03 Yanvar 2025, Cümə

Kənd həyatı ədəbiyyatımızın hər zaman təsvir edilən obyekti olub. Ədəbi əsərlərdə bir çox təsvir vasitələrinin hədəfi olan bu ünvanlar həmişə təmiz havası, gursulu bulaqları, maraqlı təbiət mənzərələri ilə yaddaşımızda qalıb. Buna görə də istənilən kənd yaşayış yerləri haqqında söhbət açarkən bu təsvir vasitələri bir daha düşüncəmizə hakim kəsilir və o yerləri real görmək istəyi baş qaldırır ürəyimizdə. Şair və yazıçıların qələmindən heç zaman əskik olmayan bu mövzu jurnalistikadan da yan keçə bilməyib. Ancaq ədəbiyyatdan fərqli olaraq, jurnalistika kəndə münasibəti bədiiliklə bərabər, reallıq üzərində də qurmağı bacarır. Elə biz də bu reallığa söykənərək muxtar respublikamızın ən ucqar dağ kəndlərindən biri olan Babək rayonunun Yuxarı Buzqov kəndinə yola düşürük...

Yuxarı Buzqov Babək rayon mərkəzindən 45 kilometr şimalda – Dərələyəz silsiləsinin cənub yamacında yerləşən sərhəd kəndlərimizdən biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın digər sərhəd kənd­ləri kimi, Yuxarı Buzqov kəndi də mənfur ermənilərin tez-tez hücumlarına məruz qalmış, lakin kənd düşmən qarşısında məğrur dayanaraq mövcudluğunu qoruyub saxlaya bilmişdir.

Bu kəndin tarixi çox qədimdir. Filologiya elmləri doktoru Adil Bağırova görə, “Buzqov” adının məna açımı haqqında birmənalı fikir söylənilmir. Müxtəlif tarixi dövrləri əks etdirən mənbələrdə bu ad “Bzqov”, “Buzqay” kimi yazılmışdır. Eyni zamanda mənbələrin məlumatına görə, toponimin əsasını “bozqov” komponenti təşkil edir. Alimin fikrincə, bu ad “boz” və peçeneq tayfalarından birinin adı olan “qov” sözlərinin birləşməsindən əmələ gəlib, sonra tədricən fonetik dəyişikliyə uğrayaraq “buzqov” şəklinə düşmüşdür. Ancaq bununla bərabər, “Buzqov” adının qədim midiyalılara aid “bus” qəbiləsinin, oğuzların əsas tirəsi hesab edilən “boz oğ” adına uyğun olduğu da ehtimal edilir.
... Aşağı Buzqov kəndinə qədər uzanan asfalt yolu torpaq yol əvəzləyir. Yamaclarla uzanan yolun digər tərəfi isə dərə yataqları ilə əhatə olunub.
Bir az yol getdikdən sonra üstü qarla örtülü kənd evlərindən bir neçəsi gözümüzə dəyir. İrəlidə rabitə işçiləri ilə qarşılaşırıq, deyəsən, təmir işləri aparırlar. Salamlaşıb yolumuza davam edirik. Nəhayət, bir saatlıq yoldan sonra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında avtomobildən enirik. Bizi gözləyən icra nümayəndəsinin müavini Ağa Əhməd­ovla hal-əhval tuturuq. Bir az ordan-burdan söhbət etdikdən sonra kəndin dünəni, bu günü ilə bağlı vəziyyəti öyrənməyə çalışırıq. Müsahibim: – Allaha şükür, hər şey yaxşıdır, – deyir. – Hər kəs öz işində-gücündədir. Hələ keçmiş zamanlardan bu kəndin insanları heyvandarlıq, arıçılıq və meyvəçiliklə məşğul olublar. Kəndimiz elə ərazidə yerləşir ki, burada əkin yerləri yalnız dəmyə sahələrdən ibarətdir. O da çox məhdud şəkildə. Yalnız həyətyanı sahələrdə sakinlər özləri üçün müxtəlif əkinlər apara bilirlər. Ancaq buna baxmayaraq, kəndimiz arıçılığın inkişafı üçün çox gözəl məkanlardan biridir. Hazırda kənddə 1100 arı ailəsi mövcuddur. Bununla yanaşı, 50 baş iribuynuzlu, 400 başa yaxın xırdabuynuzlu heyvan da saxlanılır.
Müsahibimiz qeyd edir ki, kənddə elə bir ailə yoxdur, arıçılıqla məşğul olmasın. Arıçılıq bu yerlərdə ya­şayanların dədə-baba peşəsi olub. Arıçılardan Nizami Elyazovun və Sevindik Sadiq­ovun hər birinin 40-50 arı ailəsi var. Bu yerlərin balı da yaxşı olur.
Söhbətin bu yerində həmsöhbətimiz bir az aralıdakı həyətin darvazası önündə dayanmış ağsaçlı nurani bir kişini göstərərək, – atamdır, – deyib əlavə etdi: – Bir az bundan əvvəl demişəm, qonağım olacaq, ona görə də bizi gözləyir. Gedək söhbətimizə evdə davam edək, – deyə bildirir.
Yavaş-yavaş həyətə doğru irəliləyirik. Salamlaşıb özümüzü təqdim edirik. “Adım Məhərrəmdir”, – deyə ağsaçlı nurani kişi dillənir və əli ilə evin yolunu göstərir. Birlikdə həyətə keçirik və evə tərəf addımlayırıq. Həyətdə iki ev var. Məhərrəm dayı deyir ki, o ev mənim  (əli ilə qarşı tərəfi göstərir), oturduğumuz bu ev isə qardaşımındır. O zaman tikəndə yanaşı tikmişik. Sovet dövründə ev tikmək çətin olub, xüsusilə bizim kənddə. Birinci ona görə ki, material qıtlığı var idi, birini alırdın, o birini tapa bilmirdin. İndi, şükürlər olsun, hər şey var. İkinci çətinlik ondan ibarət idi ki, kəndin relyefi çox mürəkkəbdir. Evlərin əksəriyyəti yamacda yerləşdiyindən həyətlər mailidir. Bu da hər hansı tikinti materialının daşınmasına çətinliklər yaradır. Ona görə də evləri yanaşı tikdik ki, bir-birimizə daha yaxından kömək edə bilək.
Məhərrəm dayıdan yaşını soruşuruq:
– 81 yaşım var. Sovet dövründə kolxozda işləmişəm, o zaman da arıçılıqla məşğul olmuşam, indi də. Bu yerlərin yaxşı balı olur. O da ondan irəli gəlir ki, burada əkinçilik təsərrüfatı zəif olduğundan arılar ancaq dağ çiçəklərindən nektar toplamağa məcburdurlar. Bu cür çiçəklərdən toplanmış nektar isə bala xüsusi bir dad verir.
Ev sahibəsi Gülxanım Əhmədova tezliklə yaxşı bir çay süfrəsi açır, haqqında bəhs etdiyimiz baldan da ortaya qoyur. Məhərrəm dayıdan “Bu kənd daha nəyi ilə məşhurdur?” – deyə soruşuruq. Müsahibimiz qeyd edir ki, Yuxarı Buzqov kəndi balından savayı, həm də cəvizi, alması ilə məşhurdur:
– Düzdür, kəndimizdə digər meyvə ağacları da var. Ancaq Yuxarı Buzqo­v­un cəvizi və ya alması indi bazarda adla çağırılır. Sanki bunların tamında nə isə ayrı bir dad var.
Təbii ki, kəndin ağır günlərindən də danışırıq. 81 yaşlı nurani kişi məlum hadisələr zamanı ermənilərin kəndi dəfələrlə atəş altında saxlamağından söhbət açır. Əli ilə kəndin şimal hissəsində səngərlərin yerləşdiyi yüksəklikləri göstərərək deyir: – Həmin illər bu ərazilərdə güclü döyüşlər olub. Şəhid olan, yaralanan hərbçi və mülki vətəndaşlarımız olub. Hər gün kənd sakinləri səngərdə növbə ilə keşik çəkiblər. Ancaq daha heç bir nigarançılığımız yoxdur. Çünki indi kəndimizi ordumuzun əsgərləri qoruyurlar. Yeri düşmüşkən qeyd edim ki, əslən Qaraxanbəyli kəndindən olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Mirəsgər Seyidov 1992-ci ildə Yuxarı Buzqov kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bizi gözəl çay süfrəsinə qonaq edən 70 yaşlı Gülxanım nənəni də söhbətə çəkmək istəyirik. Özü deməsə də, Ağa müəllim əmisinin ömür-gün yoldaşının bir zamanlar kənddə yaxşı xalça toxuyanlardan biri olduğu­nu bildirir. Gülxanım Əhmədovanın dediklərindən:
– Xalça toxumağa 15-16 yaşlarından başlamışam. O zamanlar, demək olar ki, kənddə əksər evlərdə xalça, gəbə, palaz toxunardı. Gündüzlər çöl işlərində çalışsaq da, axşamlar hər gün xalça toxuyardıq. Övladlarıma da toxumağı öyrətmişdim. Həmin vaxtlar toyu olacaq qızlara cehiz olaraq xalça vermək adəti vardı. Mən də övladlarımın hamısına belə xalçalar toxuyub vermişəm. Yaxın qohuma və ya ehtiyacı olan birisinə də toxuyardıq. İndi bu xalçaların yerini fabrik istehsalı olan ucuz xalçalar tutub. Əl zəhməti, göz nuru ilə toxunan xalıları heç nə ilə əvəz etmək olmaz. Bunlar həm də insan sağlamlığına verdiyi fayda ilə, keyfiyyəti və uzun­ömürlüyü ilə seçilir. Çox istərdim, elə şərait yaransın ki, bu xalçalar yenə toxunsun, valideynlər övladlarına bunlardan yenə cehiz bağlasınlar.   
Müsahiblərimizlə xeyli söhbət edirik. Kəndin dünənindən bu gününə, bu günündən sabahına uzanan bu maraqlı söhbəti ev sahiblərinə minnətdar­lığımızı bildirməklə sona yetiririk. Kəndə gəlmişkən buradakı orta məktəbə də baş çəkirik. Məktəbin direktoru Abbas Ələkbərovun verdiyi məlumata görə, Yuxarı Buzqov kənd tam orta məktəbi 2001-ci ildə tikilərək istifadəyə verilib. Binada kənd həkim ambu­latoriyası da yerləşir. Hazırda məktəbdə 18 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Məktəbdə 1 elektron lövhəli sinif, 2 kompüter dəsti var. Maraqlı faktlardan biri də odur ki, ötən tədris ilində buraxılış sinfini 1 nəfər bitirmiş və həmin məzun – Allahverdiyeva Nurşən Şəmsi qızı qəbul imtahanlarında 587 bal toplayaraq tələbə adına layiq görülmüşdür. 2013-2014-cü tədris ilində isə buraxılış sinfindən 4 şagird məzun olacaq. Məktəb direktoru bundan əvvəlki illərdə də məzunların yüksək nəticələrlə tələbə adını qazandığını qeyd edir. Biz də, öz növbəmizdə, məktəbin kollektivinə uğurlar arzulayıb oradan ayrılırıq.
Yol boyu Ağa Əhmədovla kənd haqqında söhbətimiz davam edir. Müsahibimiz vurğulayır ki, kənddə hər ev içməli su ilə təmin olunub. İki kilometr aralıda yerləşən Bulaqlarbaşından, Əlişin bulağından, Cəbi bulağından kəndə su xətti çəkilib. Bu il kənddə məhsul da yaxşı olub. Hər həftənin şənbə-bazar günləri kənd sakinləri əldə etdikləri meyvəni, balı, pendiri və digər məhsulları Naxçıvan şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarırlar. Kəndin təbii qaz və elektrik enerjisi ilə təminatında da heç bir problem yoxdur. Rabitə xidməti yüksək səviyyədə təşkil olunub. Kənddəki bütün evlər telefonlaşdırılıb. Qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Kəndin elektrik və rabitə xətlərində cari təmir işləri aparılıb, qaz borularına baxış keçirilib, sayğacların işlək vəziyyətdə olmasına diqqət artırılıb. Bir sözlə, qışın sərt keçəcəyi heç kimi qorxutmur.
Artıq bayaqdan bəri bizi müşayiət edən Ağa müəllimlə də sağollaşmaq vaxtı gəlib çatır. Həmsöhbətimizə bir daha minnətdarlıq edib kənddən ayrılırıq.

Bəli, ədəbi əsərlərdə bir çox təsvir vasitələri ilə təsvir və tərənnüm edilən kənd mövzusu  həmişə təmiz havası, gursulu bulaqları, maraqlı təbiət mənzərələri ilə xatırlanır. Yuxarı Buzqov kəndi isə bu mövzunu zənginləşdirərək  həm də məğrur görünüşü, zəhmətkeş, qonaqpərvər, yurduna bağlı insanları ilə yaddaşımıza yazıldı. Salamat qal, dağ kəndi. Sənin haqqında hələ çox yazılacaq... Həm də gözəl təsvirlərlə...

Səbuhi HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR