Sığorta-pensiya sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsi tədbirləri çərçivəsində pensiyaların ödənilməsində yeni forma və metodların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu gün pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların plastik kartlarla ödənilməsi vacib məsələyə çevrilmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 2003-cü il 4 avqust tarixli Fərmanına əsasən, ölkədə pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin tətbiqinə başlanmışdır. Pensiyaların ödənişində plastik kart sisteminin tətbiqi sığorta-pensiya sistemində reallaşdırılan ən uğurlu tədbirlərdən biridir. Bunun nəticəsidir ki, pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır.
2005-ci ildən Naxçıvan Muxtar Respublikası ərazisində də pensiyaçıların pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi üçün hazırlanan plastik bankomat kartları Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hesabına hazırlandığından pensiyaçılara pulsuz paylanır. Plastik kart və onun unikal PİN kodu Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıya şəxsən təqdim edilir. Pensiyaçılar həmin kartlar vasitəsilə pensiyalarını vəsait hesaba köçürüldükdən dərhal sonra Azərbaycan Respublikasının istənilən bölgəsində və günün istənilən saatında bankomatlardan almaq imkanına malikdirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, hazırda muxtar respublikada pensiyaçıların 52 min 317 nəfərinə, yaxud 100 faizinə pensiyaları plastik kartlar vasitəsilə ödənilir. Ötən 2013-cü ildə plastik kartla təmin olunan pensiyaçıların sayı 5 min 597 nəfər olmuşdur. Qeyd edək ki, plastik kartla təmin olunma pensiyaçıların könüllü müraciətləri əsasında reallaşdırılır.
Xəbərlər şöbəsi