03 Yanvar 2025, Cümə

Yeni ili muxtar respublikanın hər bir sakini gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışır. Hər evdə küknarlar bəzədilir, bu küknarlar müxtəlif işıqlandırma vasitələri ilə al-əlvan rəngə bürünür. Mədəniyyət müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı  yerlərdə Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi münasibətilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq, mədəniyyət, təhsil müəssisələrində, insanların bayram şənliyinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş verməməsi və xoşagəlməz hadisələrlə üzləşməmək üçün vətəndaşlara aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.

Küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar  ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. Elektrik cərəyanından istifadə edərkən tənzimləyicilər vasitəsilə 12 voltluq gərginlikli lampalardan istifadə olunmalı, elektrik naqilləri, işıqlandırma lampaları saz olmalı və etibarlı izolyasiya edilməlidir. İşıqlandırmada nasazlıq hiss olunduqda, yəni naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda  təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
Yeni il şənliyi keçirilərkən şamlardan, qığılcımsaçanlardan istifadə etmək, şam ağacının oyuncaqlarla, eləcə də odadavamlı məhlula hopdurulmamış pambıqla bəzədilməsi və işıqlandırılması qadağandır. Yeni il şənlikləri keçirilərkən azyaşlı uşaqlara qızdırıcı və yaxud işıqlandırıcı cihazlardan istifadə edilməsi qadağan olunmalıdır. Yadda saxlamaq lazımdır ki, bir elektrik uzadıcısına bir neçə elektrik cihazı qoşularsa, həmin xətt artıq yüklənir və yanğın təhlükəsi yaranır. Bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Rəngbərəng lampalar yandığı zaman küknar ağacının yanında valideynlərin nəzarəti olmadan azyaşlı uşaqları saxlamaq olmaz. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir.
Uşaq bağçalarının və mədəniyyət ocaqlarının rəhbərləri bilməlidirlər ki, küknar ağacları qurulan otaqlardan xaricə iki sərbəst çıxış yolu olmalıdır. Həmin çıxışların qapıları mütləq çıxış istiqamətinə açılmalıdır. Çıxış qapılarının qarşısına kənar  əşyalar yığılmamalıdır.
Yeni il tədbirləri və şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə həmin yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Şənliklər keçirilən yerlərdə yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət üçün cavabdeh şəxslər təyin olunmalı və şənliklərin keçirilməsi nəzərdə tutulmuş yerlərdə yanğın təhlükəsizliyinə həvalə edilmiş cavabdeh şəxslər şənlik başlamazdan əvvəl otaqları diqqətlə yoxlamalı, onun yanğına qarşı təhlükəsizliyinin tam təmin olunmasına əmin olmalıdırlar. Bayram şənliklərinin keçirilməsi nəzərdə tutulan zallarda və otaqlarda siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə-çıxış qapılarını qıfılla bağlamaq və otağa təyin olunmuş normadan artıq adam yerləşdirmək qadağandır. Yaşayış evlərində küknar ağacı soba və başqa qızdırıcı cihazlardan təhlükəsiz məsafədə, möhkəm özül üzərində, bəzək işıqlarının quraşdırılması isə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməklə quraşdırılmalıdır.
Qeyd olunanlarla bağlı vətəndaşlarımız bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməlidirlər.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR