Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müvafiq tapşırıqlar verilib. Qarşıya qoyulan vəzifələrdən biri də xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstək göstərilməsidir. Bununla bağlı komitə əməkdaşları Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ilə birgə Şahbuz rayonunun Badamlı qəsəbəsində yaşayan Zeyniyevlər ailəsində olmuşlar. Aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara məişət əşyaları və ərzaq payı verilmişdir. Ailə üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün bildirək ki, adıçəkilən müşavirədən ötən müddət ərzində muxtar respublikada yaşayan 22 tənha ahıl, əlil qadına və 83 aztəminatlı ailəyə baş çəkilmiş, onların ehtiyaclarının ödənilməsinə köməkliklər göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti