03 Yanvar 2025, Cümə

Təkcə yaxşı yaşamağın deyil, həm də digər insanlar üçün faydalı ola bilməyin tək yolunun məhz əməkdən keçdiyini sübut etmək üçün heç də hikmət sahiblərinə istinada ehtiyac yoxdur. Bu, elə bir düşüncədir ki, məhz onun reallaşdırılması ilə torpağa atılan hər dən, üst-üstə qoyulan hər bir daş səbir, qətiyyət və iradənin məhsulu kimi son nəticədə süfrələrimizə bolluq, evimizə yaraşıq, yolumuza abadlıq gətirir. Peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması inkişafın elə bir amili hesab olunur ki, onun düzgün tənzimlənməsi ilə hər kəsin arzusunda olduğu bir məşğulluq modeli yaradılır. Mövcud iş yerlərinə iqtisadi fəal əhalinin münasibətlərini tənzimləyən, hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyan dövlətin məşğulluq siyasəti də bu vacib məsələnin həllində əsas fəaliyyət istiqaməti, iqtisadiyyatın dövlət tənzimlənməsinin mexanizmlərindən biridir.

Dövlətin bir sıra iqtisadi tənzimləmə vasitələri vardır və tarixən cəmiyyətin inkişafı boyunca onların gücündən istifadə edilməkdədir. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər məhz davamlı inkişaf naminə əmək ehtiyatlarından səmərəli istifadə olunması üçündür. Çünki iş qüvvəsi sahibi olan insan hər şeydən dəyərlidir və bu dəyərin maddiləşərək məhsul və xidmətlər şəklində insanların xidmətinə verilməsi onun özünün və digər insanların normal yaşayışı üçün vacib şərtdir. Lakin cəmiyyətin vacib tələbi kimi bu məsələlər bütün hallarda öz-özünə yetkinləşib həllini tapa bilmədiyindən ən mühüm sosial institut olan dövlətin burada tənzimlənmə rolu özünü göstərir. Problemin davamlı və aktual olması, burada əhalinin müxtəlif təbəqələrinin maraqlarının kəsişməsi və regional inkişaf məsələlərinin əhəmiyyəti nəzərə alınaraq verilən qərarların cari səviyyəli və tövsiyə xarakterli deyil, bütün prioritetlər nəzərə alınmaqla uzunmüddətli perspektivə hesablanmış dövlət pro­qramları şəklində təqdim edilməsi təsadüfi deyildir. Əhalinin məşğulluğunun təmin olunması siyasəti təkcə bugünkü dolanışıq xatirinə deyil, həm də altıyaşlı məktəblinin iyirmi ildən sonrakı layiqli peşə, sənət və ixtisas sahibi olaraq öz Vətəninə faydalı olmasına, onun da özünə yaxşı güzəran qurması məqsədinə xidmət edir. Bu isə uzaqgörənlik tələb edən və kifayət qədər mürəkkəb bir iş olub, bir sıra məsələlərin kompleks həllini əhatə  edir. Çünki cəmiyyətimizdə məşğulluq sahəsində hələ də yaxın keçmişdəki böhran və keçid dövrünün izləri görünməkdədir. Sirr deyil ki, bir vaxtlar kimlərinsə məcburiyyət qarşısında qalaraq onilliklər boyu bağlı olduğu işini atıb digər bir xidmət sahəsinə və ya sadəcə, kommersiyaya üz tutması təkcə onun özünə deyil, həm də ailəsinə, qohum-əqrəbasına və dost-tanışlarına dərin sosial-psixoloji zərbə vuran hal olmuş və belə izlər bu gün özünü elm və təhsildə, turizm və mədəniyyətdə, səhiyyə və sağlamlıqda, idman və bədən