Naxçıvan şəhərinin “Təbriz” küçəsi 1 ünvanında “Nar Mobile” Mobil Telefon Şirkətinin yeni satış və xidmət mərkəzi yaradılıb. Dekabrın 4-də yeni mərkəzin açılışı olub. Açılış zamanı sözügedən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin, Satış şöbəsinin baş direktoru Leyla Nəsrullayevanın, Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılovun çıxışları olub. Çıxışlarda ölkəmizdə, eləcə də muxtar respublikamızda mobil telefon şirkətlərinə yaradılan imkanlardan danışılıb, bu imkanların şirkətlərin müştərilərə göstərdiyi servis xidmətlərinə də böyük təsir göstərdiyindən söhbət açılıb.
“Nar Mobile”ın Satış şöbəsinin baş direktoru Leyla Nəsrullayeva təmsil etdiyi mobil operatorun satış mərkəzlərində servis xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında danışaraq qeyd edib ki, müştəri məmnuniyyətinin təmin olunmasına, xidmət səviyyəsinə, eləcə də rahat və əlçatan yerlərdə belə mərkəzlərin açılmasına xüsusi diqqət yetirilir. “Nar Mobile” təkcə paytaxtda deyil, bölgələrdə də öz müştərilərinə diqqət ayırır. Bu gün Naxçıvan şəhərində 3, Ordubad və Culfa rayonlarının hər birində 1 eksklüziv diler mərkəzi vardır. Ümumilikdə, muxtar respublikada 13 diler mərkəzi fəaliyyət göstərir. Müştəri tələbatı nəzərə alınaraq gələcəkdə bu mərkəzlərin sayının artırılması nəzərdə tutulur. Naxçıvan şəhərində fəaliyyətə başlayan yeni satış və xidmət mərkəzi ən müasir standartlar səviyyəsində müştərilərinə xidmət göstərəcəkdir.
Xəbərlər şöbəsi