bir gözəllik verir. İnsanı ruhlandırır, yaşayıb-yaratmaq həvəsi yaradır. Məhz bu cür təbiətinə görə kəndimizdə uzunömürlülər çox olmuş və indi də vardır. Fatimə Mehbalıyeva, Sara Fərəcova, Telli Mehdiyeva, Sonabəyim İbrahimova, Balabəyim Mehbalıyeva, Nabat Rüstəmova, Xavər və Yavər Əhmədovalar yüz, yüz on yaş ömür sürmüşlər. Bu gün ömürlərinin ahıl dövrünü yaşayan Əşrəf Əşrəfov, Salman Əliyev, Bayraməli Rüstəmov, Əli Əliyev, İmran İbrahimov kəndin ən qocaman sakinləri sayılırlar. Onlar hətta şəxsi təsərrüfatlarında çalışmaqdan da qalmırlar.
Kəndin təbii şəraiti olduqca əlverişlidir. Gözəlliklər qoynunda qərar tutan bu kənddə əsas məşğuliyyət sahəsi meyvə-tərəvəzçilikdir. Ata-babadan belə eşitmişik və belə görmüşük ki, kəndli torpaqda çalışar, bağ-bağçada, əkin-biçində olar, ruzi-bərəkətini də torpaqdan qazanar. Belə zəhmətkeş insanlarla söhbətləşirəm. Torpağa tükənməz ruzi-bərəkət mənbəyi kimi baxan, ona əsl övlad münasibəti bəsləyən zəhmətsevər Polad Əliyev söhbət əsnasında deyir:
– Ağlım kəsəndən dədə-babalarımızı əkinçiliklə məşğul olan görmüşəm. Doğrudur, onlar çox zəhmət çəkir, qazancları isə cüzi olurdu. Bununla belə, öz ailələrini birtəhər dolandırırdılar. İndi şükür ki, hər şey kəndlinin öz ixtiyarındadır. Sulu, bol-bərəkətli torpaqlar biz kəndlilərə təmənnasız verilib; qazancımıza şərik çıxmaq istəyən də yoxdur. Əksinə, dövlətimiz torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərir, lazımi qədər maliyyə yardımı, toxum, gübrə, texnika verir. İstəyir ki, heç bir çətinliyimiz olmasın, torpağımızı rahat əkib-becərək, yaxşı dolanaq, özümüzə layiqli yaşayış yaradaq. Bu cür yüksək qayğının müqabilində gərək biz kəndlilər də yaxşı çalışaq, əkinimizin məhsuldarlığını artıraq ki, bundan dövlətimizə, xalqımıza, elimizə, obamıza da bir xeyir dəysin. Dövlətin də istəyi bu deyilmi? Mən neçə illərdir ki, tərəvəzçiliklə məşğul oluram. Ailəmin tələbatını ödəməklə yanaşı, məhsulumun bir hissəsini də bazara çıxarıb qazanc əldə edirəm.
Kənddə meyvəçiliklə ciddi məşğul olanlardan Abdulla Əliyev, Sərməst Əliyev, Rəşad Hüseynov və başqaları becərdikləri bağlardan hər il bazara tonlarla məhsul çıxarıb yaxşı qazanc əldə edirlər. Bu mənada sahibkarlar hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasının imkanlarından yetərincə bəhrələnirlər. Bunu dövlətimizin məhsul istehsalçılarına göstərdiyi qayğının tərkib hissəsi kimi çox yüksək qiymətləndirirlər. Əvvəllər bəzi imkanlar olmadığından, məhsulun bazara daşınması çətinliklər yaratdığından bu adamların əməyinin bəhrəsi olan tonlarla meyvə-tərəvəz zay olub gedir, gözdağına çevrilirdi. İndi isə vəziyyət tamam başqa cürdür. Sahibkarlar nə məhsullarının bazara daşınmasında nəqliyyat xərci çəkir, nə rüsum ödəyir, nə də digər çətinliklərlə üzləşirlər. Odur ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına maraq getdikcə artmaqdadır.
Sabirkənddə heyvandarlıq da inkişaf etdirilir. İndi kənddəki təsərrüfatlarda, ümumilikdə, 677 baş iribuynuzlu, 879 baş isə xırdabuynuzlu heyvan saxlanılır. Heyvandarlardan Abbasqulu Hüseynov, Qorxmaz Əliyev, Yalçın Fərəcov və başqaları bu işlə daha ciddi məşğul olur, dövlətimizin göstərdiyi dəstəkdən lazımınca yararlanaraq öz təsərrüfatlarını ildən-ilə genişləndirir, onun cins tərkibini daha da yaxşılaşdırırlar. Belə olan təqdirdə heyvandarların təsərrüfatlarından əldə etdiyi qazanc da artıq olur. Digər tərəfdən, daxili bazarda ət və süd məhsullarının bolluğu yaranır ki, bu da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır.
Onu da xüsusilə qeyd edim ki, Sabirkənddə gənclər ağbirçək və ağsaqqallara böyük hörmət, ehtiram göstərirlər. Onlar milli adət-ənənələrimizə, milli geyimlərimizə hörmətlə yanaşırlar. Xüsusən də xeyir-şər məclislərində birlik nümayiş etdirirlər. Bu səmimi və işgüzar adamlarla ünsiyyətdə olduqca onların yaşayıb-yaratmaq əzmi qarşısında heyrətlənməmək olmur.
Kənddə kimlə həmsöhbət oldumsa, hamı Sabirkəndin abad yaşayış məntəqəsinə çevrildiyini, insanların rifahının yüksəldiyini, problemlərinin vaxtlı-vaxtında həll olunduğunu bildirdi.
Kəndlərimizin abadlaşdırılması, belə ünvanlarda yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirləri Sabirkəndin timsalında bütün çalarları ilə görmək mümkündür. Bu tədbirlərin getdikcə daha geniş vüsət alması isə o deməkdir ki, belə yaşayış məntəqələri hərtərəfli dövlət qayğısından kənarda deyil. Bunun müqabilində isə hər bir kənd adamı sosial-iqtisadi inkişafımıza öz töhfələrini verməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “İnsanların öz vəzifə və hüquqlarını həyata keçirməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Dövlətimizin vəzifəsi olaraq həyata keçirdiyi tədbirlər müqabilində biz də öz vəzifələrimizi yerinə yetirməliyik. Torpaqlardan səmərəli istifadə olunmalı, insanlar fəaliyyət göstərdiyi yerdə yaxşı çalışmalı, hər kəsin dövlətimizin, iqtisadiyyatımızın möhkəmlənməsində əməyi olmalıdır”.
Sabirkəndlilər də bu amalla yaşayır, qurub-yaradırlar.
Sara ƏZİMOVA