tərbiyəsində bu və ya digər səviyyədə hələ də göstərməkdədir. Adamların düşüncəsində dərin kök salmış “alverlə qazanmaq” fikri bir çox hallarda bəzi nəcib və lazımlı peşələrin unudulmasına gətirib çıxarmışdır. Bir çoxlarının gələcək məşğulluq və yaxşı iş tapmaq arzusunun tək formuluna çevrilmiş “yalnız ali təhsil almaq” şərti də buna uyğun olaraq birtərəfli “inkişaf edib” insanların sərbəst peşə-ixtisas seçimində üstün olan tərəfə keçmişdir. Və bu gün ali təhsil ixtisaslarına seçim zamanı gənclərin əmək bazarının tələbinə uyğun olmayan kortəbii meyilləri də məhz həmin dövrün yaddaşlarda qalan fəsadlarıdır. Çünki ailələrin bir çoxu hələ də birinci sinfə gedən uşaqlarını yalnız gələcəyin cərrahı, hüquqşünası, iqtisadçısı, diplomatı və sair kimi görmək arzusu ilə yaşayaraq, onların nəbadə aqronom, baytar, qida mühəndisi, bağça tərbiyəçisi, geoloq, nəqliyyatçı, turizmçi olmağını belə düşünmək istəmir, “ən azından müəllim olar”,  – deyə düşünürlər. Amma halbuki yetkin cəmiyyətdə elə sənət və peşələr vardır ki, onlar olmasa, çörəyimiz bişməz, evimiz isinməz, ocağımız yanmaz, suyumuz gəlməz, yüklər daşınmaz, qəzetlər çap oluna bilməz, televiziya verilişləri efirə hazırlanmaz, məktublarımız ünvanlara çatdırılmaz. Düzdür, indi artıq mis qazan qalayçısına tələbat olmasa da, onun yerinə optik kabel lehimləyicisi vardır. Hələ rəqəmsal texnologiyanın təmir və proqram təminatçılarını demirik – hər yerdə tələbat vardır. Xülasə, cəmiyyətin inkişafı ilə bir peşəyə tələbat azaldığı kimi, beşinə də artmaqdadır. Ancaq görünən odur ki, məşğulluq sahəsindəki münasibətlər bazarın öz insafına qaldıqda arzuedilən nəticələr yerinə elə asimmetrik vəziyyət yaranır ki, bunların yaratdığı çətinliklər sonra hamının qapısını bir-bir döyür.
Nədir bu çətinliklər? Götürək elə ticarəti. Ticarət ən qədim məşğuliyyət növlərindən biri olub, türk xalqlarının da tarixində və iqtisadi-mədəni inkişafında mühüm rol oynamışdır. Azərbaycandan keçən qədim İpək Yolu da ölkəmizin sərvətlərinin xarici bazarlara çıxarılmasında və dünyada istehsal olunan məhsulların buraya gətirilməsində mühüm rol oynamışdır. Bəlkə də, ticarət sahibkarlığına olan bu meylin nəticəsidir ki, keçmiş inzibati amirlik sisteminin, yəni sovet hökumətinin süqutu ilə bir anda əksər insanlar özlərini ticarətdə sınamağa başladılar. Və bir də baxıb gördük ki, şükür, evimizin, həyətimizin künc-bucağı lazım oldu-olmadı o dövrə görə qıt olan hər cür əşya ilə dolub daşdı. Əvəzində isə siniflər müəllimsiz, səhnələr aktyorsuz, klinikalar həkimsiz, inşaat meydanları mühəndissiz qaldı. Bir çoxları da həmin 90-cı illərin əvvəllərində əməkhaqqının çox aşağı olmasına daha tab gətirməyərək xaricdə öz bəxtini sınamağa üz tutdu. Beləcə, yetmiş il ərzində mərkəzdən həyata keçirilən standart məşğulluq siyasəti region müstəvisinə çıxdığı zaman öz çatışmazlıqlarını açıq surətdə göstərməyə başladı.
