03 Yanvar 2025, Cümə

Babək rayonu ulu öndərimiz Heydər Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində inkişaf yolu keçən və tərəqqiyə qovuşan bölgələrimizdən biridir. Müstəqillik qazandığımız illərdə də bu qayğı davam etdirilib, həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində xeyli quruculuq və abadlıq tədbirləri həyata keçirilib. Rayonda diqqəti ilk cəlb edən məqamlardan biri isə kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində görülən işlərdir. Naxçıvan şəhərinin 13 kilometrliyində qərar tutan Şıxmahmud kəndi belə yaşayış məntəqələrindən biridir. Son illər Şıxmahmud kəndində bir neçə yeni obyektin istifadəyə verilməsi sakinlərə böyük dövlət qayğısının ifadəsi kimi yadda qalıb.

Tarixi mənbələr kənd və kəndin adı barədə nə deyir?

Əvvəlcə onu deyim ki, kompleks quruculuq tədbirləri hesabına bu gün siması dəyişən Şıxmahmud kəndi muxtar respublikanın qədim yaşayış məntəqələrindən biridir. Üz tutduğum bütün yaşayış məntəqələrində ilk olaraq həmin yaşayış məntəqələrinin tarixi və daşıdığı adın etimologiyası ilə maraqlanmağım bir adətə çevrilib. Bu kəndin “Şıxmahmud” adlandırılması barədə ilk məlumatı qəzetimizdə dərc olunan yazılardan birində oxumuşdum.

Bir neçə digər tarixi mənbələrdə də bəzi bilgilərlə rastlaşmışdım. Həmin məlumatlara görə, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşən Şıxmahmud kəndində məskunlaşmanın tarixi 2 min ilə yaxındır. Kəndin coğrafi mövqeyi, təbii şəraiti bu yaşayış məntəqəsini karvan-ticarət yollarının mərkəzinə çevirib. Bir vaxtlar Böyük İpək Yolundan istifadə edən Qərbi Azərbaycanın qədim Çobankərə və Türkiyə ilə sərhəddə yerləşən Salaçlı kəndlərinin dəvəçi dəstələri Naxçıvandan keçərək Biçənək yolu ilə Azərbaycanın müxtəlif bölgələrinə gedər, Dəmirqapı Dərbəndə qədər yük daşıyardılar. Başçıları Şeyx Mahmud adlı dindar bir şəxs olan dəvəçilərin bu yolda düşərgə saldıqları iki məkandan biri Şıxmahmud kəndinin sol səmti, Naxçıvançayın kənarı olub. Dəvəçilər indiki Şıxmahmud kəndinin yaxınlığındakı vadilərdə dəvə sürüləri bəsləyərdilər.
Kəndin adı ilə bağlı bildiklərimizin nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün filologiya elmləri doktoru Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabına üz tutduq. Alim yazır ki, bu kənd adı mənbələrdə Şeyx Mahmud kimi qeydə alınıb. Canlı danışıq dilində tədricən “Şıxmahmud” şəklinə düşüb. Bəzi fikirlərə görə, bu adın “Şahmahmud” şəklində olduğu da iddia edilir. Antroponim səciyyəli bu ad dini rütbə bildirən “şeyx” sözü ilə Mahmud şəxs adının birləşməsindən əmələ gəlib.
Kəndin qədim tarixi ilə bağlı digər bir mənbə yaşayış məntəqəsinin yaxınlığında olan Antik dövrə aid arxeoloji abidədir. Şıxmahmud nekropolu 1989-cu ildə təsadüfən aşkar edilib. Buradan gil qab qırıqları və dördkünc formalı qəbir, qəbirlərdən çəhrayı, yaşıl və göy rəngdə 4 ədəd şüşə qab tapılıb. Abidədə həmçinin tünd mavi rəngdə 78 ədəd şüşə muncuq aşkara çıxarılıb. Nekropol I-III əsrlərə aid edilir.

