Yeni dövlət proqramının ümumi məqsədi budur
“Siz gördüklərinizi mən hiss edirəm, amma mən hiss etdiklərimi siz görmürsünüz”. Bu, görmə qabiliyyəti məhdud olan bir insanla söhbət zamanı mənə dediyi və ömrüm boyu yaddaşımdan silinməyəcək bir cümlə idi. Bu cümlənin içində həm etiraz, həm özünütəsdiq var. Bir də uzun zaman düşündükdən sonra gəldiyim bir nəticə: düşünmək və ağıllı olmaq, oxumaq və savadlı olmaq fiziki imkanların məsələsi deyil. Bu, ağıl və ruh məsələsidir.
Bir də onun dediyi bir cümlə yaddaşıma həkk olundu. O deyirdi ki, məni ən çox incidən bizə fərqli nəzərlərlə baxılmasıdır, cəmiyyətdən ayrı tutulmağımızdır. Bu mənada “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın əhəmiyyəti haqqında düşünərkən, ilk növbədə, dövlət proqramının o uşaqların cəmiyyətə inteqrasiyasına necə təsir edəcəyini öyrənməyə çalışdım. Proqramın həm də bütün cəmiyyətin inkişaf səviyyəsinə təsir göstərəcək bir sahə – təhsil sahəsi üzrə ixtisaslaşması xüsusi olaraq təqdir edilməlidir. Çünki, necə deyərlər, qüsurlu insan sağlamlıq imkanları məhdud olan insan deyil, qüsurlu insan savadsız insandır. Cəmiyyətə nöqsanlı təhsilin və cəhalətin vurduğu zərbəni heç nə vura bilməz. Elə məhz bu səbəbdəndir ki, dövlət proqramında da qeyd edildiyi kimi, Azərbaycan dövləti tərəfindən ölkəmizdə qabaqcıl təhsil sisteminin yaradılması, insan kapitalının inkişafına nail olunması başlıca vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.
Muxtar respublikamızda da təhsilin səviyyəsinin müasir dünya standartları səviyyəsinə yüksəldilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ötən müddət ərzində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada cəmiyyətin hər bir üzvünün təhsil almaq hüququnun təmin edilməsi istiqamətində məqsədyönlü işlər reallaşdırılmışdır. Əqli və fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin olunması təkcə müəyyənləşdirilən vəzifə deyil, həm də müqəddəs bir vəzifədir. Əgər ölkəmizdə məhdud fiziki imkanlı insanların xüsusi təhsili haqqında mövcud olan qanunvericilik bazası onların, sadəcə, təhsil almasını nəzərdə tuturdusa, yeni qəbul edilən proqram bu kateqoriyadan olan uşaqların digər uşaqlarla birgə təhsilə cəlb edilməsini, onların sosial reabilitasiyasını və cəmiyyətə uyğunlaşmasını hədəfləyir. Bu hədəflər isə son illərdə dünyanın ən qabaqcıl ölkələrində bu istiqamətdə iş aparan sosial hərəkatların arzuladıqları hədəflərdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Naxçıvanda 2142 sağlamlıq imkanları məhdud olan uşaq qeydiyyatdadır ki, onlardan 840 nəfəri ümumtəhsil məktəblərində təhsil alır. Təkcə 2013-cü ildə bu kateqoriyadan olan 76 uşaq ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul edilmiş, bəhs olunan dövrdə 38 uşaq isə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşdur.
Proqramın 5 əsas məqsədi sırasında inklüziv və məsafədən (distant) təhsilə keçidə zəmin hazırlanması, sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, sağlamlıq imkanları məhdud uşaqların məktəb mühitinə uyğunlaşmasını təmin etmək üçün müvafiq pedaqoji kadrların hazırlanması kimi məqsədlər xüsusilə diqqəti cəlb edir.
Qeyd edək ki, ümumi təhsil bazasında inklüziv və məsafədən təhsil imkanlarının təmin olunması muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin gələcək fəaliyyət planına da əhəmiyyətli təsir göstərməlidir. Çünki təkcə fiziki imkanları məhdud insanlar üçün deyil, hər kəs üçün distant təhsil imkanlarının yaradılması dünyanın qabaqcıl ali təhsil müəssisələrinin fəaliyyətində artıq əhəmiyyətli yer tutur. Bu, öz ölkəmizin məhdud fiziki imkanlı vətəndaşlarına ali təhsilin verilməsi ilə yanaşı, xarici ölkələrdən olan vətəndaşların da ödənişli distant təhsilə cəlbinə imkan yarada bilər. Proses isə, öz növbəsində, özünümaliyyələşdirmə sisteminə keçməkdə olan ali təhsil ocaqlarının büdcə gəlirlərini artırar.
Yeni qəbul olunan dövlət proqramında hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması, bu tip tədrisə cəlb edilmiş uşaqların məktəbli ləvazimatları ilə təmin olunması Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin qarşısında qoyulan əsas vəzifələrdəndir.
Proqramın digər bir məqsədi – sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması istiqamətində də muxtar respublikamızda indiyə qədər bir sıra işlər həyata keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, hazırda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidməti fəaliyyət göstərir. Bu xidmətdən muxtar respublikada yaşayan görmə qabiliyyəti məhdud şəxslər mərkəzdə qeydiyyatdan keçdikdən sonra sabit telefonlardan “258” nömrəsinə zəng etməklə mərkəzin kitabxanasında olan audiokitabları dinləyə bilirlər.
Qəbul edilən dövlət proqramının üstünlüklərindən biri də məhdud fiziki imkanlı uşaqların təkcə ümumtəhsil müəssisələrinə deyil, həm də məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinə cəlbinin nəzərdə tutulmasıdır. Qeyd edək ki, təkcə 2013-cü il ərzində, ümumilikdə, sağlamlıq imkanları məhdud 294 uşaq, o cümlədən 103 nəfər məktəbdənkənar müəssisələrin yaradıcılıq dərnəklərinə, 68 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin məşğələlərinə, 56 nəfər Şahmat Mərkəzinə, 42 nəfər musiqi məktəblərinə, 25 nəfər idmanın müxtəlif növləri üzrə qruplara cəlb edilmişlər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların iştirakı ilə “Naxçıvan tarixi abidələr diyarıdır” rəsm müsabiqəsi, “Yurdumuzu tanıyırıq” bilik yarışı, eyni zamanda 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. Yeni proqramın tədbirlər planına əsasən, bu kateqoriyadan olan uşaqların musiqi məktəblərinə, dərnəklərə, məşğələlərə və idman qruplarına cəlbi nəzərdə tutulur ki, bu da işin daha mütəşəkkil həyata keçirilməsinə şərait yaradacaqdır.
Proqrama uyğun olaraq, tədbirlər planında humanizm prinsiplərindən xəbər verən və cəmiyyət üçün ən vacib olan iki istiqamət də var. Bunlardan biri bu kateqoriyadan olan insanlara qarşı tolerant mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, digəri isə muxtar respublikada məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrin təmiri və tikintisi zamanı sağlamlıq imkanları məhdud şəxslərin hərəkəti üçün müvafiq şəraitin (əlil arabası üçün panduslar və xüsusi şərait) yaradılmasıdır.
Bəs yeni qəbul olunan dövlət proqramına bu kateqoriyadan olan uşaqların valideynlərinin münasibəti necədir? Onların proqramdan gözlədikləri nələrdir? Yaradılan şərait onları qane edirmi? Bu suallara aydınlıq gətirmək üçün bir neçə belə vətəndaşımızın fikirlərini öyrənməyə qərar verdik.
İlkin və Aynur Rzazadələr – onların görmə imkanları məhdud olsa da, bu gün onlar da həmyaşıdları kimi orta məktəbdə təhsil alırlar. Uşaqların valideyni Naxçıvan şəhər sakini Natəvan Hüseynova deyir ki, hazırda hər iki övladı Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə təhsil alır. Həmçinin uşaqların əlavə bacarıqlarının inkişaf etdirilməsi üçün maraqlarına uyğun musiqi məktəbində təhsil almaları təmin edilib. Yeni dövlət proqramının qəbulu ilə bağlı da Natəvan xanımın fikirlərini öyrəndik:
– Mən bir ana kimi göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdaram. Məhz onun göstərdiyi diqqətin nəticəsidir ki, daim bizim problemlərimizlə maraqlanırlar. Uşaqlar məktəbə gedən gündən onların məktəbli geyimləri ilə təmin edilməsi üçün hər cür köməklik göstərilib. Məktəbdə də onlar bütün həmyaşıdları ilə birlikdə təhsil alırlar. Bəzən maraqlanıram ki, onlara qarşı münasibət necədir? Psixoloqlar, müəllimlər onlara maksimum dərəcədə qayğı göstərirlər. Yeni proqramın qəbulu da göstərilən qayğını və diqqəti daha da artıracaq. Buna görə dövlətimizə minnətdaram.
Şərur rayon Xanlıqlar kənd sakini Aybəniz Mütəllibovaya fiziki imkanları məhdud olan övladı Minayə Muradlının təhsili və bacarıqlarının inkişafı üçün görülən işlərlə bağlı sualımızı ünvanlayarkən maraqlı bir məqam ortaya çıxır. Minayə xanım deyir ki, onun özünün də sağlamlıq imkanları məhduddur. Lakin Naxçıvan Dövlət Universitetində təhsil alıb, musiqi məktəbini bitirib və hazırda Xanlıqlar kənd tam orta məktəbində sinif müəllimi kimi fəaliyyət göstərir. “Qızımın təhsilindən çox razıyam. O təkcə məktəbdə oxumur, həm də musiqi məktəbində piano dərslərinə gedir. Bilirsiniz, əvvəllər – mən təhsil alan vaxtlarla indiki şərait tamam fərqlidir. İndi nəinki təhsil alması üçün övladıma şərait yaradılır, hətta onun dərsə gedib-gəlməsi təmin olunur. Yeni dövlət proqramının qəbulu bizi çox sevindirdi. Bu, o deməkdir ki, cəmiyyət üzvləri kimi, dövlətimiz bizi heç zaman unutmur. Biz də cəmiyyətimizin inkişafına əlimizdən gələn töhfələri verməyə çalışırıq”.
Fariz Mirzəmmədov Babək qəsəbəsində yaşayır. Onun övladı İsmayıl Mirzəmmədov da digər həmyaşıdları kimi orta təhsil alır. Dövlət tərəfindən övladına göstərilən qayğı, diqqətə görə minnətdarlıq edir. “Proqramın icrasından gözləntiləriniz nədir? Övladınızın təhsili üçün daha nə lazımdır?” – deyə soruşuruq.
– Göstərilən diqqətə görə dövlətimizə minnətdarlığımı bildirirəm. Gələn il övladım 9-cu sinfi bitirəcək. İstərdim ki, onun peşə təhsili alması üçün şərait yaradılsın. Ümid edirəm ki, dövlətimiz bizim bu istəyimizin reallaşmasına yardımçı olacaq”.
Qeyd edək ki, ümumilikdə, 25 istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutan dövlət proqramı dövlət qurumlarının, müxtəlif nazirliklərin və komitələrin üzərinə böyük vəzifələr qoyur. Amma sağlamlıq imkanları məhdud olan insanlarımızın cəmiyyətə inteqrasiyası üçün ən böyük vəzifə bizim hər birimizin – özünü cəmiyyətin üzvü hesab edənlərin üzərinə düşür. Gəlin onlara xüsusi biri kimi deyil, hamıdan biri kimi yanaşdığımıza əvvəlcə özümüzü inandıraq.
Elnur KƏLBİZADƏ