03 Yanvar 2025, Cümə

Xalq təqviminə görə, qış fəslinin ilk günü çillələrin başlandığı gün hesab olunur. Etnoqrafik materiallardan aydın olur ki, çillələr xüsusiyyətlərinə görə üç yerə bölünür: böyük çillə, kiçik çillə və ala çillə. Bugünkü yazımızda çillələrin möcüzəli bitkilərindən danışacağıq.    
Motmotu  – Daşdələn fəsiləsindən olub, 1-1,5 metr ucalığında quraqlığa, şaxtaya dözümlü, tikanlı qol-budaqları olan kol bitkisidir. 40-50 metr kənardan insanı valeh edən ətri duyulur. Möcüzəsi ondadır ki, arıçılıqda yüksək baltutarlığı, meyvələrinin zəngin tərkibi ilə yanaşı, qışın ən sərt çillələrində də meyvələrini budaqlarında muncuq kimi saxlaya bilir. O qədər ləzzətli dada, tama malik olur ki, meyvələrini yeyəndə, deyirsən bəs, bir ayrı dadda kişmişdir. Ordubadın Bist kəndində yaşı 40-dan çox olan, ucalığı 4 metrə çatan motmotuya da rast gəlmişəm. Pöhrə qələmləri və yan kökləri ilə vegetativ üsulla artırılır. Meyvələrinin mürəbbə və kompotu çox ətirlidir. Əgər moruq, böyürtkən, qara və qırmızı qarağat meyvələri yetişəndən sonra dözüm göstərə bilmirsə, budaqlarda quruyursa, mot­motu meyvələri şaxtadan da qorxmur. Avqustdan fevral-mart aylarınadək budaqlarda göz oxşayır.

Meyvələrinin tərkibində 14 faizədək şəkərlər, 2 faizədək sərbəst turşular (alma, limon, kəhrəba turşuları), C vitamini, pektin maddələri, efir birləşmələri, fosfor, dəmir, mis, kalium, maqnezium, natrium vardır. Respublikamızda motmotudan mürəbbə, jele, püre, kompot, hətta marmelad hazırlanır. Rütubət sevən, torpağa az tələbkar olan bu bitki tirimli-daşlı dərə boyu vadilərdə bitdiyi üçün bəzən  “daşdələn” də adlandırılır. Köklərinin zirinc kökü ilə qarışıq dəmləməsi öd kisəsi, böyrək daşlarını asanlıqla əzir. Əkilən pöhrələr 3-4 ildən sonra artıq formalaşan kollara çevrilir. Kök sistemi 40 santimetrdən artıq dərinə getmir, yanlara yayılır. Odur ki, motmotu bitkisinin kök ətrafına üzvi çürüntülərin verilməsi məhsulu xeyli artırır.
Dünya təcrübəsinə görə, bütün meyvə bitkilərinə azot, fosfor, kalium gübrələri verilir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, Naxçıvan torpağının bütün növdə olan tumlu, çəyirdəkli giləmeyvələri torpağın öz təbii gücü və müstəsna hallarda yanmış, çürümüş üzvi gübrə ilə qidalandığı üçün bu meyvələrin təbii dad-tamı ilə rəqabətə girəcək meyvələrə rast gəlməmişəm. Motmotu kollarını üzvi gübrələrlə qidalandırmaq daha məsləhətdir. Suyu bol olduqda meyvələri də iri olur.
Yerə yatan ardıc. Payızın son günlərində armud, alma, nar bitkilərində tək-tük meyvə gördükdə sevinirik. Çoxlarımızın xəbəri yoxdur ki, Naxçıvan torpağındakı meşə və kolluqlarda, tirimli daşlarda ardıcın yerə yatan növü bitir. Bu təbiət möcüzəsi bitki qışın oğlan çağında çiçək açır. Təəccüblü olsa da, elə həmin budaqlarda keçən ilin kal yaşıl meyvələri (gilənar dənəsi irilikdə) və inişilin yetkinləşən qonur meyvələri olur. Qafqazın bu nadir töhfəsi budaqlarında eyni vaxtda üç ilin barını – builki və keçənilki kal, həmçinin inişilki yetkin meyvələri saxlayır. Həmin qonur meyvələrdən şirniyyat sənayesində ətirli şokolad, şərab sənayesində likör içki növünün hazır­lanmasında istifadə olunur. Xalq təbabətində isə meyvə və köklərinin dəmləməsi böyrəkdaşı xəstəliklərində istifadə edilir. Tikanlı yarpaqlarının dəmləməsi revmatizmdə sınanmış müalicəvi xüsusiyyətə malikdir.