Bu kənddə də kompleks quruculuq tədbirləri həyata keçirilib

Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik həm də Xəlilli kəndini əhatə edir. Həmin yaşayış məntəqəsi barədə gələn yazılarımızın birində söhbət açacağıq. Bu yazıda isə məqsədimiz hərtərəfli qayğı ilə əhatə olunmuş Şıxmahmudda həyata keçirilən quruculuq tədbirlərini, kənd sakinlərinin görülən işlərdən doğan ürək sözlərini, sevinc hisslərini oxucularımıza çatdırmaqdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Aslanov deyir ki, 2925 sakinin 800 təsərrüfatda birləşdiyi Şıxmahmudda 70 il ərzində bu həcmdə tikinti işi aparılmayıb. Kənddəki qurumların hamısı uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Yeni kənd mərkəzi müasir arxitektura üslubu ilə Şıxmahmuda xüsusi yaraşıq verən binalardan biridir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana, mədəniyyət evi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis və baytarlıq məntəqələri, poçt-rabitə bölməsi üçün hərtərəfli iş şəraiti yaradılıb. İlk diqqətimizi cəlb edən kitabxana oldu.
Kitabxana fondunda 17 mindən artıq kitab var. Hərtərəfli şərait yaradılması hesabına burada müvafiq tədbirlər keçirilməsi təmin olunub; bu da kitabxana-oxucu əlaqələrinin yaxşılaşdırılmasına imkan verib. Mədəniyyət müəssisəsinin gündəlik dövri mətbuatla təmin olunması kənd adamlarının respublikada gedən prosesləri izləməsinə imkan yaradır.
Kənd mərkəzində yerləşən digər qurumların fəaliyyəti də belə qənaət yaratdı ki, onlar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyət hissi ilə yanaşır, əməli işləri ilə bu qayğıya cavab verməyə səy göstərirlər.
Kənd mərkəzinin yerləşdiyi ərazidə diqqəti cəlb edən digər bir yaraşıqlı binadan ətrafa xoş musiqi sədaları yayılır. Bu, Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbidir. Bir vaxtlar rayon musiqi məktəbinin filialı kimi fəaliyyətə başlayan, 1991-ci ildə müstəqil məktəbə çevrilən bu təhsil ocağına musiqi istedadı olan uşaqlar cəlb edilib. Məktəbdə Fortepiano və tar, kamança, saz, qarmon, nağara siniflərindən ibarət Xalq çalğı alətləri şöbələri fəaliyyət göstərir. Kollektivin ixtiyarına geniş və işıqlı siniflər, direktor və müəllimlər otağı, həmçinin kitabxana verilib. Burada 254 şagird musiqinin ilkin sirlərinə yiyələnir. Onların təhsili ilə 51 müəllim məşğul olur.
Musiqi məktəbi bir sıra uğurlar qazanmış təhsil ocaqlarından biridir. Rayonda və muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərə qatılan gənc musiqiçilərin uğurları getdikcə çoxalır. Yeni binanın istifadəyə verilməsi isə bu uğurların daha da artırılmasına şərait yaradıb. Məktəbin məzunlarından əksəriyyətinin Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində və Naxçıvan Musiqi Kollecində təhsillərini davam etdirməsi burada tədrisin yüksək səviyyədə qurulmasının nəticəsidir.
Şıxmahmud kəndində istifadəyə verilən həkim ambulatoriyası  Şıxmahmud və Xəlilli kəndlərinin sakinlərinə xidmət göstərir.
Şıxmahmudlulara böyük sevinc hissləri yaşadan yeni obyektlərdən biri də kənddə təhsilin səviyyəsini yüksəltmək məqsədilə tikilən kənd tam orta məktəbinin binasıdır.
Kənddəki mağazada sənaye və ərzaq məhsullarının satışı təşkil olunub. Şıxmahmudlular məişət evinin xidmətindən də razılıq edirlər. Burada bərbər, dərzi, ayaqqabı və məişət cihazlarının təmiri sexi, ət satışı mağazası, digər bir binada isə aptek, çay evi əhalinin istifadəsinə verilib.
Dini dəyərlərə böyük ehtiram əlaməti olaraq kənddə yenidən qurulan məscid dindarlar və ağsaqqallar tərəfindən rəğbət hissi ilə qarşılanıb.
Qeyd edək ki, bütün obyektlərin yerləşdikləri ərazilərdə yaşıllıq zolaqları, meyvə bağları salınıb, abadlıq işləri həyata keçirilib. Daha bir quruculuq tədbiri isə həmin obyektləri bir-birinə birləşdirən 3 kilometrlik dairəvi kənd yoluna qara örtük döşənməsi, piyada yollarının kənarlarına bardürlər düzülməsi və yol boyunca ağaclar əkilməsidir.

Kənd adamları dedilər ki…

Quruculuq ünvanlarında kənd adamları ilə də həmsöhbət olduq. Kitabxana müdiri Tamella Məmmədova bildirdi ki, aparılan kompleks qurucu­luq tədbirləri Şıxmahmudu qəsəbə timsallı müasir kəndə çevirib. Təbii ki, bütün bunlar insanların qurub-yaratmaq əzminə öz təsirini göstərib. Odur ki, kənd adamları qiymətli sərvət olan torpaqdan möhkəm yapışıblar. Onlara bu sahədə də hərtərəfli köməkliklər göstərilir. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərir, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə öz töhfələrini verir, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılmasına çalışırlar. Bir mədəniyyət işçisi kimi onu da deyim ki, onlar asudə vaxtlarını kitabxanada, kənd mədəniyyət evində hazırlanan tədbirlərdə fəal iştirak etməklə keçirirlər.
Kənd musiqi məktəbinin direktoru Adıgözəl Rzalı: “Gənc musiqi həvəskarlarının ixtiyarına verilən Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbi muxtar respublikada mədəniyyətin inkişafına göstərilən qayğının təcəssümüdür. Kollektivimiz bu qayğının mahiyyətini dərindən dərk edir, milli musiqi mədəniyyətimizi bugünkü məktəblilərə aşılayır”.
Ambulatoriyanın baş həkimi Yeganə Abbasova: “İnsan ona göstərilən qayğını görəndə, təbii ki, onun qurub-yaratmaq əzmi yüksəlir. Bu hissi bu gün Şıxmahmudda hamı yaşayır. Biz də öz sahəmizin  üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Bir ziyalı kimi Şıxmahmuda, onun yurdsevər insanlarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm”.

Şıxmahmud kəndində gördüklərimiz muxtar respublikada ulu öndərimiz Heydər Əliyevin quruculuq siyasətinin uğurla davam etdirilməsinin bəhrələridir. Ona görə də qurulanları, yaradılanları qorumağı, gələcək nəslə ərməğan etməyi hər bir şıxmahmudlu özünün vətəndaşlıq borcu sayır.

Muxtar MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR