XXI əsrin on üçüncü ili min illərdir ki, yaşayan bir deyimin üstündən xətt çəkdi. Çoxlarının nəhs saydığı 13 rəqəmi uğurlar ili kimi muxtar respublikanın tarixinə yazıldı. Tarix üçün çox da böyük müddət olmayan bir ilin də necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalır.
2014-cü ildə 2013-cü ili məhz böyük uğurları, həyatımıza gətirdiyi yenilikləri ilə xatırlamağa tam haqqımız var. Geriyə dönüb vidalaşdığımız ilə baxanda qəlbimizdə həmin hisslər baş qaldıracaq. Çünki yola saldığımız il hər birimizin həyatına ayrı-ayrı izlər salıb, həyatımızı daha firavan edib. Hər il olduğu kimi, ötən il də muxtar respublikada infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, hər bir sahədə nailiyyətlər əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılmasının müsbət nəticələri 2013-cü ildə bir qədər də artıb.
Qeyd etmək yerinə düşər ki, regionda sistemli və davamlı xarakter alan quruculuq tədbirləri muxtar respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. Bu da, son nəticədə, insanların rahat, firavan yaşamasına səbəb olub. Odur ki, bu işlərin bəhrələri yaşadıqca 2013-cü il də ömür kitablarımızda yaşayacaq, tariximizdə vərəqlənəcək, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər. Söhbətimin əvvəlinə qayıdaraq düşünürəm ki, sözün həqiqi mənasında, 365 günün necə başa çatdığını bilmədik.
Bunun səbəbini geniş izah etməyə bir o qədər də ehtiyac yoxdur. Çünki “Heydər Əliyev ili”ndə xalqımızın minilliklər boyu yaratdığı dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi miras qoymaq üçün möhtəşəm tədbirlər həyata keçirildi. Bununla yanaşı, neçə illərdir ki, muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işləri öz axarı ilə davam etdirildi. Belə tədbirlər diyarımızın tarixinə bir sıra yeniliklər yazdı. Bu yeniliklərə blokada şəraitində nail olmağı təsəvvür etmək çətin deyil. Ancaq muxtar respublika sakinləri 2013-cü ildə də bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Bu reallığı hər addımda, ilin ilk günündən sonuncu gününə qədər gördük. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər. Bunun təməlində isə ulu keçmişə ehtiram, sabaha cavabdehlik hissləri, düzgün seçilib müəyyənləşdirilmiş yol dayanır. Yadıma şairin misraları düşür:
Gəl gör, necə bəzənib bu gün kəndim, şəhərim,
Əriyibdi şam kimi daha qəmim, kədərim.
Nurludur gecələrin, işıqlıdır səhərin,
Hər dildə, hər ağızda dolaşır adım mənim,
Naxçıvandır nəfəsim, qolum, qanadım mənim.
Ey Heydər məktəbinin şöhrətli qəhrəmanı,
Gülüstana döndərən sənsən Nəqşi-cahanı.
Ana kimi sevərək anamız Naxçıvanı,
Ən qədim diyar kimi qocaldırsan onu sən,
Günbəgün gəncləşdirir, ucaldırsan onu sən.
Gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən muxtar respublikada bərqərar olunmuş ictimai-siyasi sabitlik insanların həyata baxışlarını kökündən dəyişdirib. İnsanlar sosial-iqtisadi inkişafda başlıca amillər olan tikinti-quruculuq prosesləri, aqrar sahədə aparılan islahatların nəticələri, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, həyatımızın bütün sahələrində – təhsil, mədəniyyət, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrdə qazanılan uğurları yüksək dəyərləndirirlər. İnsanların bu proseslərdə fəallığını isə yurdumuzu daha gözəl, daha füsunkar, iqtisadiyyatını güclənən bir diyar kimi görmək istəyinin ifadəsi kimi qiymətləndirmək olar. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlılığın, yurdsevərliyin ən gözəl təcəssümüdür. Bütün bunları düşünərkən yadıma ümummilli liderimizin sözləri düşür: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. Bu plan və arzuların yerinə yetməsi isə inkişafın möcüzə təsiri bağışlayan ifadəsi, bu günün reallığıdır.
2014-cü ilin ilk günlərini yaşayırıq. Necə qarşıladıq növbəti ili? Dükan-bazarlarımızda bolluq, çöhrələrdə təbəssüm, qəlblərimizdə sevinc, diləklərimizdə yurdumuzda belə günlərin əbədi olması istəyi ilə. Bu əbədiliyə bütün varlığımızla inanırıq. Çünki min illərdir, hər açılan sabah həyatın davamı olub. Bu həyat, bu yaşam möhkəm özüllər üzərində qurulubsa, onun gələcəyi gözlənildiyindən də yaxşı olacaq. Bu mənada 2013-cü ilin uğurları 2014-cü ilin daha yüksəliş ili olacağına möhkəm inam yaradıb. Hər şeydən əvvəl, ulu öndərin ideyalarının dönmədən həyata keçirildiyi, arzularının anbaan gerçəkləşdiyi muxtar respublikamızda 2014-cü il “Muxtariyyət ili” elan edilib. Elə muxtariyyətin qorunması ümummilli liderimizin uzaqgörən siyasətinin bəhrəsi deyilmi? Bu gün qədim diyarda nail olduqlarımızın təməlində məhz bu amil dayanır: ulu öndərin müəyyənləşdirdiyi siyasətə, xalqımızın böyük oğlunun bizə irs qoyduğu yola sədaqət və ehtiram. Qarşıladığımız ildə də ümummilli liderimiz Heydər Əliyevin ideyaları yolumuzu işıqlandıracaq. Bu yol əbədi yoldur.
Muxtar MƏMMƏDOV