Cəmiyyətdə iqtisadi və sosial münasibətlər dərinləşdikcə sığorta xidmətlərinin əhəmiyyəti daha da artır. Sığortanın faydalarından istifadə edərək artıq daha çox vətəndaş sığorta növləri vasitəsilə müxtəlif riskləri zəmanət altına almağa maraqlı olur. Bununla əlaqədar, sığorta sahəsində aparılan işlərin təcrübəsi göstərir ki, tərəflərin maraqları arasında müəyyən riskli hadisələr zamanı ödənilən sığorta məbləği məsələləri mühüm yer tutur. Ona görə də sığorta fəaliyyətlərinin tənzimlənməsi üzrə bəzi suallara cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik. Müsahibimiz agentliyin baş mütəxəssisi Hafiz Hüseynovdur.
– Hafiz müəllim, sığorta nədir və ondan nə gözlənilir?
– İlk olaraq onu qeyd edim ki, sığorta hadisələr zamanı bu hadisələrdən zərər çəkmiş insanların maddi itkilərini aradan qaldırmaq məqsədi güdür. Başqa sözlə, sığorta olunmaq o deməkdir ki, insanlar sığorta agentliyinin təklif etdiyi xidmət müqabilində öz sağlamlığı və əmlakına baş verə biləcək müəyyən gözlənilməz və bədbəxt hadisələr nəticəsində dəymiş zərərlərin nəticəsini aradan qaldıra bilərlər. Sığortadan gözlənilən nəticələr həm iqtisadi, həm də sosial səmərə cəhətdən çox əhəmiyyətlidir. Məsələn, sığortaolunanların ödədikləri haqların mərkəzləşdirilərək baş verən gözlənilməz hadisələr nəticəsində zərər çəkmişlərə verilməsi onun iqtisadi əhəmiyyətini, vətəndaşların əvvəlcədən sığortalanaraq gözlənilməz hadisə nəticəsində dəymiş zərərin nəticələrinin sığortaçılar tərəfindən aradan qaldırılması isə onun sosial əhəmiyyətini əks etdirir.
– Baş verən hansı riskli hadisələrin nəticələri sığorta predmeti hesab olunur?
– Qeyd edək ki, həyatda baş verə biləcək müxtəlif hadisələr nəticəsində insanın sağlamlığına və əmlakına zərərlər dəyə bilər. Lakin bunların hamısı sığorta oluna biləcək hadisələr hesab olunmur. Sığorta hadisələri təsadüfi, gözlənilməz, əvvəlcədən müəyyən olunmayan hadisələrdir. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, sığorta olunmaq riskli hadisənin baş verməsinin qarşısını almır, onun törətdiyi maddi itkiləri aradan qaldırmağa xidmət edir. Məsələn, daşınmaz əmlak sığorta olunub deyə, həmin əmlakın yanmayacağına heç kim zəmanət verə bilməz. Sığorta yalnız yanğın, zəlzələ, subasma və sair kimi təsadüfi, əvvəlcədən bilinməyən, təkrarolunan hadisələrin səbəb olduğu zərərlərin aradan qaldırılmasına xidmət edir. Ona görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hadisənin xarakterində təsadüfilik, gözlənilməzlik olmayan hadisələr üçün sığorta işi aparılmır və bu hadisələr sığorta hadisəsi hesab olunmur. Məsələn, qrunt sularının yer səthinə yaxın olduğu yerdə özünə ev tikən vətəndaşlar burada hər an subasma ehtimalı olduğunu bildikləri üçün bu hadisədən daşınmaz əmlakını sığorta etdirə və müvafiq olaraq da həmin hadisə baş verdikdə sığorta ödənişi tələb edə bilməzlər. Ancaq yanğın, zəlzələ, daşqın və digər qəfil, gözlənilməz hadisələrdən dəyən zərərləri minimumlaşdırmaq üçün sığorta orqanları bağlanılmış müqaviləyə uyğun insanlara dəymiş zərərlərin əvəzini ödəməyə hazırdır. Məsələn, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası zamanı sığorta agentliyi vətəndaşların ödədiyi sığortahaqqı müqabilində bağlanılan müqavilə əsasında baş verə biləcək yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya xətlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, ildırım düşməsi, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində və üçüncü şəxslərin hərəkətləri zamanı dəymiş faktiki zərər həcmində sığorta məbləği ödəməyə hazırdır.
