İnsanın cəmiyyətdəki şüurlu fəaliyyətinin əsas məzmunu əməklə məşğul olmaq, özünə və başqalarına faydalı olan maddi nemətlər istehsal etməkdir. İnsanın tələbatları genişlənib əməyin də dəyərinin artması ilə yaranan münasibətlər arasında sığorta da öz əhəmiyyətini artırmaqdadır. İstehsalın təhlükəsizliyinin artırılması, əmək qabiliyyətinin qorunması tədbirləri ilə yanaşı, sığorta da iş zamanı baş verə biləcək bədbəxt hadisələr nəticəsində insanların həyatına, eləcə də sağlamlığına və deməli, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Belə bir sığortanın icbari xarakterdə tətbiqi isə cəmiyyətdə hamının qəbul etdiyi digər icbari qayda-qanunlar kimi ictimai zərurətdən irəli gəlib, son nəticədə, insanın sosial müdafiəsinə xidmət edir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın mahiyyəti haqda oxucularımıza məlumat vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik. Müsahibimiz agentliyin baş mütəxəssisi Ülviyyə Xəlilovadır:
– Ülviyyə xanım, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın mahiyyəti nədir və hansı qanunla tənzimlənir?
– Bir insan üçün həyatda ən qiymətli sərvət onun həyatı və cansağlığıdır. Dövlətimiz üçün də hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması ən mühüm vəzifələrdəndir. İstehsalatda çalışan insanların sağlamlığının qorunması üçün lazım olan hər cür tədbirlər görülsə də, bir çox fəaliyyət növlərində yaranan riskli hallar zamanı bəzən qaçılması mümkün olmayan hadisələrlə üzbəüz qalırıq. Buna görə də istehsalatda baş verən müxtəlif bədbəxt hadisələr, habelə peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı, əslində, vacib bir sosial tələbat kimi də qiymətləndirmək lazımdır.
Ölkəmizdə bu cür sığortalanma 11 may 2010-cu il tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Bu qanuna əsasən aparılan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu ödənişlər iş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatına kömək edir.
– Kimlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmalıdırlar?
– İcbari sığortanın bu növü haqqında mövcud qanun sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirir. Qanuna əsasən, işəgötürən hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında çalışanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər istehsalatda bədbəxt hadisələrdən, peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bundan əlavə, həmin qanuna görə istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.
– Bəs hansı hadisələrə görə sığorta ödənişi verilir?
– İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi dedikdə xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları nəzərdə tutulur. Bağlanmış müqaviləyə əsasən, belə hallar baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə onun məruz qaldığı maddi itkilərin ödənilməsi məqsədilə sığorta məbləği ödənilir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı sığortaçı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığorta ödənişindən imtina hüququna malikdir.
– Adıçəkilən qanuna əsasən, kimlərin sığorta ödənişi almaq hüququ vardır?
– Bu qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi və ölüm ilə əlaqədar sığortaolunana və yaxud faydalanan şəxslərə sığorta ödənişi almaq imkanı verir. Belə faydalanan şəxslər isə istehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digər faydalanan insanlardır.
– Sığorta haqları kimlər tərəfindən ödənilir və hansı qaydada hesablanır?
– İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq, müəyyən olunmuş peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Onu qeyd edim ki, hər bir işçinin iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən, peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsidir. İşəgötürən bu vəzifələri yerinə yetirməklə öz işçilərinin sosial müdafiəsini də tam təmin etmiş olur. Bu sığortanın aparılması göstərilən hallarda əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maraq və mənafelərinin müdafiəsinə xidmət edir.
Müsahibə üçün sağ olun!
Əli CABBAROV