Qara istiot. Kol bitkisidir. Əsl vətəni Hindistan olsa da, Avropaya da yayılmışdır. Şahbuzda öz həyətyanı sahəmdə qara istiotu bara salmışam. Budaqlarının qurtaracağı üstü qara meyvələrlə dolu süpürgə kimi görünür. Yarpaqları da meyvələri kimi ətirlidir. Kəskin efirə, yandırıcı maddələrə malik olduğundan bu yaydan gələn yayadək budaqlardakı meyvələrə quşlar yaxın düşə bilmir. Qurudulan meyvələri həvəngdəstədə döyülüb ağzıbağlı dəmir qablarda (qaranlıqda) saxlanılır. Qiymətli ədviyyatdır. İştahaartırıcı, həzm prosesinə kömək edən, həm də bakterisid təsirə malik bitkidir. Şahbuz rayonunda qara istiotu külüslü Hacı Müslüm baba haradansa gətirib şəxsi bağında vaxtilə necə bara salmışdırsa, oradan da qonşu Şahbuzkəndə yayılmışdır. Son 5 ildə bara saldığım qara istiotu Şahbuzkənddən olan Sultan müəllim köklü pöhrəsi kimi mənə bağışlamışdı.
Zirinc. Naxçıvan torpağında ağ və qırmızırəngli meyvələri ilə tanınan adi zirinc 2-3 metr hündürlüyündə qol-budaqlı kol bitkisidir. Hətta aran torpaqlarına da uyğunlaşır. Çiçəkləmə dövrü yağıntı çox olmasa, əlverişli şəraitdə salxım-salxım bar gətirir. Sıx yarpaqlaması may ayına təsadüf edir. Ta qədimdən dağ kəndlərində çaşır turşusunun küpələrinə zirinc yarpaqları da qoyarlar. Belə şoraba xüsusi ətrə malik olub, çaşırı elə saxlayır ki, qışın çillələrində süfrəyə gətiriləndə, deyirsən bəs, çaşır təzəcə pörtlədilib, yumşaqdır. Zirincin cavan kökləri böyrəkdaşı xəstəliklərində kara gəlir. Meyvələri isə möcüzədir. Turşusu qan təzyiqinin əlacıdır. Yüksək təzyiqi tezliklə normaya endirir. Budaqlarının qabığı da dərmandır, yarpaqlarının spirtli ekstraktı tibdə daxili qanaxmalarda işlədilir. Nə qədər şaxtalı havalar olsa da, zirinc kolları öz budaqlarındakı qızılı salxımlarla göz oxşayır. Xalq təbabətində zirinc qurusu, solmazçiçəyi, üçyarpaq yonca, nanə yarpağı və keşniş toxumu ilə ödqovucu çay dəmləməsi hazırlanır və öd durğunluğunda çay kimi içilir.
Naxçıvan mətbəxinin küftə və kələm dolması kimi dadlı-tamlı xörəklərini zirincsiz təsəvvür etmək olmaz. Qanazlığı, raxit, sinqa (diş diblərində qanaxma) xəstəliklərində zirincin təzə yarpaqları, yetkin və qurudulmuş meyvələri, şirə və kompotu, mürəbbəsi olduqca faydalıdır. Bəzən elə təbiət qənimləri, nankor brakonyerlər olur ki, xəlvəti olaraq 30-40 ilə formalaşmış zirincin dolu budaqlarını kəsərək meyvələrini evdə arıtlayırlar. Bir müəllimimiz var idi, Cəmil müəllim. Belə nankor, ölçü-biçisi olmayan, ömründə bircə söyüd əkməyən, cəmiyyətdə yeri bilinməyənlər haqqında çox kəsərli demişdir:
–  Adam var doğulmayıb, sadəcə olaraq, törəyib. Belələri yaşamırlar, həyatda mövcud olurlar. Onlar ölmürlər, tələf olurlar. Təbiətin fauna və florasına xəlvəti əl qaldıranların cəzasını təbiət aşkar göstərir. Duyub dərk edə bilsək.
Zirinc barədə onu da demək yerinə düşər ki, respublikamızın Qusar rayonunda bu bitkinin zil-qara meyvəli növü də bitir. Məsələn, Badamlı mineral bulağının yaxınlığındakı dərədə süd kimi ağ, al-qırmızı zirinc meyvələrini görəndə könlümdən keçir ki, kaş qara zirincin pöhrələrindən tapıb gətirə biləm və elə bu rənglərin yanında bara sala biləm. Heç yadımdan çıxmır. 1961-ci ildə yeniyetmə çağında indiki Güney Qışlağın Koladəy massivində kişmiş kimi bir şirin zirinc koluna rast gəlmişdim. Dolu bir çanta şirin zirinci gətirib qonşulara da pay vermişdim. Olduqca sıxlıq olan həmin ərazidə bu günədək axtarsam da, həmin kolu tapa bilmirəm. Qara və şirin zirincin sorağındayam. Sağlıq olsun.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR