Muxtar respublikanın sosial-iqtisadi inkişafı bu gün özünün elə bir mərhələsinə qədəm qoyub ki, təkcə ölkəmizin regionları ilə deyil, qonşu xarici ölkələrlə də əlaqələr, gediş-gəliş artmışdır. Belə bir dövrdə yolların, avtovağzalların müasir tələblərə cavab verməsinin əhəmiyyəti bir qədər də çoxalmışdır. Böyük dövlət qayğısı hesabına müasirliyə qovuşan qədim Naxçıvanımız barədə buraya gələnlərin ilkin təəssüratları da giriş-çıxış qapılarından formalaşır. Heç kimə sirr deyil ki, Naxçıvan Beynəlxalq Hava Limanına ilk dəfə qədəm qoyan insan blokada şəraitində yaşayan bir diyarın belə gözəl limanı olduğuna təəccübünü gizlədə, eləcə də limandan şəhərimizə gələn yol boyu yaradılan gözəlliklərin əfsunundan ayrıla bilmir. İndi bu xoş sözləri muxtar respublikamızın avtovağzal binaları üçün də söyləmək olar. Məlumdur ki, ötən əsrin 90-cı illərinin başlanğıcındakı dağıdıcılıq prosesi nəqliyyat sektoruna da böyük zərbə vurmuşdu. Həmin dövrdə işlək vəziyyətdə olan avtovağzallar dağıdılmış, nəqliyyat vasitələri sıradan çıxarılmışdı. Nəticədə isə əhalinin rahatlığı pozulmuş, nəqliyyat xidmətindən istifadə edən insanlar çətinliklərlə üzləşmişdilər.
Artıq o dövr arxada qalmışdır. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdəki inkişafın bəhrəsi olaraq insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, sosial qayğıya ehtiyacı olan insanlar üçün tədbirlər həyata keçirilir. Son illərdə muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlərin miqyası ölçüyəgəlməzdir. Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirləri avtovağzalları da əhatə etmişdir. 2009-cu ilin iyun ayında Şərur şəhərində yeni avtovağzal binasının istifadəyə verilməsi belə tədbirlərdən ilki olmuşdur. 1248 kvadratmetr sahəni əhatə edən avtovağzalın binası rayonun ən müasir binalarından biri kimi gün ərzində 2000 sərnişinə xidmət edir. Qeyd edim ki, avtovağzal 120-yə yaxın avtobusu qəbul edib yola salmaq imkanına malikdir. Rayonda 34 ədəd müxtəlifmarkalı avtobusla rayondaxili sərnişindaşıma xidməti göstərilir. Şərur-Sədərək, Şərur-Naxçıvan marşrutu üzrə gün ərzində 6 avtobus işləyir.
Həmin il yenidənqurma işlərindən sonra istifadəyə verilən obyektlərdən biri də Naxçıvan şəhərindəki Avtovağzal Kompleksi olmuşdur. Həmin avtovağzal ki, bir vaxtlar qaynarlığı ilə şəhərimizin seçilən ünvanlarından biri idi. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Avtovağzalın yenidən qurularaq istifadəyə verilməsi, sərnişin daşınmasında xidmətin bərpa olunması insanlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bütün bunlar Avtovağzal Kompleksinin mühüm əhəmiyyətə malik olduğunu bir daha sübut edir. Avtovağzal Kompleksi yeni iş yerləri olmaqla bərabər, həm sərnişindaşımasının səviyyəsinin yüksəldilməsi, ölkəmizin imici, həm də sosial-mədəni infrastrukturda əhəmiyyətli yer tutan bir sahədir. Ona görə də kompleksin yenidən qurulması qarşıya məqsəd qoyuldu və bu məqsədə nail olundu”.
