İnformasiya texnologiyalarının tətbiqi poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmət növlərinin də göstərilməsini zərurətə çevirib. Belə ki, Naxçıvanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaradıb. Layihəyə uyğun olaraq, muxtar respublikada 105 poçt şöbə və bölməsi avtomatlaşdırılıb, yeni sistem üçün server qurulub, lazımi proqram təminatı ilə təchiz edilib. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarının, energetika, qaz və su təsərrüfatı müəssisələri işçilərinin iştirakı ilə kurslar təşkil olunub. 2013-cü il iyul ayının 1-dən etibarən Naxçıvan şəhərində, oktyabr ayının 1-dən isə rayon mərkəzlərində və kəndlərdə kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılıb. Hazırda poçt məntəqələri vasitəsilə kənd yerlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi və müştərilərə genişhəcmli xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən tədbirlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirib. Sərəncama əsasən, cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilib, onun rayon filiallarının işinin təşkili üçün müvafiq hüquqi və praktik işlər yerinə yetirilib. Artıq “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tam olaraq fəaliyyətə başlayıb. Hazırda cəmiyyət 7 filialı və 149 poçt məntəqəsi vasitəsilə muxtar respublika əhalisinə nümunəvi xidmət göstərir.
Poçt xidmətinin həcminin artırılması ilə əlaqədar olaraq, daxili poçtdaşıma işlərinin yaxşılaşdırılması, məktub və bağlamaların vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılıb. Yüklərin daşınması üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun rayon filialları üçün 8 ədəd “NAZ- Lifan” markalı avtomobil alınıb.
Xəbərlər şöbəsi