– Bu sahədə tənzimlənmə necə aparılır?
– Bütün bu işlər sığortaçı və sığortaolunan vətəndaş arasında müqavilənin bağlanması ilə başlayır. Belə ki, icbari sığorta müqaviləsinin bağlanılması sığortaçı ilə sığortaolunanın istəyinə görə deyil, qanunun tələbinə görə aparılır. Çünki icbari sığortanın əsas prinsiplərindən biri onun məcburiliyidir. Qanunda göstərilən şərtlər əsasında sığorta müqaviləsi bağlanıldıqda sığortalıya sığorta agentliyi tərəfindən “sığorta şəhadətnaməsi” adlanan sənəd təqdim olunur. Qeyd edim ki, bu sənəddə sığortaçı və sığortalıya aid olan məlumatlarla bərabər, sığorta predmeti, yəni nəyin sığorta olunduğu, sığorta riskləri, sığorta məbləği, sığortahaqqının məbləği, onun verilməsi qaydası və müddəti göstərilir. Sığorta müqaviləsi bağlanıldıqda təqdim olunan şəhadətnamədə göstərilən məlumatlarla yanaşı, tərəflər arasında hər müqavilə bağlandığı zaman sığorta agentliyinin mütəxəssisləri tərəfindən vətəndaşlara əlavə maarifləndirici məlumatlar da verilir. Bu zaman bu müqavilə üzrə vətəndaşların hüquq və vəzifələri onlara izah olunur, baş verə biləcək riskli hallar zamanı hansı tədbirlərin görüləcəyi və kimlərə müraciət ediləcəyi haqda məlumatlar verilir. Təcrübə göstərir ki, xüsusən sığorta şəhadətnaməsi ilə diqqətlə tanış olmayan bəzi vətəndaşlar istənilən bir hadisə nəticəsində dəymiş zərərə görə agentliyə müraciət edirlər. Ancaq sığorta təminatı qanunda və qaydalarda göstərilən və sığorta şəhadətnaməsində də qeyd olunan hallar üçün verilir.
– Sığorta ödənişləri zamanı mövcud qanun nəyi tələb edir?
– Bir məsələni qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə mövcud olan bütün iqtisadi münasibətlər kimi, sığorta da burada iştirak edən tərəflərin qarşılıqlı maraq və mənafeləri üzərində qurulmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, icbari sığortalar üzrə baş vermiş hadisələrə yanaşma həmin icbari sığorta üzrə qanunla müəyyən olunmuş və sığorta müqaviləsində göstərilmiş hadisələr dairəsində olmalıdır. Könüllü sığortalara isə müqavilə bağlanılan sığorta növü üzrə müəyyən olunmuş qaydalarda göstərilən və müqavilədə əks olunan hadisələr dairəsində baxılmalıdır.
Əmlakı, sağlamlığı zərər çəkmiş vətəndaşların müraciətlərinə icbari sığortalar üzrə qanunla və bağlanılmış müqaviləyə, könüllü sığortada isə qaydalara və bağlanılmış müqaviləyə uyğun olaraq baxılır, işin mahiyyəti vətəndaşlara izah olunur, müqaviləyə uyğun cavab verilir.
– Bəs bu sahədə işlərin səmərəli aparılması üçün nə tələb olunur?
– Sığorta fəaliyyəti məsuliyyət tələb edən bir işdir və bu işin dəqiq yerinə yetirilməsi tələb olunur. Öz növbəsində, on minlərlə vətəndaşın bir çox növdən olan sığorta müqavilələrinə qoşulması üçün lazımi işlərin görülməsi və ola biləcək təsadüfi, bədbəxt hallardan zərərçəkmiş sığortalılara ödənişlərin verilməsi bütöv bir kompleks işlərin nəticəsində mümkün olur.
Bunlardan əlavə, sığorta ictimai əhəmiyyət kəsb edir. Çünki insanların həyatı, əmlakı, mülki məsuliyyətinin sığorta olunması cəmiyyətdə hər kəs üçün faydalıdır.
– Müsahibə üçün sağ olun!
Əli CABBAROV