Avtovağzal binasında yaradılan şərait, sözün həqiqi mənasında, insanda xoş təəssüratlar yaradır. Kompleksə beynəlxalq və yerli reysləri həyata keçirmək üçün bölmələr, avtobus dayanacaqları, kafe, ticarət mərkəzi və mehmanxana daxildir. Binada bilet satışı kassaları, məlumat otağı, saxlama kamerası, valyutadəyişmə məntəqəsi, 200 yerlik gözləmə zalı yerləşir. Avtovağzaldan hər gün Naxçıvan-Bakı istiqamətinə 4, Naxçıvan-Türkiyə istiqamətinə 6 avtobus işləyir. Naxçıvan-İran İslam Respublikası istiqamətinə isə yeni xətt açılmışdır. Həmçinin Naxçıvan şəhərindən rayon mərkəzlərinə, hətta ən ucqar dağ kəndlərinə belə, avtobuslar yola salınır.
Avtovağzal Kompleksində ticarət mərkəzi də fəaliyyət göstərir. Mağazalarda sənaye və ərzaq məhsullarının, elektrik cihazlarının, geyim dəstlərinin, hədiyyələrin satışı həyata keçirilir, sərnişinlərə foto xidməti göstərilir. Ticarət mərkəzində diqqətçəkən mağazalardan biri baytarlıq mağazasıdır. Bu mağazanın açılmasında məqsəd ondan ibarət olub ki, avtovağzala regionun müxtəlif yaşayış məntəqələrindən gələnlər çox olur. Ona görə də burada heyvandarlıqla və arıçılıqla məşğul olan insanlar üçün geyim dəstləri, müxtəlif avadanlıqlar satılır. Həmçinin mağazada arıların, mal-qaranın müxtəlif xəstəliklərinin müalicəsi üçün lazım olan dərman preparatları da vardır. Avtovağzal Kompleksinə daxil olan beşmərtəbəli mehmanxana binasında yaradılan şərait də yüksək səviyyəsi ilə seçilir.
2009-cu ildə Culfa rayon sakinləri də yeni avtovağzalın istifadəyə verilməsinin sevincini yaşadılar. Məlumat üçün deyək ki, əvvəllər rayonda avtovağzal fəaliyyət göstərmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində bina dağıdılmış, mövcud olan hissələrindən müxtəlif məqsədlərlə istifadə olunmuşdur. Rayon əhalisi bundan əziyyət çəkmiş, Naxçıvan şəhərinə, yaxud rayonun kəndlərinə gedib-gəlmək üçün pərakəndə şəkildə fəaliyyət göstərən marşrutlardan, müxtəlif yerlərdən istifadə etmişdir. Yeni avtovağzalın istifadəyə verilməsi bütün bu çətinlikləri aradan qaldırmışdır. Artıq əhali müasir üslubda tikilən və hər gün 400-500 sərnişinə xidmət edən avtovağzaldan istifadə edir. Burada əhaliyə nümunəvi nəqliyyat xidməti göstərmək üçün hər cür şərait yaradılmışdır.
Həmin il Şahbuz şəhərində də yeni avtovağzal istifadəyə verilmişdir. Müasir üslubda tikilən bina iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində 55 yerlik gözləmə zalı, kassa, ikinci mərtəbəsində isə 5 otaqdan ibarət inzibati hissə yerləşir. Binanın həyətində isə 34 platforması olan avtobus dayanacağı var. Avtovağzal 31 marşrut üzrə 500-ə yaxın sakinə xidmət göstərir.
2010-cu ildə Ordubad rayonunda müasir tələblər səviyyəsində inşa olunan ikimərtəbəli avtovağzal binasının istifadəyə verilməsi də təqdirolunasıdır.
Göründüyü kimi, muxtar respublikada hər sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Qısa müddətdə muxtar respublikanın müxtəlif ünvanlarında yeni avtovağzal binalarının istifadəyə verilməsi heç də asan məsələ deyil. Bunların yaradılmasına külli miqdarda vəsait sərf olunmuşdur. Məqsəd isə aydındır: insanlarımız rahat olsun, əziyyət çəkmədən nümunəvi nəqliyyat xidmətindən istifadə etsinlər. Bu da, öz növbəsində, muxtar respublika əhalisinin qarşısına mühüm vəzifələr qoyur. Həm sürücülər və nəqliyyat xidməti işçiləri, həm də sərnişinlər onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər.
Sara ƏZİMOVA