Amma halbuki məşğulluq sahəsində aparılan işlər bir sıra sahələrdə olduğu kimi, məhz ölkə və region xüsusiyyətləri nəzərə alınmaqla həll olunmalı, burada əhalinin sosial strukturu, yerli torpaq-istehsal-xammal imkanları, ərazinin geo­strateji mövqeyi, hətta iqlim və hava şəraiti kimi mühüm amillər nəzərə alınmalıdır. Sadəcə, məşğulluq xatirinə yerinə yetirilən qeyri-səmərəli bir layihənin uzunmüddətli olmayacağını 10-15 il əvvəllər plansız tikilib-sökülən ticarət məntəqələri timsalında yaxşı xatırlayırıq. Əli çanta tutanın alver bəhsinə girərək əkin-biçini unutması nəticəsində pay torpaqları baxımsız qaldı ki, kartof, soğan, pomidor kimi çox işlənən nemətlərin qiyməti də bazarda, necə deyərlər, əl yandırdı. Bağ sahiblərinin alver həvəsinin nəticəsi o oldu ki, üzüm, alma da “həvəslənib” yüksəyə dırmandı. Qərəz, bu rəqəmlər hamıya tanışdır və bugünkü mövzuya birbaşa aidiyyəti olduğu üçün, sadəcə, xatırlatmaq kifayətdir.
Göründüyü kimi, səmərəli məşğulluq, əslində, yaxşı işlə təmin olunan şəxsin deyil, eyni zamanda yaşadığı cəmiyyətdə hər kəsin maraqlarına xidmət edir. Bu maraqların uzunmüddətli təmin olunması isə bu sahədə elə bir iş tələb edir ki,   insanlar artıq nəinki iş üçün başqa yerlərə üz tutmasın, hətta öz yaşadığı yerdə iş yeri sahibi kimi başqalarını da işlə təmin etsin. Bundan başqa, ixtisaslaşmanın da mühüm şərt olduğu belə məşğulluq modeli çox şey vəd edir. Söz yox ki, sadə insanlar kimi, dövlət də magistrantın elmindən, müəllimin təhsilindən, həkimin bacarığından, turizmçinin peşəkarlığından, idmançının ustalığından, sürücünün sərnişinlərə mədəni xidmətindən, satıcının alıcılarla davranışından… çox şey gözləyir. Bütün bunlar ölkəmizdə həyata keçirilən regional inkişaf strategiyasının da məğzində dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələr bu baxımdan muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yerli ehtiyatlar hesabına yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinin, xüsusən aztəminatlı və fiziki imkanları məhdud insanların müvafiq işlərlə təmin olunmasında məqsədlilik, mövsümi işlərdə – kənd təsərrüfatında, turizmdə adamların iş qüvvəsindən səmərəli istifadə olunması, xidmət sektorunda peşə-ixtisas dərəcəsinin yüksəldilməsi bu pro­qramın qarşıya qoyduğu məqsədlər sırasındadır. İqtisadiyyatın istehsal və xidmət sektorları arasındakı balansın tənzimlənməsi, ali, orta ixtisas və peşə təhsili səviyyələrində kadr hazırlığı məsələlərində düzgün proqnozlaşdırılmış nəticələrə əsaslanmaqla qərarlar verilməsi, məşğulluq mərkəzlərinin, əmək yarmarkalarının fəaliyyətinin yaxşılaşdırılması dövlətin gözlədiyi əsas nəticələrdəndir. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təkcə 2013-cü il ərzində 2632 nəfər işə  düzəlmiş, 328 nəfər peşə hazırlığına cəlb olunmuş, 1031 nəfər əmək yarmarkalarında işlə təmin olunmuşdur. Dövlət proqramının uğurlu icrası ilə gələcəkdə bu sahədə kompleks nəticələr əldə olunacağı və bununla da, regionumuzda bütün iqtisadi fəal əhalinin – işləyən və işaxtaran insanların sosial müdafiəsini gücləndirməklə  daha çox yeni iş yeri açmaq, əhali gəlirlərini artırmaq və əmək bazarını daha da təkmil hala gətirmək mümkün olacaqdır.

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR