03 Yanvar 2025, Cümə

Builki yazılarımda oxuculara Culfanın Şurud, Şahbuzun Ağbulaq, Keçili, Sədərəyin Qaraağac kəndləri barədə az-çox məlumat vermişəm, ilin axırındakı səfərim Şərur rayonunun Şahbulaq kəndinə oldu və oxucuya bir məramımı da çatdırım ki, bu kəndlər ən ucqar və həm də aztanınan kəndlərdir.

Şahbulaqlılar kəndə gedən yolu “uzun dərə” adlandırırlar və mən də bu yolun dolaylarını keçə-keçə zümzümə edirdim: “Bir gedəydim bu dərələr uzunu, Oxuyaydım, çoban, qaytar, quzunu”. Amma hələlik, buralarda qoyun-quzu gözə dəymirdi, hər iki tərəf yalçın qayalar, zirvəsi buludlardan nəm çəkən dağlar, arabir görünüb-itən dağ keçiləri və bir də dərə ilə üzüaşağı axan Şahbulağın gözyaşı kimi dumduru suyu. Bunlar ana təbiətin yaratdıqlarının mində biri idi ki, gözümə dəyirdi, bəs insan buralarda nə yaradıb, əlbəttə ki, mən dövləti nəzərdə tuturam.

Bir qədər irəli gedərək kənd ağsaqqalları ilə söhbət zamanı yadımda qalan ifadələri də vərəqə köçürürəm. “Gümüşlüdən bura toz-torpağın içində atnan, ulağınan iki-üç saata gələrdik, indi isə 6-7 dəqiqəlik yoldur”. Bu ilin axırında Şahbulağa bir yol çəkiblər ki, necə deyərlər, əl içi kimi. Dərə boyu yeddi kilometrdən çox uzunluğu olan qapqara asfalt yolun hər iki tərəfi xətlənib, işarələr qoyulub.
Bu barədə bir qədər sonra, yəni Şahbulaqda aparılan abadlıq, qurucu­luq tədbirləri haqqında oxuculara ətraflı məlumat verəcəyəm. Amma əvvəlcə Şahbulaq haradır, yeri-yurdu necədir, əhalisi kimdir, nə qədərdir, camaatının məşğuliyyəti nədən ibarətdir, necə dolanırlar, necə gün-güzəran sürürlər kimi suallara aydınlıq gətirməkdən başlayaq. Şahbulaq Şərur rayonunun ən ucqar dağ kənd­lərindəndir. Rayon mərkəzindən 28 kilometr aralıdadır. Dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdədir və ona görə də əməkhaqlarına, təqaüdlərinə, xülasə, bütün gəlirlərinə 20 faiz yüksəklik pulu verilir. Şahbulağın 60 evi var, təsərrüfatı 139-dur, əhalisi 577 nəfərdir. 1994-cü ildə burada torpaq islahatı başa çatdırılıb və hər nəfərə 750 kvadratmetr torpaq sahəsi düşüb. Amma bu torpaq bölgüsü  məsələsində şahbulaqlıların kiçik bir çətinliyi olub. Bu da ondan ibarətdir ki, kənd camaatının torpağı o biri kəndlərinki kimi, necə deyərlər, başlarının üstündə deyil, xeyli aralıdadır. Məsələ ondadır ki, sovetlər dönəmində Şahbulaq o vaxtkı Səməd Vurğun adına sovxozun tərkibində idi və ona görə də torpaq bölgüsündə onlara düşən payın çoxu Həmzəli kəndinin ərazisindədir – 8-10 kilometr aralıda. O var ki, şahbulaqlılar bunu özləri üçün problem hesab etmirlər, təki torpaq olsun, əkib-biçmək, becərmək üçün belə məsafə heç nədir.
Bir əsas məqamı da oxucunun nəzərinə çatdırım ki, Şahbulaq mənfur düşmənlə üz-üzə dayanan kənd­lərimizdəndir, amma o var ki, heç bir şahbulaqlı burada özünü narahat hiss etmir. Azərbaycan Ordusunun əsgərləri kənd adamının, onların təsərrüfatlarının keşiyindədir və ona görə də kənddə həyat öz qaydası ilə davam etməkdədir.
Xülasə, yolumuz Şahbulağadır. Ağsal dağı arxada qalır, Dəyirman qalasının yanından ötürük, qış Günəşinin sarımtıl şüaları Qızıl qayanın qızılı rəngini daha da artırır, bu yerləri qızıla bülənd eləyir. Şahbulaqdayıq. Şahbulaq və Gümüşlü kəndləri eyni inzibati ərazi dairəsi üzrə nümayəndə­liyə daxil olan kəndlərdir.
Şahbulaq səfərimdə mənə hər iki kəndin icra nümayəndəsi Rafiq Məmmədov və müavini Şahbaz Cəfərov yoldaşlıq elədilər. Onlar ara vermədən kənd haqqında məlumat verirdilər və dediklərindən belə məlum olurdu ki, 60 evlik Şahbulağın 150 baş inəyi (yəni gözəyarı hesablayanda hər qapıdan orta hesabla 2-3 baş inək çıxır),  400 başdan çox qoyun-quzusu, 350 arı ailəsi var. Toyuq-cücənin sayını bilmədilər. Şahbulaqlılar istiqanlı, qonaqpərvər insanlardır, ürəyin istəyən qapını, darvazanı aç, səni gülərüzlə qarşılayacaqlar. “Qonaq Allah qonağıdır” deyəcəklər və onların inancına görə, qonağın ruzisini də Ulu Tanrı özü ilə birlikdə göndərir.
Kəndin girəcəyində yamaclı bir həyət var, bura Əşrəf Bağırovun həyətidir. Həyətdə ikimərtəbəli ev, toy elə, yüz nəfər də qonaq çağır, hamısı yerləşəcək. Əlbəttə, qış zamanıdır, o boyda ev-eşiyi qızdırmaq nəyə lazım və ona görə də binanın birinci mərtəbəsində yaşayırlar. Qaz sobası, necə deyərlər, gurhagurla yanır, yerə döşənən xalı-xalçalar istiliyi bir az da artırır, içəridə xoş, məlhəm bir ab-hava yaradır. Vallah, adamın dağ kəndindəki bu yaşam tərzinə tamahı düşür, şəhər həyatının səs-küyü, səndən yuxarıdakı mərtəbədə yaşayanların tappıltısı, guppultusu hara, bu sakitlik  hara? Kim burda ən azından ağız şirinliyi ilə yüz il yaşamasa, təqsir onun özündədir.
Sanki düşüncələrimi ev sahibi də tutur. Əşrəf kişi söhbətə pilləkən qoyur: – Atam 115 il yaşadı, dava-dərmansız, iynəsiz-filansız. Nəyə görə? Bu dağların havasına, suyuna, nemətlərinə görə.

Tərif üçün demirəm, 64 yaşım var, hələ indiyə kimi iynə vurdurma­mışam. O gün irəli dişim ağrıyırdı, həkimə getdim, birinci dəfə idi ki, diş çəkdirirdim. Həkim dedi ki, qoy keyidici iynə vurum, dedim, lazım deyil, iynəsiz çək.
Dedim ki, şahbulaqlılar olduqca qonaqpərvərdirlər. Ümumiyyətlə, dağ kəndlərimizin camaatının hamısı qonaqsevərdir, əlbəttə ki, aran kənd­lərimizin sakinləri mənim bu sözlərimdən inciməzlər. Nədən ki, dağ kəndlərinə qonaq ayanda-sayanda bir düşür, belə vaxt isə ev sahibi üçün toy-bayrama dönür. Evə qonaq gəlib deyə, göz açıb-yumunca çay süfrəsi açılır, yaxındakı qohum-qonşular da gəlir, hər kəs bir işin qulpundan yapışır. Şahbulaqda yad adam, gəlmə adam yoxdur, hamısı bir-birlərinə qohum-qardaşdır. Yox, bir nəfər var, bu barədə sonra deyəcəyəm, amma hələlik, Əşrəf kişinin söhbətinə qulaq asaq:
– Ulu babamız bu dağların arasında ilk daşı daş üstünə qoyandan bu yana, bəlkə də, neçə yüz il keçir, həmin kişinin də üç övladı olur, sonra artıb törəyirlər və ona görə şahbulaqlılara üç qardaşın övladları deyirlər. Yəqin ki, üç qardaş yaxın kəndlərdən özlərinə həyat yoldaşı da seçib-bəyənib gətiriblər. Xülasə, biz həmin o üç qardaşın törəmələriyik.
    Əlbəttə, bunlar Əşrəf kişinin öz mülahizələridir və demək istəyir ki, Şahbulaqda yad adam yoxdur. Bütün bunları qoyuram bir qırağa, Əşrəf kişidən dolanışığını, gün-güzəranını xəbər alıram. “Necə dolanırsan?” – deyə soruşuram. “Əla”, – deyə cavab verir. Dediklərini tələm-tələsik olduğu kimi qeyd dəftərçəmə köçürməyə çalışıram.
– Gərək işləyəsən, çalışasan, zəhmət çəkəsən. Evdə üç nəfərik: evin ağbirçəyi, mən, bir də sonbeşiyimiz; onu da bu gün-sabah evləndirib ona ayrıca koma quracağam. Ondan sonra heç olmasa, bir yüz il ömür sürəcəyəm nəvə-nəticə, kötücə ilə bir yerdə. O ki qaldı soruşursan, nə təhər dolanıram, mən deyim, sən hesabla. Bax stolun üstündəki bütün meyvələr öz həyətimdəndir. – Əşrəf kişi böyük masaya darlıq edən cəvizi, almanı, armudu, narı, ərik qurusunu, daha nələri-nələri göstərir, sonra əlavə edir:
– Beş baş inəyim var. 50 qoyun-keçim, 10 arı ailəm, toyuq-cücəni bizdə saymazlar. Dükan-bazardan alsam-alsam qənd-çay alaram, vəssalam.
Əşrəf kişinin yanında oturan Həsən Ələkbərov nisbətən cavandır. Dağ kəndində ağsaqqal, ağbirçək yanında özünü gözə soxmaq yasaq sayılır, ədəb-ərkana sığmır. Ona görə də kəndin icra nümayəndəsi, müavini onun əvəzindən məlumat verirlər, – işlək, zəhmətkeş adamdır, – deyirlər. Özünə ürəyi istəyincə təsərrüfat qurub, qoyunçuluqla məşğul olur. Göz dəyməsin, qapısından sürü çıxır.
Yazımın bu yerində bir qədər geri qayıdıram, dedim axı, Şahbulaqda hamı qohum-qardaşdır, tək bir nəfərdən savayı. Əslində, o da şahbulaqlıların qohum-qardaş ailəsinin bir üzvü olub. Söz var, deyərlər, su girdi qaba, oldu içməli. Şərurun Mehrab-Muğancıq kəndindən olan Əli müəllimi, cavan oğlanı Şahbulaq məktəbinə müəllim göndəriblər və o da burada universitetin qiyabi şöbəsinin ikinci kurs tələbəsi Səkinə xanımı görüb, bəyənib, el adətincə toy edib, ailə qurub. Sağlıq olsun, yazın gözü açılan kimi özlərinə ev-eşik salacaqlar. Beləliklə, Şahbulaqda daha bir ailə çırağı yanacaq. Onu da deyim ki, Əli müəllimin qayınatası elə mənimlə üzbəsurət oturan, ədəb-ərkanlı insan Həsən Ələkbərovdur.
Çay süfrəsini səliqə-sahmana salan Məlahət Qafarova da kənd haqqında, camaat haqqında ürəkdolusu danışır. Nədən ki, haqqı çatır, həm Gümüşlüdə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədridir, həm də hər iki kəndin – Gümüşlünün və Şahbulağın bələdiyyə başçısıdır.
– Şahbulaqda insanlar qapılarına açar-kilid vurmazlar. Həyətə baxın, heç divar, hasar, barı da yoxdur. Kimdir öz qohum-qardaşının həyət-bağçasına, malına-mülkünə kəm baxan.  Qoy kiçik bir əhvalat danışım. Günlərin birində kiminsə qoyunu azıb gəlir qonşu həyətə. Həyət sahibi də qapı-qapı düşüb qoyun sahibini axtarır və heç kim demir ki, mənimdir. Beləliklə, ev sahibi düz üç ay qoyunu saxlayır ki, bəlkə, kimsə gəlib malını aparacaq. Bax əsl halallıq belə olar və ona görə də ürəkdən deyirəm ki, bu tərəfin adamları halal adamlardır, heç kimin kiminsə malında gözü yoxdur.
Kəndin ortasında bir-birinə söykənən və müasir üslubda tikilmiş binalar diqqəti o dəqiqə cəlb edir. Yazımın əvvəlində ana təbiətin Şahbulağa bağışladığı gözəlliklərin çox kiçik bir qismini oxucuya sadaladım və söz verdim ki, dövlətin də bu el-obaya göstərdiyi köməklik, diqqət və qayğı haqqında məlumat verim. Şahbulağın axarlı-baxarlı yerində bir imarət tikilib – bura kənd məktəbidir. Məktəbin direktoru Salman Cəfərovla söhbət adama ləzzət verir. Nədən ki, əsl ziyalıdır. Elə hey həmkəndlilərinin dərsə, məktəbə, təhsilə olan həvəsindən söz açır:
– Bu balaca kənddən 30 nəfərdən çox alitəhsilli mütəxəssis Bakıda, Naxçıvanda, Şərur şəhərində işləyir. Ötən dərs ilində kənd məktəbini dörd şagird bitirdi, dördü də təhsilini davam etdirir: üçü ali məktəbdə, biri texnikumda. Məktəbin 16 nəfər müəllimi var, demək olar ki, hamısı şahbulaqlıdır.
Salman müəllim təkcə təzə tikilən məktəbdən, burada uşaqlar və müəllimlər üçün yaradılan şəraitdən danışmır, ümumiyyətlə, bura göstərilən dövlət qayğısından ürəkdolusu söhbət açır:
– Kənd mərkəzinin tikilməsinin əhəmiyyətini hamı yaxşı bilir. Hər şey insanların rahatlığı üçündür, amma ucqar, həm də sərhəd kəndində bunun başqa bir önəmi var. Sakinlər görürlər və öz həyatlarında hiss edirlər ki, dövlət onları unutmayıb, yaddan çıxarmayıb, dövlətin əli həmişə onların çiynindədir. Bu hiss onları kəndlərinə, doğma ocaqlarına daha möhkəm, daha ürəkdən bağlayır. Şahbulaqda bağlı qapı yoxdur, hava qaralanda bütün evlərdə, həyətlərdə işıq yanır. Bu, o deməkdir ki, şahbulaqlı Şahbulaqdadır. Belə yeri-yurdu kim qoyub addımını kənara atar? Bulaq suyu, dağ havası, təbiətin bütün gözəllikləri burda cəm olub.
– Dağdan uzanıb gələn o dəmir borunu görürsünüzmü, – deyə barmağını qənşərdəki dağa tərəf tuşlayır: – Muxtar respublika rəhbərinin göstərişi ilə dağın o tayındakı bulaq kəndə çəkildi, hamının həyətinə, evinə içməli su verildi, başqa bir səmtdən də su çəkildi. Nə başını ağrıdım, Şahbulağın elə özünəlayiq də bulaq suyu var: özü də hər evdə. Camaatımızın uzunömürlülüyü də elə bu suya, bu havaya bağlıdı. Mənim nənəm düz 110 il yaşadı, ta bundan artıq nə istəyirsən?
Bu ilin sonunda kənddə xeyli abadlıq, quruculuq tədbirləri həyata keçirilib. Məsələn, nə? Birinci kənd və xidmət mərkəzləri tikilib. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, kitabxana, rabitə evi, baytar otağı, polis və feldşer-mama məntəqələri var – bir sözlə, kənd camaatına nə xidmət lazımdırsa. Ticarət obyekti istifadəyə verilib, hələ bunlar harasıdır ki? Üç min metr uzunluğunda elektrik və qaz xətləri, 150 metr uzunluğunda hasar çəkilib, 20 su keçidi qaydaya salınıb, telefon xidmətini daha da yaxşılaşdırmaq məqsədilə yeni ATS quraşdırılıb, 10 ədəd rabitə dirəyi salınıb, 500 metr uzunluğunda yeraltı kabel çəkilib, sürətli internet üçün yeni avadanlıq quraşdırılıb, xeyli abadlıq işləri aparılıb, 500 ədəd meyvə ağacı, 360 ədəd gül kolu, 90 ədəd dekorativ ting əkilib, əkinlərin suvarılması üçün plastik borularla su xətti çəkilib. Xidmət mərkəzində  ərzaq mağazası, ət satışı yeri, bərbərxana, qadın gözəllik salonu var. Burada 4 nəfər üçün iş yeri açılıb. Bunlar adi dağ kəndlərimizdən birinə Azərbaycan dövlətinin göstərdiyi növbəti qayğıdır və belə kəndlərimiz isə nə qədərdir.

Bəli, hörmətli oxucu! 2013-cü ildə sizi az-çox tanış eləməyə çalışdığım növbəti kəndlərdən daha birindən ayrılıram – Şahbulaqdan. Şahbulaqlılar Şahbulağın suyundan istifadə etmirlər, daha doğrusu, istifadə edə bilmirlər, nədən ki, bulaq kəndin lap ayağında üzə çıxır və üzüaşağı da uzun dərə boyu axdıqca axır. Amma şahbulaqlılar bundan bir zərrə də narahat olub-eləmirlər, nədən ki, səxavətli, əliaçıq insanlardır, var-dövlətlərini belə, kimsədən müraiqə eləməzlər, olsun ki, bulaq suyunu. Şahbulaq üzüaşağı axır, yan-yörəsinə bulaqotu, lilpar, nilufər, beliar ətri, bahar nəfəsi yaya-yaya. Şahbulaq üzüaşağı axır, yayın cızdamasında yolçuya bir içim su vermək üçün, sürüsünü su üstünə haylayıb-haraylayan çoban üçün, yalçın qayaların lap zirvəsindən daşdan-daşa adlayıb susuzluğunu söndürəcək bir dağ keçisi üçün, bir böcək üçün, bir kəpənək üçün... Şahbulağın suyundan bir şüşə də mən özümlə götürürəm. Nə üçün? Məgər Naxçıvanda su qəhətdir? Bu Şahbulaq suyunun üzümüzə gələn Yeni il axşamında bayram süfrəmə qoymaq üçün. Ondan ötrü ki, növbəti ildə –  2014-cü ildə süfrəm daha təmiz, daha saf, daha xeyir-bərəkətli olsun. Həm də təkcə bir şüşə sumu? Şahbulaqdan şahbulaqlıların səxavətini, qonaqpərvərliyini, mehribanlığını, sədaqətini, insanlığın daha qiymətli nələri varsa, hamısını qəlbimə, ürəyimə doldurub gətirirəm. Gətirirəm ki, bu müqəddəs hissləri bütün Naxçıvanıma paylayam.

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR